Mədəniyyət kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.
Budəfəki veriliş azərbaycanlı şair, alim, astronom və riyaziyyatçı Əssar Təbriziyə həsr olunub.
Akademik Rafael Hüseynov bildirib ki, XIV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən biri də Şəmsəddin Məhəmməd Əssar Təbrizi olub. Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şerlərində və bütün Yaxın Şərqdə tanınan "Mehr və Müştəri" poemasında irəli sürdüyü hümanist ideyalar və demokratik fikirlər baxımından sələfi Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır. Əssar Təbrizi ruhu etibarilə etirazçı bir şair olub. Zəmanəsi ilə barışmaması, haqsızlıqlara, bərabərsizliklərə dözməyərək səsini qaldırması "Mehr və Müştəri"də də gözə dəyirsə, "Saqinamə"də bariz şəkildə ortadadır.
Diqqətə çatdırılıb ki, VI əsr öncə yaşayıb-yaratmış Əssar Təbrizinin farsca "Divanı” ilə yanaşı, ana dilində çoxlu şeirlərin də müəllifi olub. Dahi mütəfəkkir Əbdürrəhman Cami Əssar Təbrizinin "Mehr və Müştəri"nə yüksək qiymət verib, ədibin bu əsərdə olan yüksək bədiiliyi və lətifliyi məxsusi vurğuladığını bildirib. Qeyd edib ki, söz ustamızın öyrənilişinin təzkirə səviyyəsindən elm müstəvisinə keçməsi 1940-cı illərə təsadüf edir. Həmid Araslının ilk dəfə Əssarı müasir Azərbaycana təqdim etməsindən sonra 1950-ci illərdə "Mehr və Müştəri" digər yorulmaz araşdırıcı və mütərcimimiz Məmmədağa Sultanovun diqqət dairəsinə keçir, bunun da bəhrəsi məsnəvinin ana dilimizə uğurlu tərcüməsi olur.
"Yaxşı təhsil almış Əssar Təbrizi zəmanəsinin çoxşaxəli zəka sahiblərindən olub. Onun risalələri əsrlər keçsə də şeir nəzəriyyəçilərinin masaüstü kitablarına çevrilib", - deyən akademik Rafael Hüseynov ədibin saraylara meyl etmədiyini, öz daxili aləmini daha üstün tutduğunu söyləyib.
Verilişi buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.