AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Gəncə Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı bölmənin sədri akademik Fuad Əliyev təqdim edib.
Akademik Fuad Əliyev qeyd edib ki, hesabat ilində bölmənin müəssisələrində “İşğaldan azad edilmiş ərazilərin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün İnkişaf proqramı, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya nəminə həmrəylik ili” elan edilməsi haqqında”, “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması” ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin Sərəncamı, Nazirlər Kabinetinin, AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağının qərarları, Gəncə şəhər İcra Hakimiyyətinin sərəncam və tapşırıqları əsasında tədqiqatlar aparılıb.
AMEA-nın Gəncə Bölməsinin elmi müəssisələrində Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş plana əsasən 13 problemi əhatə edən 20 mövzu, 22 iş, 13 mərhələ üzrə tədqiqatlar aparılıb, 2 mövzu, 20 iş və 13 mərhələ tamamlanıb, 3 mühüm nəticə alınıb. Bölmənin əhatə etdiyi Elm və Təhsil Nazirliyinin elmi müəssisələrində isə 2024-cü ilin iş planına əsasən, 10 problemi əhatə edən 11 mövzu, 15 iş, 34 mərhələ üzrə tədqiqatlar aparılıb, 13 iş və 34 mərhələ tamamlanıb, 9 mühüm nəticə alınıb.
Akademik Fuad Əliyev Gəncə Bölməsində və əhatə etdiyi müəssisələrdə “Nizami Gəncəvi yaradıcılığı Amerika tədqiqatlarında”, “Nizami Gəncəvi irsinin Azərbaycan Respublikasında və İran Azərbaycanında tədqiqi, tərcüməsi və nəşrində fərqli və oxşar araşdırıcılıq texnologiyaları”, “Nizami Gəncəvinin dini görüşləri”, “Qərb regionu folklorunun toplanılması və tədqiqi”, “Orta əsrlərdə Qarabağda yaşayıb-yaratmış mütəfəkkirlər”, “Gəncə tarixinin öyrənilməsində arxeoloji tədqiqatların tarixi”, “Gəncə xanlığının Gürcüstanla münasibətləri”, “Müxtəlif təyinatlı işlənmiş sürtkü yağlarının yenidən bərpasının tədqiqi”, “Qərb bölgəsinin boyaq bitkiləri arealının, biomüxtəlifliyin öyrənilməsi və emalı”, “Qərb regionunun və Qarabağın su, torpaq və hava ehtiyatlarının ekoloji tədqiqi”, “Qərb bölgəsində nadir və məhv olma təhlükəsinə məruz qalan növlərin tərkibi və yayılma qanunauyğunluqlarının müəyyənləşdirilməsi” və s. mövzularda tədqiqatlar aparılaraq mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.
Bölmə rəhbəri qeyd edib ki, hesabat dövründə Bölmədə “Mehriban xanım Əliyeva Humanizm və xeyriyyəçiliyin hamisi” adlı monoqrafiya, “Akademik Həmid Araslı xatirələrdə”, Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilən ənənəvi şirniyyatların bərpası və tarixi-etnoqrafik tədqiqatını əhatə edən “Qərbi Azərbaycanın şirin inciləri” adlı kitab ərsəyə gətirilib, eləcə də Daşkənd Özbək Dili və Ədəbiyyatı Universiteti ilə imzalanmış müqavilə nəticəsində bölmənin Nizami Gəncəvi Mərkəzinin nəzdində Əlişir Nəvai Mərkəzi yaradılıb.
Akademik Fuad Əliyev həmçinin Gəncə Bölməsinin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Gəncə Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.