AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AR Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova, AR Mədəniyyət Nazirliyinin əməkdaşları, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları, direktor müavinləri, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, şöbə müdirləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə bölmələrin 2024-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə yubileyləri münasibətilə akademik Fuad Əliyevə və akademik Yusif Məmmədova AMEA-nın Fəxri fərmanları təqdim olunub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün iclasda İctimai Elmlər Bölməsinin və Gəncə Bölməsinin 2024-cü il üzrə illik hesabatları dinləniləcək və tədbir çərçivəsində təşkil olunmuş sərgi hər iki bölmənin yüksək inkişaf səviyyəsində olduğunu göstərir.
Son illərdə Akademiyada aparılan elmi tədqiqatların fundamental monoqrafik əsərlərlə müşayiət olunduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətdə araşdırmaların əhatə dairəsinin daha da genişləndirilməsinə ehtiyac yarandığını bildirib. Diqqətə çatdırıb ki, AMEA-da alimlərimizin milli düşüncəsinin, təfəkkürünün məhsulu olan Nizamiyə, Nəsimiyə, Füzuliyə həsr olunmuş kollektiv monoqrafiyalar ərsəyə gətirilib, lakin Atabəy Şəmsəddin, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli tarixi şəxsiyyətlərimiz hələ də tərcümə materialları əsasında öyrənilir. AMEA prezidenti bildirib ki, 2024-cü ildə Akademiyada ədəbi-tarixi şəxsiyyətlərin yenidən öyrənilməsi konsepsiyası istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə ilkin nəticələr əldə olunub. Vurğulayıb ki, bu gün Azərbaycanın tarixində böyük xidmətləri olan görkəmli şəxsiyyətlərin öyrənilməsi ictimai və humanitar elmlərin qarşısında mühüm vəzifə kimi dayanır. Qeyd edib ki, Azərbaycan aliminin azərbaycançılıq düşüncəsi ilə ərsəyə gətirdiyi əsərlər yeni nəsillərin milli vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayacaq və bu, Akademiyanın, Azərbaycan elminin, alimlərinin mənəvi borcudur.
Tədbirdə AR Dövlət Turizm Agentliyinin və AR Mədəniyyət Nazirliyinin nümayəndələrinin də iştirak etdiyini deyən akademik İsa Həbibbəyli “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun da bugünkü tədbirdə böyük sərgi ilə təmsil olunduğunu diqqətə çatdırıb.
Akademiyanın arxeoloji turizm istiqamətində AR Mədəniyyət Nazirliyi və AR Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, Agentliyin ölkəmizdə aparılan arxeoloji qazıntılara dəstək verdiyini deyən AMEA rəhbəri əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Azərbaycanın maddi-mədəniyyət nümunələrinin dünyada təbliğində mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edib ki, xüsusilə mətbəx mədəniyyəti ilə bağlı əməkdaşlıq əlaqələrinin, tədqiqatların genişləndirilməsinə ehtiyac yaranıb. Bildirib ki, bu gün Ermənistan xalqımızın mətbəx mədəniyyəti ilə bağlı bir sıra məqamları UNESCO-ya öz mədəniyyətləri kimi təqdim edir və bunun qarşısının alınmasında Azərbaycan elminin də üzərinə vəzifələr düşür. AMEA prezidenti ölkəmiz üçün belə bir strateji məsələdə Akademiyanın Tarix və Etnologiya, Folklor, Arxeologiya və Antropologiya, Memarlıq və İncəsənət institutlarının əməkdaşlarının AR Mədəniyyət Nazirliyi və AR Dövlət Turizm Agentliyi ilə birgə əməkdaşlıq etməyə hazır olduğunu bildirib və yaxın günlərdə bunun üçün zəruri addımların atılacağını söyləyib.
Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyətə malik olan numizmatika və epiqrafika sahələrinə xüsusi diqqət yetirilməsinin, gənc kadrların hazırlanmasının və bu sahədə doktorantlara zəruri dəstək göstərilməsinin önəminə toxunub. Bildirib ki, bu gün gənc kadrlar hazırlanarkən ilk növbədə müstəqil Azərbaycan dövlətinin tələbatı nəzərə alınmalıdır.
AMEA rəhbəri çıxışının sonunda, həmçinin Akademiyada elektron elmin inkişafı istiqamətində atılan addımlara da toxunub. 2025-ci ildə Akademiyanın bütün jurnallarının elektron bazasının hazırlanması prosesinin başa çatdırılacağını və elmi nəşrlərin Scopus və Web of Science bazası səviyyəsinə qaldırılmasının başlıca hədəflərdən olduğunu söyləyib.
Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova isə çıxışında AMEA ilə Agentliyin uzun illərdir əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, bu gün dünyada elmi turizm olduqca məşhurdur və ölkəmizdə bu sahənin inkişafı üçün Agentlik tərəfindən əməli addımlar atılır. Azadə Hüseynova bu istiqamətdə, eləcə də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan mətbəx mədəniyyətinin, Qafqaz Albaniyasının və türk dünyası irsinin öyrənilməsi və təbliğinə dair AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
Daha sonra iclasda AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Diqqətə çatdırıb ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının sərəncamlarının icrasına istiqamətlənib.
Akademik qeyd edib ki, 2024-cü ildə İEB-in elmi müəssisələrində 33 problemə aid 88 mövzuya dair 505 tədqiqat işi, 98 mərhələ aparılıb, 18 mövzu, 364 iş, 43 mərhələ tamamlanıb. Hesabat ilində elmi tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən araşdırılan 35-dan çox elmi iş Qarabağa, Şuşaya, Qərbi Azərbaycana, Qafqaz Albaniyasına həsr olunub.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2024-cü ildə bölmə üzrə 1525 əsər nəşr olunub. Bunlardan 36-sı kitab (3-ü xaricdə), 54-ü monoqrafiya (7-si xaricdə) 1101-i məqalə (266-sı xaricdə), 334-ü tezis (106-sı xaricdə), 9-u dərslik və dərs vəsaitidir. Bölmə üzrə 46 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 1275 istinad edilib.
Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 2610 əsər çap olunub. Bunlardan 62-si kitab (5-i xaricdə), 49-u monoqrafiya (8-i xaricdə) 192-si dərslik və dərs vəsaiti, 1176-sı məqalə (545-i xaricdə), 464-ü tezis (213-ü xaricdə) olmuş, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 452 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 2202 istinad qeydə alınıb.
Akademik Gövhər Baxşəliyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dövlət başçısının Sərəncamın icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 1 beynəlxalq, 2 respublika səviyyəli elmi konfrans, 3 elmi seminar, 6 dəyirmi masanın keçirildiyini, 2 kitabın işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, bu çərçivədə “Yaşıl dünya naminə həmrəylik – COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi”, “Prezident İlham Əliyevin Dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu”, “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” və s. mövzuda konfranslar, dəyirmi masalar, həmçinin kitab təqdimatları keçirilib.
Məruzəçi, həmçinin dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamları, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası, eləcə də Qərbi Azərbaycanın, Qafqaz Albaniyasının və İraq türkmanlarının tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində görülmüş işləri diqqətə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
AMEA-nın Gəncə Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı isə Bölmənin sədri akademik Fuad Əliyev təqdim edib.
Akademik Fuad Əliyev qeyd edib ki, hesabat ilində bölmənin müəssisələrində “İşğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf proqramı, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya nəminə həmrəylik ili” elan edilməsi haqqında”, “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması” ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin Sərəncamı, Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağının qərarları, Gəncə şəhər İcra Hakimiyyətinin sərəncam və tapşırıqları əsasında tədqiqatlar aparılıb.
AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 13 problemi əhatə edən 20 mövzu, 22 iş, 13 mərhələ üzrə tədqiqatlar aparılıb, 2 mövzu, 20 iş və 13 mərhələ tamamlanıb, 3 mühüm nəticə alınıb. Bölmənin əhatə etdiyi Elm və Təhsil Nazirliyinin elmi müəssisələrində isə 2024-cü ilin iş planına əsasən, 10 problemi əhatə edən 11 mövzu, 15 iş, 34 mərhələ üzrə tədqiqatlar aparılıb, 13 iş və 34 mərhələ tamamlanıb, 9 mühüm nəticə alınıb.
Akademik Fuad Əliyev Gəncə Bölməsində və əhatə etdiyi müəssisələrdə “Nizami Gəncəvi yaradıcılığı Amerika tədqiqatlarında”, “Nizami Gəncəvi irsinin Azərbaycan Respublikasında və İran Azərbaycanında tədqiqi, tərcüməsi və nəşrində fərqli və oxşar araşdırıcılıq texnologiyaları”, “Nizami Gəncəvinin dini görüşləri”, “Qərb regionu folklorunun toplanılması və tədqiqi”, “Orta əsrlərdə Qarabağda yaşayıb-yaratmış mütəfəkkirlər”, “Gəncə tarixinin öyrənilməsində arxeoloji tədqiqatların tarixi”, “Gəncə xanlığının Gürcüstanla münasibətləri”, “Müxtəlif təyinatlı işlənmiş sürtkü yağlarının yenidən bərpasının tədqiqi”, “Qərb bölgəsinin boyaq bitkiləri arealının, biomüxtəlifliyin öyrənilməsi və emalı”, “Qərb regionunun və Qarabağın su, torpaq və hava ehtiyatlarının ekoloji tədqiqi”, “Qərb bölgəsində nadir və məhv olma təhlükəsinə məruz qalan növlərin tərkibi və yayılma qanunauyğunluqlarının müəyyənləşdirilməsi” və s. mövzularda tədqiqatlar aparılaraq mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
Bölmə rəhbəri qeyd edib ki, hesabat dövründə Bölmədə “Mehriban xanım Əliyeva Humanizm və xeyriyyəçiliyin hamisi” adlı monoqrafiya, “Akademik Həmid Araslı xatirələrdə”, Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların bərpası və tarixi-etnoqrafik tədqiqatını əhatə edən “Qərbi Azərbaycanın şirin inciləri” adlı kitab ərsəyə gətirilib, eləcə də Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti ilə imzalanmış müqavilə nəticəsində bölmənin Nizami Gəncəvi Mərkəzinin nəzdində Əlişir Nəvai Mərkəzi yaradılıb.
Akademik Fuad Əliyev həmçinin Gəncə Bölməsinin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları diqqətə çatdırıb.
Hesabatlar üzrə aparılan müzakirələrdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın müşaviri akademik Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev çıxış edərək bölmələr üzrə əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli İctimai Elmlər Bölməsinin və Gəncə Bölməsinin 2024-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb, gələcəkdə aparılacaq tədqiqatlarda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Çıxışlardan sonra İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Məsimova qərar layihəsini oxuyub.
Həmçinin Gəncə Bölməsinin illik hesabatı üzrə qərar səsləndirilib.
Rəyasət Heyətinin iclasında AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılması məqsədə müvafiq hesab edilməyib və fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib. İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.