Martın 11-də AMEA-nın Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin V kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Universitetin tələbələri ilə bərabər, Filologiya fakültəsinin dekanı fil.ü.f.d., dos. Günel Paşayeva və Dil və ədəbiyyat kafedrasının müəllimi, təcrübə rəhbəri fil.ü.f.d. Günay İmaməliyeva iştirak ediblər.
Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev Sumqayıt Dövlət Universitetinin müəllim və tələbələrini salamlayaraq institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat və toplama sahəsində görülən işlər, əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. O qeyd edib ki, müasir dövrdə dünyada bütün elm sahələrində olduğu kimi, folklorşünaslıqda da yeni baxışlar meydana gəlməkdədir. Biz folkloru yeni elmi-nəzəri baxışlar kontekstində öyrənməyi hədəfləyirik. Hazırda Folklor İnstitutunda bir tərəfdən ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin tələblərinə, digər tərəfdən isə dünyada meydana gələn qabaqcıl elmi istiqamətlərə uyğun araşdırmalar həyata keçirilir.
Alim gələcəkdə Folklor İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında folklorşünaslıq istiqamətində əməkdaşlığın genişləndirilməsinin, birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə çıxış edən Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı dos. Günel Paşayeva tələbələrin səmərəli və keyfiyyətli folklor elmi-tədqiqat təcrübəsi keçmələri üçün yaradılan şəraitə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra təcrübəçi tələbələrin təhkim olunduğu Klassik folklor şöbəsinin müdiri fil.ü.f.d., dos. Rza Xəlilov və həmin şöbənin elmi işçisi fil.ü.f.d., dos. Nail Qurbanov çıxış edərək bildiriblər ki, tələbələr üç ay müddətində sözügedən şöbədə təcrübə keçərək elmi və praktiki biliklərini artıracaqlar. Qeyd olunub ki, təcrübə dövründə tələbələrə elmi-tədqiqat prosesində yaxından iştirak və araşdırma vərdişlərinin mənimsədilməsi nəzərdə tutulur. Folklorla bağlı tələbələrə tədris prosesində deyilməyən məsələlərə bu elmi-tədqiqat təcrübəsində aydınlıq gətiriləcək.
Sonda təcrübəçi tələbələr adından Valeh Məmmədəliyev və Şəbnəm İsmiyeva çıxış edərək Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçdikləri üçün məmnunluqlarını ifadə edib, yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Görüş zamanı tələbələri maraqlandıran mövzular, o cümlədən folklorun toplanılması, akademik prinsiplər əsasında araşdırılması məsələləri müzakirə olunub, suallar cavablandırılıb, xatirə şəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.