Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək
05.02.2025 10:45
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək

25 aprel 2025-ci il tarixində AMEA-nın Gəncə Bölməsində “Azərbaycan ədəbiyyatı tarixində Gəncə” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.

Tədbirdə ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən hər kəs iştirak edə bilər.

Konfransın istiqamətləri:

XI-XII əsrlər Azərbaycan intibahı və Gəncə ədəbi-mədəni mühiti;

Gəncə intibahına aparan yollar;

Məhsəti dövründə yaşayıb-yaratmış qadın şairlər və “Nüzhətül-məcalis”də adları çəkilən gəncəli şairlər;

Şərq ədəbiyyatında xəmsəçilik ənənələri;

Dünya ədəbiyyatının Nizami mərhələsi;

XIX əsrin I yarısında yaşamış şairlər: Kazım ağa Salik, Əbdürrəhman ağa Şair, Mirzə Şəfi Vazeh;

XIX əsrin ikinci yarısında Gəncədə maarifçiliyin təşəkkülü və inkişafı;

XX əsrdə  və müstəqillik illərində Gəncə ədəbi-mədəni mühiti;

Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri.

Konfransın rəsmi dili: Azərbaycan

Konfrans materiallarının  tərtibatına dair tələblər:

- Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında, A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,15 sm parametrlərinə uyğun olaraq yazılmalıdır;

- Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə), elmi dərəcəsi, elmi adı, işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı və ünvanı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;

- Konfrans materialının (məqalə və ya tezislərin) mətni ən azı 3 səhifə həcmində olmalı,  mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;

- Xülasə 150 sözdən çox olmamalı, açar sözlər minimum 5 söz (Azərbaycan, rus və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir;

- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.

Qeydiyyat forması və məruzələrin tezisləri müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktubla birlikdə elektron formada AMEA Gəncə Bölməsinin e-mail ünvanına (ruziya.zaman.55@bk.ru) göndərilməlidir.

Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

Məqalələrin son göndərilmə tarixi: 14 aprel 2025-ci il

Qəbul bildirişi üçün son tarix: 25 aprel 2025-ci il

Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransın keçiriləcəyi ünvan: AZ 2000, Gəncə şəh., Heydər Əliyev prospekti 419.

Əlaqə nömrəsi: (+994 55) 742 73 37

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: