Bakı Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Müasir filologiya: problemlər, çağırışlar və hədəflər” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda AMEA Rəyasət Heyəti aparatının əməkdaşı, Folklor İnstitutunun dissertantı İlahə Əsgərova “Müasir nəzəri metodoloji çağırışlar kontekstində folklorun regional öyrənilməsi (Qarabağ əfsanə və rəvayətləri əsasında)” mövzusunda məruzə ilə çıxış etmişdir.
İlahə Əsgərova çıxışı zamanı Qarabağ folklorunun Azərbaycan xalqının tarixi yaddaşını və mədəni kimliyini əks etdirən mühüm mənbələrdən biri olduğunu vurğulamışdır. Tədqiqatçı qeyd etmişdir ki, Qarabağ folkloru zəngin məzmunu və çoxqatlı semantikası ilə seçilir və bu irs müasir folklorşünaslıq yanaşmaları əsasında daha sistemli şəkildə öyrənilməlidir. Eyni zamanda, Qarabağ folklorunun yalnız regional deyil, ümummilli əhəmiyyətə malik mədəni irs kimi qiymətləndirilməsini diqqətə çatdıran tədqiqatçı sonda vurğulanmışdır ki, Qarabağ folklorunun tədqiqi folklorşünaslığın mühüm istiqamətlərindən biri olaraq aktuallığını qoruyur və bu sahədə aparılan araşdırmalar milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.