Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr edilib
03.02.2025 16:45
  • A-
  • A
  • A+

“Vətənim” verilişi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr edilib

Mədəniyyət kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Budəfəki veriliş Azərbaycanın söz və sənət məbədi olan Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fəaliyyətə başlamasının 80 illiyinə həsr olunub.

Yubiley münasibətilə hazırlanan verilişdə muzeyin keçdiyi zəngin tarixi yolu böyük ustalıqla işıqlandırılıb, onun Azərbaycan mədəniyyəti, ədəbiyyatı və elmi düşüncəsində oynadığı əvəzolunmaz rol qeyd olunub, bu mədəniyyət ocağının tarixi və bugünkü fəaliyyəti dərin məntiqlə və yüksək dəyərləndirmə ilə təqdim edilib.

Bildirilib ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi dünyada qədim zamanlardan bu günə qədər bir xalqın ədəbiyyatının keçdiyi inkişaf yolunu əks etdirən yeganə mədəniyyət ocağıdır. Muzeyin binası XIX əsrin ortalarında birmərtəbəli karvansara kimi inşa edilib. 1860-cı ildə Bakı Quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi əsasında binaya ikinci qat əlavə olunub. 1915-ci ildə mülki mühəndis Aleksandr Nikitinin yeni bir layihəsi əsasında isə tikiliyə bir mərtəbə də əlavə olunaraq, bina üçmərtəbəli “Metropol” mehmanxanasına çevrilib. 1918-ci ilin sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Ədəbiyyat Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. Nazirlər Kabinetinin iclasları muzeyin hazırda “İstiqlal” zalı adlanan tarixi məkanında keçirilib, ölkə həyatını nizamlayan ən vacib qərarlar məhz bu tarixi məkanda qəbul olunub.

Diqqətə çatdırılıb ki, Nizami adına Ədəbiyyat Muzeyinin yarandığı başlanğıcda ilk direktorlardan biri İsmayıl Axundov olub. Onun qardaşı məşhur fotoqraf Cavad Axundovun burada çəkdiyi silsilə şəkillər bizə yadigar qalıb. Həmin şəkillər Azərbaycan tarixinin, Azərbaycan mədəniyyətinin şərəfli bir parçasının keçmişidir. Cavad Axunovun həm də böyük ailəsi olub, fotoqrafın hər oğlu dünyaya gələndə muzeyin ətrafında ağaclar əkib.

Akademik Rafael Hüseynov qeyd edib ki, muzey dahi şair Nizami Gəncəvinin anadan olmasının 1941-ci ilə təsadüf edən 800 illik yubileyindən öncə, 1940-cı illərin əvvəllərində qurulub tamamlansa da, Azərbaycanın da tərkibinə daxil olduğu SSRİ-nin İkinci Dünya müharibəsinə cəlb edilməsi ilə əlaqədar qapılarını tamaşaçı üzünə yalnız 1945-ci ilin mayın 14-də – faşizm üzərində Qələbə çalınandan bir neçə gün sonra açıb.

“80 il əvvəl Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin ev muzeyi kimi yaradıldığıdan burada hər şey dahi Nizami Gəncəviyə uyğunlaşdırılıb. Muzeydə Azərbaycan mədəniyyətinin xəritəyə çevrilmiş ən dərin qatları, Nizaminin müasirləri, ardıcılları, bütövlükdə Azərbaycan ədəbiyyatı təbliğ olunub. Muzeyin rəsmi açılışı zamanı zal dolu olub, başda Nizaminin heykəli, eləcə də bütün Azərbaycan ədəbiyyatını bir yerdə əks etdirən Salam Salamzadə və Sadıq Şərifzadənin çəkdiyi tablo tamaşaçıların diqqətini çəkib”, - deyə o, əlavə edib.

Rafael Hüseynov Azərbaycanın mənəviyyat mənzərəsi olan muzeyin açılışında iştirak edənlərin arasında Hacı Zeynalov, Ağayev və akademik Ziya Bünyadov kimi görkəmli şəxsiyyətlərin olduğunu deyib, onların rəy kitabında yazdıqları sözləri səsləndirib. Həmçinin muzeyin tarixi materiallarla zənginləşməsində Ziya Bünyadovun böyük təşəbbüs göstərdiyini vurğulayıb.

Muzey yaradılmağa başlayan gündən Azərbaycanın ən məşhur rəssamlarının, nəqqaşlarının burada işlədiyini deyən akademik Rafael Hüseynov buradakı naxışların çoxunun məhz Azərbaycanın görkəmli sənətkarı, xalça ustası Lətif Kərimovun yadigarı olduğunu bildirib. Alim Azərbaycan müğənniliyi tarixində məxsusi izi olan Mirzə Babayevin çəkdiyi iki rəsmin də muzeydə qorunub saxlanıldığını söyləyib.

O, muzeyin qurucularından birinin akademik Həmid Araslı olduğunu deyib. Qeyd edib ki, alimin həyatının müəyyən illəri bu qurumla bağlı olub. Həmid Araslı həm Azərbaycan ədəbiyyatının öyrənilməsini və gələcək inkişafının istiqamətlərini müəyyənləşdirib, həm də bunun muzeydə əks olunmasının layihəsini ortaya qoyub.

“Nizami Muzeyindəki tablolar arasında böyük Hüseyn Cavidin surəti var, eləcə də siyasi repressiya dalğalarının apardığı alimlərin tabloları burada sərgilənir. Taleyin qəribə cazibəsi ilə bu muzey qurularkən də Sibir buradan keçib”, - deyə alim bildirib.

Akademik Rafael Hüseynov vurğulayıb ki, 2000-ci ildə bu mədəniyyət ocağının tarixində yeni mərhələ başlanıb, Azərbaycan dövlətinin qayğısı ilə Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub.

Diqqətə çatdırılıb ki, fəaliyyətdə olduğu müddətdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təqdimi və təbliğində müstəsna rol oynamış bu söz və sənət məbədi həm də respublikanın başlıca elmi mərkəzlərindən sayılır.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: