1-6 fevral 2016-cı il tarixlərdə Tokio Universiteti və Universitetin Muzey Departamentinin professoru, Qədim Ön Asiya arxeologiyası üzrə dünya şöhrətli mütəxəssis, doktor Yoşihiro Nişiaki və Tokio Qədim Şərq Muzeyinin mütəxəssisi Kazuya Şimoqama Bakıda elmi ezamiyyətdə olublar. Yaponiyalı alimlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda, institutun Elmi Ekspozisiya Muzeyində və Arxeoloji Fondunda azərbaycanlı həmkarları ilə görüşlər keçiriblər. Görüşlər çərçivəsində, ən qədim dövrlərə aid olan bir sıra mühüm arxeoloji tapıntılara baxış keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Xatırladaq ki, 2009-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tokio Universiteti və Universitetin Muzey Departamenti ilə müştərək elmi tədqiqatların aparılması ilə bağlı əməkdaşlıq memorandumu imzalamışdır. Nəticədə, 7 il ərzində Tovuz bölgəsində e.ə. VI minilliyə aid olan Göytəpə neolit yaşayış məskəni əsaslı şəkildə öyrənilmişdir. Bundan əlavə, Göytəpə arxeoloji kompleksinin yaxınlığında aşkar edilmiş və e.ə. VII minilliyin sonlarına aid Hacıələmxanlı qədim yaşayış yeri tədqiq edilmişdir. Qeyd edək ki, hər iki abidənin tarixi ilə bağlı əldə olunmuş mühüm elmi məlumatlar dünyanın mötəbər elmi jurnallarında öz əksini tapmışdır.
Cari ilin may ayında Tokio Universiteti və Universitetin Muzey Departamentində Göytəpə neolit yaşayış məskənində aparılan arxeoloji qazıntılara həsr olunmuş sərginin təşkili nəzərdə tutulub. Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Yaponiya arxeoloqlarının Tovuz bölgəsində 7 il ərzində apardığı arxeoloji tədqiqatların son nəticələri ilə bağlı elmi seminar keçiriləcək. Tokio Universitetinin təşkilatçılığı və Yaponiya (Qərbi Asiya üzrə) Arxeologiya Cəmiyyətinin dəstəyi ilə keçiriləcək seminarda AMEA Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri Fərhad Quliyev "Göytəpə neolit kəndinin oturaq həyat tərzli erkən əkinçi tayfaları" mövzusunda məruzə ilə çıxışedəcək.
2016-cı ildən etibarən isə Azərbaycan və Yaponiya arxeoloqlarının müştərək tədqiqatlarının yeni istiqamətlər üzrə davam edəcəyi planlaşdırılır. Belə ki, cari ildə Qazax rayonu ərazisindəki Aveydağ və ətraf ərazilərdə yerləşən paleolit dövrünə aid abidələrdə ilk insanın məskunlaşma tarixini müəyyən etmək üçün əsaslı arxeoloji tədqiqatlara başlanılması nəzərdə tutulub. Azərbaycan tərəfindən Mənsur Mənsurov və Azad Zeynalov kimi mütəxəssislərin iştirakı ilə göstərilən ərazidə aparılacaq tədqiqatların əsas obyekti – Orta və Yuxarı Paleolit, Mezolit və Neolit dövrlərinin bütün mərhələlərini özündə cəmləşdirən və nadir abidələr sırasında olan Damcılı mağarasıdır.
Tədqiqatlar AR Mədəniyyət və Turizm Nazirliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Tokio Universitetinin birgə əməkdaşlığı sayəsində həyata keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.