Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin Məhsəti Gəncəviyə həsr olunan buraxılışı yayımlanıb
18.02.2025 14:18
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin Məhsəti Gəncəviyə həsr olunan buraxılışı yayımlanıb

Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən veriliş XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, poeziyamızda qadının fikir və mənəvi azadlığının ən ardıcıl mübarizlərindən olmuş rübai ustası Məhsəti Gəncəviyə həsr olunub.

Verilişdə akademik Rafael Hüseynov ilk azərbaycanlı şair qadınlardan olan Məhsəti Gəncəvinin Azərbaycan poetik fikrindəki bənzərsiz yerindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən, zəngin yaradıcılıq axtarışlarından, mühiti, sələfləri, müasirləri və xələflərindən bəhs edib. Bildirib ki, bütün Yaxın və Orta Şərqdə rübai ustadı kimi tanınan Məhsəti Gəncəvinin ədəbi irsi ayrıca əlyazma kitabı şəklində günümüzə gəlib çatmamışdır. Bununla belə, ayrı-ayrı qaynaqlarda Məhsətinin ayrıca əlyazma divanının olması haqqında qeydlərə rast gəlirik. Şairənin günümüzə qədər gəlib çatan rübailəri həm ayrı-ayrı ədəbi təzkirələrdə, həm də çoxsaylı əlyazma toplularında - cünglərdə özünə yer alıb.

"Yaxın Şərqdə bir-birindən az zaman fərqi ilə iki böyük rübai ustası - İran şairi Ömər Xəyyam və azərbaycanlı Məhsəti Gəncəvi yetişmişdir", - deyən akademik Rafael Hüseynov Məhsəti Gəncəvinin rübai janrında Ömər Xəyyam məktəbinin nümayəndəsi hesab edildiyindən bəzi mövzularda hər ikisinin oxşar yanaşmalarına rast gəlindiyini bildirib. Qeyd edib ki, rübai janrında böyük zirvələri fəth etmiş Xəyyam və Məhsəti hər ikisi eyni əsrin adamları olmuş, onların ucaldığı rübai yüksəkliyini sonralar fəth etmək haradasa mümkünsüz olmuşdur. Məhsəti Gəncəvi Ömər Xəyyam ilə yanaşı öz rübai məktəbini yaratmış, dünya lirik şeir dəftərinə öz imzasını qoymuşdur. XIX yüzildə Ömər Xəyyam və Məhsəti Gəncəvi Avropanı, bütövlükdə o çağki mədəni dünyanı fəth etmişlər.

Diqqətə çatdırılıb ki, VIII əsrdən etibarən fasiləsiz olaraq rübailər yaranmışdır. Məhsətinin qüdrəti isə ondan ibarətdir ki, bu görkəmli poeziya ustası Nizami Gəncəvi olan mühitin içərəsində tanınmış, özünü təsdiq etmiş, nəinki Azərbaycanda, hətta Yaxın Orta Şərqin digər ölkələrində də şöhrət qazanmışdır. Nizaminin böyük müasiri olan bu görkəmli şairənin adı Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında çəkilir.

Akademik Rafael Hüseynov qeyd edib ki, Məhsəti Gəncəvi təqribən 1099-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Bəzi tədqiqatçılar belə bir sənətkarın ümumiyyətlə bu dünyada yaşamadığı, bir xəyal məhsulu olduğu qənaətinə gəlmişlər. Məhsətinin kişi olduğunu iddia edənlər də olmuşdur. Belə bir fikir ayrılığının əsas səbəbi Məhsəti haqqında orta əsr Şərq mənbələrinin kifayət qədər olmamasından, olanlarının da bir sıra məsələlərlə ziddiyyətli, bir-birini inkar edən məlumatlar verməsindən ibarətdir.

Onun sözlərinə görə, Məhsətinin tarixi şəxsiyyət olması şübhəsizdir. Bunu bir çox orta əsr şair və alimlərinin müxtəlif qeydləri təsdiq edir. Məhsəti Gəncəvinin tarixi şəxsiyyət olduğunu Fəridəddin Əttar, Şəmsəddin Məhəmməd ben Qeys Razi, Həmdullah Qəzvini və başqa şairlər təsdiq edirlər. Həmçinin Həmid Araslı böyük Azərbaycan şairi Məhsəti Gəncəvi barədə sanballı araşdırmalar aparmış, Azərbaycan şairi Cəmaləddin Xəlil Şirvani isə görkəmli şairə haqqında toplu tərtib etmişdir.

"Nizami Gəncəvi ilə Məhsəti Gəncəvinin taleyində bir nöqtədə çox bənzərlik var. Orta əsrlərdə şairlər şöhrətlənmək, tarixdə qalmaq üçün saraylara bağlı olub, bəzən sərt münasibətlə də qarşılaşıblar. Nizami və Məhsəti isə saraylara getməmiş, saray özü onları axtarmış, dəvət etmiş və sifarişlər vermişdir. Məhsəti Gəncəvi görkəmli qadın musiqiçisi olmaqla yanaşı, həm də güclü şahmat ustası kimi ad çıxarmışdır. Uzun ömür yaşamış şairə ən ixtiyar çağlarında belə göz qabağında olmuşdur. Məhsəti Gəncəvi XII yüzildə bizdən ayrılaraq getsə də onun sözü yenə bizimlədir, yenə Azərbaycan insanıyladır və bundan sonra keçəcək zamanlar içərisində də yenə insanlarla olacaq", - deyə o, əlavə edib.

Məhsəti Gəncəvinin həyat yoldaşı Tacəddin Əmir Əhmədin də böyük şair olduğunu söyləyən akademik Rafael Hüseynov onun Gəncə Xətibinin oğlu olduğunu bildirib. Qeyd edib ki, Tacəddin Əmir Əhmədin divanı əlimizə gəlib çatmamışdır.

Vurğulanıb ki, Məhsəti Gəncəvi Azərbaycanın ilk qadın şairlər məclisinin yaradıcısı kimi də tarixə düşmüşdür. Məhsəti simaca gözəl olmuşdur. Onun solmaz rübailərində şairənin gözəl camalı canlanır. Rübailərində həyat eşqi, dünyəvilik, ilahi eşq ideyaları yaşayır.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: