Türkiyənin İstanbul Mədəniyyət Universitetinin Ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümünün dosenti, doktor Neşe İşık Kadıoğlu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Neşe İşık Kadıoğlu muzey əməkdaşı Gülnar Əqiqin müşaiyəti ilə Ədəbiyyat Muzeyinin ekspozisiyasını gəzərək Qədim və Müasir Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olub. Qonaq türk xalqlarının çox zəngin folklor və mədəniyyətə malik olduğunu vurğulayaraq muzeydə bu zənginliyin parlaq şəkildə nümayiş etdirildiyini bildirib. Muzey ekspozisiyasında Azərbaycan ədəbiyyatının formalaşması prosesində mifoloji düşüncə və folklor ənənələrinin əhəmiyyətini əks etdirən, türk xalqlarının ortaq ədəbi abidələrinə həsr olunmuş guşələrin xronoloji ardıcıllıqla sərgilənməsi qonağın diqqətini cəlb edib.
Ədəbiyyat Muzeyini ziyarət etməkdən böyük zövq alan Neşe İşık Kadıoğlu Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində ortaq ədəbi abidələrin mühüm rol oynadığını qeyd edərək, öz təəssüratlarını muzeyin rəy kitabında bölüşüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.