Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycanın siyasi mühacirlərinin I Türkoloji Qurultaya münasibəti
01.05.2026 10:23
  • A-
  • A
  • A+

Azərbaycanın siyasi mühacirlərinin I Türkoloji Qurultaya münasibəti

XIX əsrin sonlarında ərəb əlifbasında islahatlar aparan və bu islahatları cəmiyyətə, o cümlədən Osmanlı dövlətinə təklif edən Mirzə Fətəli Axundzadə ciddi etirazlarla qarşılaşmışdı. Üzərindən bir çox tarixi hadisə və vaxt keçməsinə baxmayaraq, XX əsrin əvvəllərində latın qrafikasına keçid məsələsi yenə də dindarlar və siyasi mühacirlər tərəfindən eyni etirazla qarşılanırdı. Ərəb qrafikasını dəstəkləyənlərin ən tutarlı arqumenti yeni əlifbanın Azərbaycanı digər türk-müsəlman ölkələrindən qoparmaq təhlükəsinə dair fikirlər idi. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, “latın hürufatını qəbul edib-etməmək məsələsi üçün Azərbaycan Cümhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul edilərsə, İslam millətlərindən ayrılmış qalar”. Bu arqumenti Cümhuriyyətin işğalından sonra Türkiyədə yaşayan M.Ə.Rəsulzadənin silahdaşları da təkrarlayırdı.

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun AzərTac-a təqdim etdiyi “Azərbaycanın latın qrafikasına keçid prosesi” məqaləsində yer alıb. Məqalədə qeyd olunub ki, Mirzə Bala Məmmədzadə Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsinin və Türk dünyası ilə əlaqələrini tərk etməsinin Azərbaycan türklərinin milli varlığına böyük zərbə olacağına inanırdı. M.Ə.Rəsulzadə onun “Odlu Yurd” jurnalında çap etdirdiyi “Yeni türk əlifbası və bolşevik mətbuatı” adlı məqaləsindəki fikirlərə şərik idi: “...Azərbaycanın təkbaşına ərəb əlifbasından latın sisteminə keçməsi və bütün Türk dünyası ilə tərki-əlaqə etməsi Azərbaycan türklərinin milli varlığına böyük bir zərbə olardı”.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycan nəinki Türk dünyasından qopmur, əksinə, onlara daha da yaxınlaşırdı. Burada “Türk dünyası” deyərkən M.Ə.Rəsulzadə və onun silahdaşlarının əsasən Türkiyəni nəzərdə tutduqları məlum idi.

Mühacirət dövründə M.Ə.Rəsulzadə “Yeni Qafqaziya”, “Azəri türk”, “Odlu yurd”, “Bildiriş” adlı dərgi və məcmuələrdə Azərbaycanda latın əlifbasının tətbiqi ilə bağlı silsilə məqalələr çap etdirirdi. O, “Zarya Vostoka” qəzetində rus dilində məqalə yazaraq latın qrafikalı əlifbaya keçidin dilə heç bir zərərinin olmayacağını bildirən Bəhram Bəhramova cavab olaraq “Azərbaycanda latın əlifbası” adlı məqaləsində müəllifi “bolşevik alim’”, “çocuq” adlandırır və yazırdı: “Əfəndim, Azərbaycan latın hərfiylə yazıb-oxumağa başlarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, elə də Bakıda nəşr ediləcək əsərləri Anadolu oxuyamaz”.

Səmədağa Ağamalıoğlu 1927-ci ildə “Elmdən və tarixdən” kitabında yazırdı: “Yeni əlifba barəsində müsavatçılarla ingilisin sözü bir gəlir. Doğru, hər kəsin ayrı niyyəti, məqsədi var, amma iş burasındadır ki, ikisi də bir sinifdirlər, ikisinə də bir qaranlıq sərfəlidir”.

Türkiyədə latın qrafikasına keçiddən sonra mühacirlər bu dəfə yeni əlifba prosesini dəstəklədilər. Hətta Müsavat firqəsi bütün üzvlərin latın qrafikasını öyrənməsinin vacibliyi ilə bağlı qərar verdi. Mirzə Bala Məmmədzadə yazırdı ki, artıq bolşevik təbliğatına məruz qalan Azərbaycan gəncləri Türkiyədə çıxan nəşrləri də əldə edib oxuya biləcək və bununla həqiqətlərdən agah olacaqlar.

Qeyd etmək lazımdır ki, Məmməd Əmin Rəsulzadənin latın qrafikası ilə bağlı ilk yazısı (“Müsəlman Şərqində inqilabın mədəni vəzifəsi”) Moskvada çap olunub.

Ardı var...

  • Paylaş: