Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Xocalı faciəsi yaddaşlarda
26.02.2025 17:38
  • A-
  • A
  • A+

Xocalı faciəsi yaddaşlarda

Azərbaycanın əzəli və tarixi ərazisi olan Qarabağ bölgəsini qəsb etmək məqsədilə ermənilər azərbaycanlılara silahlı təcavüz edərək dinc əhaliyə qarşı amansız cinayətlər törətmişlər. Miqyasına və ağırlıq dərəcəsinə görə bu cinayətlərin ən dəhşətlisi Xocalı soyqırımıdır. Bu soyqırım yalnız bizim xalqımıza qarşı deyil, ümumən bütün insanlığa qarşı yönəlmiş  cinayət əməli idi.

Xocalı faciəsi erməni şovinistlərinin Cənubi Qafqazda azərbaycanlılara qarşı həyata keçirdikləri qəsbkarlıq və etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olmuşdur. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.

Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyev 1995-ci il 25 fevral tarixində “Təzə pir” məscidində Xocalı soyqırımı haqqında çıxışında bildirmişdir: "Xocalı faciəsi    iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidi. Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırım aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir.

Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir.  Hətta biz ilin hər ayına  xronoloji ardıcıllıqla baxsaq demək olar ki, əksər aylarda mənfur düşmənlərimizin  azərbaycanlılara qarşı törətdikləri cinayətləri, işğalçılıq siyasətini görürük. 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, 31 mart  soyqırımı, aprel döyüşləri, may ayında Şuşanın, Laçının işğalı və s. bu kimi qanlı tarixi səhifələrimiz  var.  Həmin illərdə  doğulan uşaqlar elə bu hadisələrin içərisində böyüyblər... Mən 20 yanvar hadisənin canlı şahidi olmuşam, 1990-cı ildə heç məktəbə getmirdim, amma baş verən hadisələr, güllə səsləri, qışqırıqlar  sanki dünən olmuş bir hadisə kimi hafizəmdə yaşayır. 20 yanvar hadisəsindən sonra 1992-ci ildə günahsız insanlara qarşı törədilən Xocalı soyqırımı ən ağrılı, ən yaralı yerimizdi.  Xocalı şəhərində törədilmiş  soyqırım  baxamayaraq ki, BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi  ilə qəbul edilmiş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəlirdi, ancaq təəssüflər olsun ki,  dünya Xocalı soyqırımını tanımaq istəmirdi.

Azərbaycan Respublikası Milli Məclisinin  1994-cü il 24  fevral tarixli qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyeva  tərəfindən 2008-ci ildə irəli sürülən “Xocalıya ədalət!” kampaniyasının məramı  bu faciəni soyqırımı kimi tanıtmaq idi.

Xocalı soyqırımına dünya miqyasında lazımi siyasi-hüquqi qiymət verilməsi gələcəkdə belə cinayətlərə şərait yarada biləcək məsələlərin aradan qaldırmağa köməklik  göstərilməsi üçün vacib məsələ idi.

Atalarımız yaxşı deyib haqq nazilər, üzülməz. Haqq nazildi, amma üzülmədi. Bugün fəxrlə deyə bilərik ki, Qarabağa azadlıq, Xocalıya ədalət şüarı öz təsdiqini tapdı.  İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində Zəngilan rayonunun  Ağalı kəndinə əhalinin köçürülməsi, Bilik günündə   tam orta məktəbin yeni binasında 29 ildən sonra ilk dəfə zəng çalınması, Şuşa şəhərində 1 nömrəli tam orta məktəbdə şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil alması və  hər gün onların səs-küylə məktəbə getmələri, Xocalının Ballıca kəndinə köç karvanın yerləşməsi, Xankəndi şəhərində yerləşən Qarabağ Univeristetində 1000 dən artıq tələbənin  təhsil alması  – bütöv, müstəqil və yenilməyən Azərbaycandan xəbər verir. Mən qürür duyuram ki, mənim  qızım  da Qarabağ Universitetinin “SABAH” qruplarında təhsil alan tələbələrindən biridir.Bizim seçimimiz Qarabağ Universiteti oldu. Qarabağ Universitetinin tələbəblərinin tarix və coğrafiya kitablarından tanıdıqları Şuşanı, Laçını, Xocalını bugun əyani ziyarət etdikcə doğma torpaqlarımıza daha bağlanırlar.

44 günlük Vətən müharibəsində  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, şəhid oğullarımızın canı bahasına, şəhid qardaşlarımızın qanı bahasına, qazilərimizin, veteranlarımızın şücaəti və xalqımızın birliyinin  hesabına qələbə qazandıq. Düşünürəm ki,   iki əsrlik tariximizdə qazanılan qələbənimizi milli yaddaşa köçürülməsi üçün, bütöv Azərbaycanımızı qorumaq naminə böyüməkdə olan  nəsillərə   Xocalı soyqrımını, 31 mart soyqırımını, antiterror əməliyyatı və s. tarixi hadisələr haqqında məlumat verməklə  onları vətənpərvər ruhda böyüdərək canlarına, qanlarına hopdurmalıyıq.

Yaşasın Müstəqil və Suveren Azərbaycan!

Aytən ƏLİYEVA, AMEA-nın Mərkəzi Elmi Kitabxananın Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: