Şəki Dövlət Regional Kollecin Meşə və park təsərrüfatı fakültəsinin III kurs tələbələri AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsində elmi-texnoloji təcrübə keçirlər.
Genofond bağı ilə tanışlıqdan sonra tələbələrin Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsinin rəhbəri aqrar elmlər üzrə fəlsəfə doktoru Mübariz Paşayevlə görüşü təşkil edilib.
Mübariz Paşayev onları tinglik təsərrüfatının təşkili, aqrotexniki işlərin aparılması qaydaları barədə məlumatlandırıb, həmçinin tələbələrə Şəki-Zaqatala bölgəsinin dağ-meşə qurşağında bitki biomüxtəlifliyi, biomüxtəlifliyin qorunması və artırılması üçün zəruri tədbirlər, eləcə də meşələrin qorunması və bərpası işlərinin aparılması istiqamətində məsləhətlərini verib.
Daha sonra Şəki REM-in əməkdaşı Yusif Rəhimov tələbələrə antropogen meşə əkinçiliyi haqqında danışıb, bu zaman meşə ilə bərabər ərazinin heyvanat aləminin də zənginləşdiyini qeyd edib.
O, həmçinin şimal-qərb bölgəsində turizm potensialının inkişaf etdirilməsi, ekoturizmin əsas mahiyyəti kimi əhəmiyyətli mövzular ətrafında tələbələrlə müzakirələr aparıb. Bildirib ki, ekoturizmin əsas məqsədi təbiətin məqsədyönlü şəkildə qorunmasını təmin etməkdir və ekoloji təmiz mühit, saf su, təmiz havadan istifadə edə bilməyin yolu ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran ekoturizmdən keçir.
Qeyd edək ki, tələbələrin təcrübə müddəti bir ay davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.