Doktor Cavad Heyətin anadan olmasinin 100 və "Varlıq" dərgisinin 45 illiyinə həsr edilir
(Əvvəli ötən sayımızda)
Dərginin sonrakı yazısı "Əncümən-e Azərbaycan"nın 1980-ci ilin yanvarında (5 bəhmən 1380 şəmsi) elan etdiyi Bəyannaməsindən ibarətdir. Fars dilində olan bu Bəyannamənin qısa məzmununa nəzər salanda bu sənədin yaranmış yeni tarixi-siyasi şəraiti və yeni çağırışları bariz şəkildə əks etdirdiyi diqqəti cəlb edir. Qeyd edilir ki, bugünkü şəraitdə İranda köklü ictimai inqilabla bizim mübariz insanlar sarsılmaz iman və dərin etiqadla zülm və istibdad rejiminə qarşı mübarizə yoluna çıxdılar, cihad edərək, fədakarlıq, heyrətamiz qəhrəmanlıq göstərərək və qurbanlar verərək qantökən gülləbaranlar qarşısında durdular. Gərək hər kəs öz milli vəzifəsini müdafiə hərəkatı ilə sıx həmkarlıq və həmyolçuluq edə, fərdi və ictimai hüquq azadlığını müdafiə edə, istiqlal və İranın ərazi bütövlüyünün qorunmasında iştirak edə ("Varlıq", ilk sayı, s. 5). Qeyd olunur ki, biz azərbaycanlılar bu vəzifəni İranın azadixah və mübariz insanları ilə birgə tək bu gün, ya dünən, ya keçən il, ya inişil deyil, bir əsr əvvəldən milli səngərlərdə və müqavimətin dayaq məntəqələrində can və ürəklə, saf niyyətlə yerinə yetirmiş, ən çətin məqamlarda öndə getmiş, bu gün də həmin milli vəzifəni İranın azadlığı naminə davam etdiririk.
Burada "Əncümən-e Azərbaycan"nın fəaliyyət tarixinə qısa nəzər salınır. Qeyd edilir ki, istibdada qarşı tərəqqipərvər azərbaycanlıların mübarizəsi XIX əsrdə Nəsirəddin şah zamanı, tütün qadağası zamanı ingilis şirkətinə qarşı başladı (Təbrizdə 1891-ci ildə başlanan məşhur tənbəki hərəkatı E.M.), 1898-ci ildə (qəməri 1316) yeni məktəbin və qəzetin açılması ilə, sonrakı illərdə isə Təbrizdə "Əncümən-e Melli", "Mərkəz-e qeybi", Tehranda isə "Məcmə-e Azadixahan" təşkilatlarının qurulması ilə genişləndi. Bu da İranın mübariz xalqının səyi ilə 5 avqust 1906-cı il tarixində (qəməri 14 cəmadisani 1324-cü il) Məşrutə fərmanının verilməsi ilə nəticələndi, beləliklə, Qanuni-əsasının təməli qoyuldu. Bu prosesdə Azərbaycan xalqının milli və dini rəhbərlərinin, sadə xalqın əhəmiyyətli rolu vurğulanır. Bu mübarizələrdə Azərbaycanın əyalət və vilayətlərinin Əncümənlərinin, Milli inqilab komitələrinin ("Komite-ye enğelab-e melli") və Tehranda "Əncümən-e Azərbaycan"ın digər təşkilatlarla yanaşı ölkədə baş verən proseslərdə fəal iştirakı qeyd edilir. Yada salınır ki, Məhəmməd Əli Şah Tehranda Məclisi (Parlamenti ) topa tutduranda İranın milli mübarizə tarixinə azərbaycanlılar əbədi əfsanəvi qəhrəmanlıqla töhfə verdilər, bu, Azərbaycan Əncüməninin mübarizəsinin zirvə nöqtəsi idi. Bəyannamədə deyilir: "Azərbaycan Əncüməninin üzvləri Tehranın Baharıstan meydanında digər mübarizlərlə birlikdə elə bir qorxmazlıq, cəsurluq, igidliklə silahlı mübarizəyə qalxaraq Məclisi müdafiə etdilər ki, indi də bu igidlik dastanı dillərdə və tarixçilərin əsərlərindədir".
Bəyannamədə "Əncümən-e Azərbaycan"ın bütün Məşrutə hərəkatı dövründə (1906-1911) hüquq və azadlığın fədakar müdafiəçisi olduğu xatırladılır. Səttar Xan Sərdari Millinin rəhbərliyi ilə Azərbaycan fədailərinin, azadlıq mübarizlərinin xidmətləri qeyd edilir. Azərbaycanın vətənpərvər ruhanisi Siqqətül-islamdan və onun kimi canından keçən Vətən oğullarından söz açılır. 2-ci dövrə Məclisə seçilən Azərbaycan nümayəndələrinin (İkinci çağırış İran Parlamentinə seçilən deputatlar Şeyx Məhəmməd Xiyabani başda olmaqla İranı asılı vəziyyətə salan Rusiya ultimatumuna qarşı (1911m. - 1329 h.q) şiddətli etirazı və bununla əlaqədar kütləvi ictimai hərəkat başlatdığı, Şeyx Əbdülhüseyn məscidində, Səbzə Meydanda geniş xalq kütlələri qarşısında çıxışları ilə ölkədə xarici təsirə qarşı müqavimət hərəkatı oyatdığı yada salınır.
"Varlıq" dərgisinin ilk sayında "Əncüməne-Azərbaycan"ın (Azərbaycan Cəmiyyəti) 9 fərvərdin 1357-ci il tarixli (1978-ci il 29 mart) farsca Elamiyəsinin (Bildirişinin) mətni verilir. İlk cümlədə deyilir: "Əncüməne-Azərbaycan" bütün İran xalqlarının əsas azadlıq və demokratik hüquqlarının qətiyyətli müdafiəçisidir. Azərbaycan xalqı təkcə özü üçün və bütün ölkədəki həmdilliləri üçün deyil, İranın bütün xalqları üçün fərhəngi - mədəni azadlıq istəyir. Azərilər, farslar, kürdlər, ərəblər, lorlar, qaşqaylar, belucar, türkmənlər gərək bütün hüquqlara birlikdə malik olsunlar. Vurğulanır ki, İran Cümhuriyyəti gərək tarixi istibdad və sitəmin aradan qaldırılmasının başlanğıc nöqtəsi olsun.
Burada qeyd olunur ki, İran buradakı bütün xalqların vətənidir... Bildirilir ki, "Əncüməne-Azərbaycan" istismarçılara qarşı mübarizədə bundan sonra da demokratik hərəkatın önündə gedəcək... Ümidvardır ki, hökumət rəhbərləri öz ümumi siyasətində demokratiya yolunu və üsulunu seçəcək, inqilabı davam etdirəcək, cümhuriyyəti İranın bütün xalqlarının arzu və istəklərini nəzərə almaqla təsis edəcəklər (s.9).
"Əncüməne-Azərbaycan"ın 1358-ci il ordibehiştin 10-da (30 aprel 1979) Azərbaycan xalqının və İranın digər xalqlarının qövmi (etnik) və mədəni hüquqlarının təmin və təzmin (zəmanət verilməsi) edilməsi haqqında 9 saylı farsca Elamiyəsində (Bildirişində) deyilirdi ki, əvvəlki bəyaniyyələrdə olduğu kimi, inqilabın qələbəsindən sonra ölkədə yaranmış bu həssas dönəmdə, İranın vahidliyini, istiqlal və ərazi bütövlüyünü dəstəkləyir, hər cür bölücülüyə qarşı çıxır, Azərbaycan xalqının və İranın digər xalqlarının qövmi və fərhəngi hüquqlarının təmin edilməsini Qanuni Əsasidə (Konstitusiyada) təsbit edilməsini istəyir. Bunun üçün aşağıdakı məsələlərin həll edilməsi irəli sürülür:
1. Ümumdünya İnsan Haqları Bəyannaməsinin, digər beynəlxalq sənədlərin müəyyən etdiyi insan haqları və demokratik azadlıqlar çərçivəsində qövmi və mədəni muxtariyatın təmin edilməsi;
2. Şahlıq rejiminin Azərbaycan xalqına və digər xalqlara qarşı yeritdiyi milli zülm, sitəm, işgəncə, bu xalqların tarix və mədəniyyətini təhqir və aşağılamaq, təhrif etmək siyasətləri məhkum edilsin, siyasi məhbusların, surğunlülərin, edam edilənlərin bəraəti və haqları təmin edilsin;
3. Azərbaycanın milli dili və mədəniyyəti, ana dili olaraq azəri türkcəsində təhsil, 1358-ci ildə (1979) və qarşıdakı illərdə dərs kitablarının hazırlanması təmin edilsin;
4. Təbriz Universitetində və digər universitetlərdə, Azərbaycanın elmi və mədəni mərkəzlərində Azərbaycanın dil, mədəniyyət, incəsənət, ədəbiyyat, folklorunun tədqiqi üçün əməli imkanlar və fəaliyyətlər təmin edilsin;
5. Azərbaycandakı bütün informasiya vasitələrinin proqramlarında azəri türkcəsinin işlədilməsi, həmçinin mərkəzdə və bütün sair bölgələrdə sakin olan azərbaycanlılar üçün bu dildə münasib ümumiran şəbəkələrində proqramlar, verilişlər hazırlansın, türkdilli vətəndaşların yaşadıqları məntəqələrdə iki dildə tədris təmin edilsin;
6. İnsanların fikri, hünəri (bədii-estetik) imkanlarının həyata keçirilməsi və yönləndirilməsinə yol açmaq, ədəbi və bədii-estetik inkişaf üçün, xüsusilə Azərbaycan musiqi və teatrının inkişafı üçün münasib şərait yaradılsın;
7. Azəri türkcəsindən məhkəmə qurumlarında və sair dövlət idarə və müəssisələrində istifadə haqqı təmin edilsin ki, insanlar öz müşkülatlarını və istəklərini öz ana dilində bəyan edə bilsinlər və nəticə hasil etsinlər;
8. İdarəçilik, mədəni, hüquqi, iqtisadi, inzibati işlərdə xalqın seçdiyi şuralar, əncümənlər (cəmiyyətlər) vasitəsilə qanuni nümayəndələrin seçilməsi, azərbaycanlılar arasından, məsul idarəçilərin irəli çəkilməsi üçün azərbaycanlıların sıx yaşadığı ərazilərə muxtariyyat verilməsinin təmin olunması;
9. Mənhus, alçaq, fürsətcil rejim zamanında yaranan maneə və müşkülatları aradan qaldırmaq, Azərbaycanın əkinçiliyini, sənayesini, ticarətini inkişaf edən, özünü təmin edən milli, müstəqil iqtisadiyyata çevirmək.
"Varlıq" dərgisinin haqqında bəhs edilən ilk sayında Tehranın Sənaye Universitetində təşkil olunmuş yığıncaqda səsləndirilmiş fikir və mülahizələr barəsində hazırlanmış (M.Ə.Yaşar tərəfindən) "Azərbaycanda milli sitəm haqqında" azəri türkcəsində xülasə məqalə dərc edilmişdir. Burada qeyd olunur ki, I Dünya müharibəsindən sonra ingilislərin hədəflədiyi "qüdrətli mərkəzləşdirilmiş dövlət" Layihəsi Rusiyanın İrana təsirinin qabağını almaq, İran iqtisadiyyatını Qərb imperializminə bağlamaq, onun təbii sərvətlərini talamaq, bazarını da imperializmin məsrəf bazarına çevirmək məqsədi güdürdü. Belə antimilli və antidemokratik Layihənin başına gətirilən Rza xan, sonra isə oğlunun əsas hədəfi İranın Məşrutə inqilabında əldə edilən hər cür milli və demokratik imkanları aradan qaldırmaq, istibdadçı bir rejim qurmaq idi. Hər cür ictimai-siyasi azadlıqları aradan qaldırmaq, xalqın inqilabi əhval-ruhiyyəsini çəkmə altına salıb sarsıtmaq, söz və düşüncə azadlığını hamının əlindən almaq, İranı mübariz insanların zindanına çevirmək və yeri gəldikcə, milli və qabaqcıl fərhəng yerinə qondarma və uydurma "istemari" - hakim millətçi fərhənglə əvəzləmək və zoraki "referendum" və "Ağ inqilab"... bu Layihənin tərkib hissəsi idi... Bu, İranda yaşayan xalqların milli-mədəni varlığını inkar etmək, onların xislətlərini, adət-ənənələrini məsxərəyə qoymaq və ayaq altına salmaq siyasəti idi... Bu xalqların yaşadığı bölgələri iqtisadi-ictimai cəhətdən geridə qoymaq idi. Bu rejim öz alçaq, savadsız və yaramaz nökərlərini həmin vilayətlərdə hökumət məmuru, deputat təyin etməklə hər cür demokratik addımın qarşısını amansızlıqla alır, xalqının xeyirinə çalışan hər kəsi ayrımçı, dövlət əleyhdarı adlandırıb təqib edirdi... Azərbaycan xalqı da öz doğma dili, yerli xüsusiyyətləri, qövmi (etnik) fərhəng və mədəniyyətindən məhrum edilmişdi.
Qeyd olunurdu ki, Azərbaycan xalqının İranda baş verən azadlıq hərəkatında və orada canlanan inqilabi-demokratik qiyamlar cərəyanında böyük rolu olduğu, bu xalqın Məşrutə inqilabı və ondan sonrakı azadlıq hərəkatlarında "pişqədəm" (öncül) olmaları İran istibdad rejimini burada ikiqat istismar və ziddi-milli siyasət aparmağa sövq etmişdi.
(Ardı var)
Eynulla MƏDƏTLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru