Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

11 fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür
10.02.2025 12:24
  • A-
  • A
  • A+

11 fevral Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günüdür

BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-i Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü kimi təntənə ilə keçirilir. Bütün dünyada elm, texnologiya, innovasiyalar və gender bərabərliyi məsələlərinə aidiyyəti olan hər kəsin diqqətini çox mühüm problemə cəlb edən əlamətdar gün bu il artıq 10-cu dəfədir ki, qeyd olunur.

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində gender bərabərliyini təşviq edən, qadın və qızları məhz bu istiqamətlərdə karyera qurmağa həvəsləndirən bir gündür. Bu gün BMT-də, UNESCO-da və bütün dünyada keçirilən tədbirlərlə, müxtəlif tribunalardan edilən çıxışlarla, vətəndaş cəmiyyəti nümayəndələrinin və KİV-lərin səfərbər edilməsi ilə qadın və qızların elmdə iştirakına dəstək göstərməyə, bu iştirakı məhdudlaşdıran maneələri və stereotipləri aradan qaldırmağa cəhdlər göstərilir.

UNESCO və BMT-nin xüsusi strukturu tərəfindən nəzarət edilən bayram statuslu bu günün ideyası gender bərabərliyini təbliğ etməklə yanaşı, qadınların elm sahəsində hüquq və imkanlarını genişləndirməkdir.

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün 11 fevrala salınması təsadüfi deyildir, 11 fevral radioaktivlik və nüvə fizikası sahələrində elmə inqilabi töhfələr vermiş görkəmli fizik və kimyaçı, ilk qadın Nobel mükafatı laureatı Mari Kürinin doğum günüdür. Bu böyük alim 2 dəfə – 1903-cü ildə fizika, 1911-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. Bu bir faktdır ki, 2 müxtəlif sahə üzrə mükafatlandırılmış yeganə alim olan Mari Küri hazırda da elmdə qadınlar üçün ilhamverici simvol olaraq qalmaqdadır.

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün əsas məqsədləri bunlardır:

Gender bərabərliyini təşviq etmək: STEM sahələrində gender bərabərliyinə nail olmağın əhəmiyyətini bütün dünyanın diqqətinə çatdırmaq, qadın və qızların elmi təhsil və karyera məsələlərində bərabər fürsətlər əldə etməsini təşviq etmək.

Nailiyyətləri vurğulamaq: Qadın alimlərin elmi tədqiqatlar, texnologiya və innovasiyalar sahəsindəki uğurlarını qeyd edərək, onların müvafiq töhfələrini nümayiş etdirmək.

Gələcək nəsillərə ilham vermək: Gənc qızları və tələbələri STEM sahələrində təhsil və karyera qurmağa həvəsləndirmək, onlara stereotiplərə və qərəzli yanaşmalara qarşı mübarizə ruhu aşılamaq.

İnklüzivliyi təbliğ etmək: Elmi cəmiyyətdə qadınların qərarvermə proseslərində və liderlik rollarında daha çox iştirakının təşviqinə nail olmaq.

Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü müxtəlif üsullarla qeyd olunur:

Konfrans və seminarlar keçirməklə: Hökumətlər, tədqiqat mərkəzləri və  təhsil müəssisələri tez-tez STEM sahələrində qadınların iştirakına həsr olunmuş konfranslar, seminarlar və təlimlər təşkil edirlər. Bu tədbirlər müzakirələr və bilik mübadiləsi üçün platforma yaradır.

Rol modellərinin tanıdılması ilə: STEM sahələrində uğur qazanmış qadınlar və qızlar tanıdılır, onların nailiyyətləri qeyd və təbliğ olunur, bu da gələcəkdə elm yoluna qədəm qoyacaq xanımlar üçün nümunə rolunu oynayır.

STEM üzrə təşviq proqramları vasitəsilə: Bir çox qurumlar gənc qızları STEM mövzuları ilə tanış etmək, praktiki təcrübələrdə iştirakını təmin etmək və tanınmış qadın alimlərlə ünsiyyət yaratmaq məqsədilə təşviq proqramları həyata keçirir.

Sosial media kampaniyaları aparmaqla: Bütün sosial şəbəkələrdə elm sahəsində fəaliyyət göstərən qadınların uğur hekayələri, profilləri və nailiyyətləri geniş və ardıcıl şəkildə paylaşılır.

Qadınların və qızların elmdə rolunun artırılması istiqamətində BMT-nin əhəmiyyətli beynəlxalq layihələrinə ciddi dəstək göstərən bir qurum – “Kral Elmlər Akademiyası Beynəlxalq Etimad Fondu” (RASIT) haqqında qısa bir məlumat vermək istərdim. Mənzil-qərargahı ABŞ-da yerləşən RASIT təhsil, yoxsulluq, səhiyyə, ətraf mühit və davamlı inkişafın digər bu kimi problemlərini həll etmək üçün hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, BMT qurumları, üzv ölkələr, beynəlxalq və regional hökumətlərarası təsisatlarla işləyən qeyri-hökumət təşkilatıdır. RASIT 2030-cu ilə qədər və sonrakı dövr üçün davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə elm, texnologiya və innovasiya sahələrində bərabərliyə, o cümlədən gender bərabərliyinə nail olmaq üçün səylər göstərir.

BMT-nin məlum 2015-ci il qətnaməsinin qəbulundan sonra RASIT tərəfindən dünya üzrə qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrinə cəlb edilməsinə, müvafiq imkanların yaradılmasına irihəcmli vəsait yönəldilmişdir. 10 il ərzində dünya üzrə 238 görkəmli alim qadın məruzəçi kimi cəlb edilmiş, 395 alim və mütəxəssisə felloşip təqaüdü verilmiş, elmə maraq göstərən 3279 gənc qızın tədqiqatları dəstəklənmiş, dünya üzrə 155 mindən çox tədbir keçirilmişdir.

Azərbaycanın qadın və qızların maarifləndirilməsi istiqamətindəki səylərini, eləcə də qadın və qızların elm və təhsil sahəsində aparıcı mövqe tutduğunu nəzərə alaraq, ölkəmiz RASIT tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilmişdir. Bununla bağlı, ölkəmizdə qadın və qızlarda, xüsusilə regionlarda təhsil alanlarda elmi fəaliyyətə maraq aşılanması, elm sahəsində çalışan qadın və qızların müvafiq bilik və bacarıqlarının artırılması üzrə layihələr icra edilir, universitet tələbələri müvafiq qrant və təqaüdlər barədə mütəmadi məlumatlandırılır və qeyd edilən istiqamətlərdə müxtəlif tədbirlər həyata keçirilir.

Yuxarıda qeyd etdiyim kimi, BMT, UNESCO və digər, o cümlədən RASIT kimi qurumlar qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində yüksək təhsil almalarına və elmi fəaliyyətlə məşğul olmalarına xüsusi diqqət yetirirlər.

Elmdə ən son yeniliklərə, 4-cü sənaye inqilabının qarşıya qoyduğu çağırışlara, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində qadın və qızların aparıcı rolunu nəzərə alaraq, 10-cu Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün əsas mövzusu aşağıdakı kimi müəyyən edilmişdir: “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: Elmdə Qadının Səsi”.

Bu əlamətdar gün münasibətilə Nyu-Yorkda, BMT-nin Baş Qərargahında “10-cu Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü” münasibətilə tədbirlər keçirilir. Həmin tədbirlərdə yuxarıda qeyd edilmiş qlobal məqsədlərin həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərdə qadın və qızların misilsiz töhfələrindən danışılır, elm, texnologiya və yaşıl iqtisadi artım arasında qarşılıqlı əlaqə və asılılığa diqqət çəkilir, davamlı, ədalətli və inklüziv sosial-iqtisadi inkişafa nail olmaq üçün gender istiqamətli və insan hüquqlarına əsaslanan yanaşmalardan istifadə edilməsi vurğulanır.

Bütün bəşəriyyət, xüsusən gələcək nəsillər üçün daha yaxşı, daha firavan, təhlükəsiz həyat naminə, resursların ədalətli bölünməsi, hamı üçün əlçatanlığı naminə mücadilə edən qadın alim, texnoloq, mühəndis, təbib və digər sahə mütəxəssislərini, sadə elmi işçidən tutmuş yüksək vəzifəlilərə qədər ən müxtəlif mövqelərdə həlledici rol oynayan tədqiqatçı qadınlarımızı misal göstərə bilərik. Getdikcə daha çox qadın STEM sahələrində, xüsusən də yüksək rəqəmsal texnologiyalar və süni intellektlə bağlı tədqiqat və innovasiya istiqamətlərində fəaliyyət göstərir. Azərbaycanda dövlət tərəfindən aparılan məqsədyönlü elm və gender siyasəti sayəsində bu proses daha təsirli və daha sürətlə gedir.

UNESCO-nun STEM sahələrində qadınların iştirakı ilə bağlı son hesabatına görə, bu gün peşəkar elmi fəaliyyətlə məşğul olan qadınların qlobal orta payı alimlərin ümumi sayının üçdə birini təşkil edir. 4-cü sənaye inqilabını şərtləndirən əksər texniki sahələrdə ixtisaslı kadr çatışmazlığına baxmayaraq, qadınlar hələ də mühəndislik məzunlarının yalnız 28%-ni və kompüter elmləri üzrə təhsil alanların 40%-ni təşkil edirlər. Dünyanın tanınmış universitetlərində bütün qız tələbələrin ən çoxu onda biri STEM fənləri üzrə təhsil alır. Süni intellekt kimi qabaqcıl sahələrdə mütəxəssislərin yalnız 22%-ə qədəri qadındır. Bu vəziyyət bəşəriyyətin ziyalı təbəqəsini ciddi narahat edir. UNESCO-nun hesabatında Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş bölməsi “Ağıllı olmaq üçün rəqəmsal inqilab inklüziv olmalıdır” adlanır.

Dünya üzrə qadınlar filologiya, psixologiya, fəlsəfə, sosiologiya və s. kimi sosial və humanitar elmlərə daha çox maraq göstərirlər: burada onların orta payı təxminən 42% təşkil edir.

Qadınlara adətən kişi həmkarlarından daha kiçik tədqiqat qrantları verilir və ən müxtəlif səbəblərdən qadın alimlərin inkişaf imkanları da xeyli zəifdir. Qadın tədqiqatçılar daha qısa və daha az maaşlı karyeralara sahib olurlar. Onların elmi əsərləri yüksək profilli, impakt faktorlu jurnallarda az dərc olunur.

Statistikaya görə, bu gün dünyada bütün qadın və qızların yalnız 23%-ə yaxını (kişilər üçün 62%-ə qarşı) orta ixtisas və ali təhsil alır. Qadınların təhsilinə əsas maneələr yoxsulluq, ənənəvi sosial problemlər və yetkinlik yaşına çatmamış bağlanan erkən nikahlardır.

BMT-nin və UNESCO-nun müvafiq hesabatlarında Avropa İttifaqı, Şimali Amerika ölkələri, Rusiya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya tam hüquqlu təhsil almaq üçün bərabər gender imkanlarının yaradılmasında ən uğurlu ölkələr kimi göstərilir.

Şərqdə və ümumən müsəlman dünyasında ilk demokratik respublikanın qurulması, gender bərabərliyi ilə bağlı konstitusiya hüquqlarının təsbit olunması, qadınlara ilk dəfə seçmək və seçilmək hüququnun verilməsi ilə fərqlənən Azərbaycan qadın və qızların elmdə, o cümədən STEM sahələrində iştirakı üzrə bir çox göstəricilərə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edilə bilər.

Ulu Öndərin müasirliyi və eyni zamanda milli-mənəvi dəyərlərə söykənməsi ilə fərqlənən gender siyasətinin mühüm tərkib hissəsi də qadın və qızların yüksək təhsilə və elmi fəaliyyətə fəal şəkildə cəlb olunmasının təşviq və təmin edilməsi olmuşdur. Ölkə Prezidentinin yenilikçi və tərəqqipərvər siyasi kursunun əsasında da məhz bu məsələlərin durduğu məlumdur.

Azərbaycanda elmi işçilərin cinsiyyət baxımından payı ilə bağlı statistik məlumatlar dövlət qurumları və ya elmi təşkilatlar tərəfindən müntəzəm olaraq açıqlanır. Məhz düzgün qurulmuş siyasətin ardıcıl həyata keçirilməsi sayəsində respublikamızda elmi işçilərin təxminən 55-60%-i qadınlardan ibarətdir. Bu göstərici elm və təhsil sahəsində qadınların fəal iştirakını və dövlətimizin gender bərabərliyinə verdiyi əhəmiyyəti əks etdirir. Xüsusilə, təbiət elmləri, tibb, mühəndislik və humanitar elmlər sahələrində qadınların iştirakı daha yüksəkdir. Azərbaycan hökuməti və elmi qurumlar qadınların elmdə daha fəal iştirakını təşviq etmək üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir. Ölkəmizdə elm və texnologiyalar üzrə təhsil alanların 40%-i qızlardır, halbuki dünya üzrə bu rəqəm 35%-dən yuxarı deyildir. Dəfələrlə qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının 3 vitse-prezidenti, 3 universitet rektoru, AMEA-nın və AR ETN-nin onlarla elmi müəssisə rəhbəri, tədqiqat institutlarında struktur vahidləri rəhbərlərinin əhəmiyyətli bir hissəsi qadınlardır. STEM sahələrinə maraq göstərən qadınların, xüsusən universitetlərin müvafiq fakültələrində təhsil alan tələbə qızların sayı da ilbəil artır.

Bu gün Azərbaycanın qadın və qızları Ölkə Başçısının siyasi kursunu tam dəstəkləyərək ətrafında sıx birləşməklə müstəqil, demokratik, suveren dövlətimizin elmi, sosial-iqtisadi, hərbi qüdrətinin gücləndirilməsi istiqamətində kişilərlə çiyin-çiyinə çalışır, elm və təhsildə yeni dövrün hədəflərinə doğru əmin addımlarla irəliləyirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirdiyimiz konfrans və seminarlar elmi cəmiyyətdə müxtəlifliyin və inklüzivliyin əhəmiyyətini bir daha diqqətə çatdırmağa xidmət edir. Tədbirlərdə dinlənilən məruzələr, aparılan müzakirələr, mətbuatda, saytlarda dərc edilən yazılar maneələri aradan qaldıraraq gələcək nəsillər üçün yol açan qadın və qızlarımızın bərabər fürsətlərə layiq olduqlarını, STEM sahələrinə əvəzolunmaz töhfələr verdiklərini təkrar-təkrar nümayiş etdirir.

Biz bu cür toplantıları təşkil etməklə elmdə gender bərabərliyinə sadiqliyimizi təsdiqləyirik, eyni zamanda, öz fikirlərimizi gənc nəsillərə çatdırmaq, onları STEM-in sonsuz imkanlarını kəşf etməyə həvəsləndirmək üçün şərait yaradırıq.

Gəlin, elm və innovasiya uğrunda mübarizədə qadınların və qızların səslərinin eşidilməsinə, bacarıq və istedadlarının lazımi şəkildə qiymətləndirilməsinə nail olmağa çalışaq, daha geniş karyera imkanlarının yaradılmasında onları dəstəkləməyə və inkişaflarını gücləndirmək üçün səylər göstərməyə davam edək.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və  Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: