Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Şəfqətli ömrün kamillik dünyası
28.04.2026 09:30
  • A-
  • A
  • A+

Şəfqətli ömrün kamillik dünyası

Müstəqil Azərbaycan Respublikası son illərdə öz tarixinin ən möhtəşəm dövrlərindən birini yaşamaqdadır. Ölkəmiz Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirərək, regional güc və lider dövlət statusunu əldə etmişdir. Xalqımızın maraqlarını yüksək səviyyədə qoruyan dövlət başçımızın, Silahlı Qüvvələrimizin və diplomatiyamızın gücündən artıq bütün dünya xəbərdardır.

Respublikamızın tarixində silinməz iz buraxan böyük uğurların əldə olunmasında, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin banisi, ömrünü xalqının rifahına, müstəqilliyinin və milli dövlətçiliyinin möhkəmlənməsinə həsr etmiş ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, müasir Azərbaycanın siyasi və mənəvi simasının formalaşmasında baş rolu oynamış, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək tarixə Müzəffər Ali Baş Komandan kimi düşmüş Prezident İlham Əliyevin xidmətləri danılmazdır.

Azərbaycanın bugünkü səviyyəyə gəlməsində ulu öndərin ömür-gün və əqidə yoldaşı, sədaqətli silahdaşı olmuş, İlham Əliyevin bir şəxsiyyət kimi yetişməsində təsiri hiss olunan qayğıkeş ANA, şəfqətli həkim, böyük alim, gözəl insan, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın da böyük payı vardır.

Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elmi məktəbinin əsasını qoymuş, öz elmi nailiyyətləri ilə insanların dünyanı görmə biçiminə də işıq salan bir irs əmanət etmişdir. Həyatının hər bir səhifəsi mənəvi kamillik və müdriklik məktəbi olan bu böyük insanın həyat yolu və fəaliyyəti elmin, vətəndaşlıq mövqeyinin və insani dəyərlərin vəhdətinin parlaq nümunəsidir. Alimin oftalmologiya sahəsindəki tədqiqatları sanki qaranlıqla işıq arasında körpü salaraq, insan gözünə sadəcə görmə deyil, dərketmə imkanı da bəxş etmişdir. Zərifə Əliyevanın elmi fəaliyyəti nəticəsində minlərlə şəxs yenidən rəngləri seçə, günəşin doğuşunu izləyə, təbiətin incə çalarlarını hiss edə bilmişdir. Görmə qabiliyyəti bərpa olunan insan üçün dünya sanki yenidən yaradılır: hər yarpaq, hər işıq kölgəsi yeni bir möcüzəyə çevrilir.

Yaşıl dünya anlayışı da burada xüsusi yer tutur. Təbiətin yaşıllığı, landşaftın harmoniyası, dağların əzəməti və çayların sakit axını yalnız sağlam gözlərlə tam mənada qavranıla bilər.

Güclü genetik istedada, mərhəmətli, kövrək qəlbə, ən saf milli dəyərlərə və ruha sahib olması ilə fərqlənən Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə qədim Naxçıvanın Şahtaxtı kəndində böyük alim, həkim və ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya göz açmış, intellektual ab-havanın, zəhmətkeşlik və məsuliyyət kimi dəyərlərin hökm sürdüyü bir ailə atmosferində böyümüş və kamilləşmişdir.

Gənc Zərifənin orta məktəbi bitirdiyi 1942-ci ildə ön cəbhədə gedən amansız döyüşlər, çoxalan itkilər və çətinliklər ölkədə ixtisaslı tibbi kadrlara olan ehtiyacı getdikcə daha da artırırdı. Belə bir tarixi məqamda Zərifə Əliyeva atasının yolunu davam etdirməyi seçərək, həyatını insanların sağlamlığının qorunmasına həsr etmək qərarına gəlmişdir.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc həkim peşəkarlıq hazırlığını daha da dərinləşdirmək məqsədilə Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə təhsilini davam etdirmişdir.

Zərifə Əliyeva elmi fəaliyyətə 1949-cu ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda başlamış, tədqiqatlarını həmin dövrdə respublikada geniş yayılmış traxoma xəstəliyi ilə mübarizəyə həsr etmişdir. Onun 1959-cu ildə müdafiə etdiyi namizədlik dissertasiyasında irəli sürülən müalicəvi yanaşmaları sonradan praktiki səhiyyədə tətbiq olunaraq, xəstəliyin yayılmasının qarşısının alınmasında və onun sosial təhlükə mənbəyi kimi aradan qaldırılmasında mühüm rol oynamışdır.

Alimin elmi-pedaqoji fəaliyyəti 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə sıx şəkildə bağlı olmuşdur. Burada 1969-cu ildə onun təşəbbüsü ilə Görmə orqanının peşə patologiyası laboratoriyasının yaradılması Azərbaycan oftalmologiyasında yeni istiqamətin əsasını qoymuşdur. Sonrakı illərdə professor və kafedra müdiri kimi fəaliyyət göstərən Zərifə Əliyeva müasir metodoloji yanaşmaların tətbiqi və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmişdir.

Zərifə Əliyeva 1968-ci ildən etibarən elmi fəaliyyətinin prioritet istiqamətini sənaye mühitində çalışan işçilərdə görmə orqanının peşə patologiyalarının sistemli tədqiqinə yönəltmişdir. Aparılan fundamental və tətbiqi araşdırmaların ümumiləşdirilmiş nəticələri 1976-cı ildə Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmış, alim 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi, 1979-cu ildə isə professor elmi adını almışdır. Onun elmi nailiyyətləri və yüksəkixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələr, məntiqi olaraq, 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə nəticələnmişdir.

Zərifə Əliyeva dünya tibb elminə təxminən 200 elmi əsər, 14 fundamental monoqrafiya və 12 səmərələşdirici təklif bəxş etmiş, bununla yanaşı, ətrafında güclü və davamlı elmi mühit formalaşdırmışdır.

Akademik Zərifə Əliyevanın elmi-tibbi irsi oftalmologiyanın, demək olar ki, bütün aparıcı istiqamətlərini əhatə edən sistemli və fundamental bir platforma təşkil edir. Alimin infeksion və virus oftalmologiyası sahəsində apardığı tədqiqatlar xüsusilə diqqətəlayiqdir. “Herpetik göz xəstəliyi” və “Kəskin virus konyunktivitləri” əsərləri də infeksion mənşəli göz patologiyalarının diferensial diaqnostikası və effektiv müalicə prinsiplərinin işlənib hazırlanmasına mühüm elmi töhfə vermişdir. Göz yaşı yollarının cərrahiyyəsi sahəsində Zərifə Əliyeva fundamental yanaşmalar irəli sürmüş, “Göz yaşı drenajının fiziologiyası” və “Göz yaşı axmasının cərrahi müalicəsinin müasir üsulları” kimi monoqrafiyalarında həmin sahənin nəzəri və praktiki əsaslarını dərindən işləyib hazırlamışdır.

Alimin elmi yaradıcılığında xüsusi yer tutan istiqamətlərdən biri də iridodiaqnostikadır. “İridodiaqnostikanın əsasları” adlı monoqrafiya bu sahədə ilk sistemli elmi əsərlərdən biri kimi diqqəti cəlb edir. Alim qeyd olunan əsərində iridodiaqnostikanı orqanizmin patoloji proseslərini erkən mərhələdə aşkarlamağa imkan verən sistemli bir diaqnostik vasitə kimi təqdim etmişdir.

Zərifə Əliyevanın klinik oftalmologiya və mikrocərrahiyyə sahəsindəki çoxşaxəli tədqiqatları onun elmi irsinin ən geniş və praktik əhəmiyyət kəsb edən hissəsini təşkil edir. “Oftalmologiyanın aktual problemləri”, “Terapevtik oftalmologiya”, “Görmə orqanının vərəmi”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi” və “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” kimi əsərlərində oftalmologiyanın, demək olar ki, bütün əsas problemləri kompleks şəkildə təhlil edilmişdir.

Bu fundamental tədqiqatlar gözün bədxassəli şişlərinin, o cümlədən melanomanın klinik xüsusiyyətlərinin öyrənilməsindən başlayaraq, şəkərli diabet fonunda yaranan oftalmoloji ağırlaşmaların mexanizmlərinin izahına qədər bir çox mürəkkəb məsələlərə elmi aydınlıq gətirmişdir.

Zərifə Əliyevanın düşüncəsində həkim peşəsinin həqiqi dəyəri onun xəstəyə münasibətində, daxili saflığında və mənəvi bütövlüyündə təzahür edir. Bu baxışların sistemli ifadəsi alimin “Yüksək əqidə: (həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)” əsərində öz əksini tapır. Zərifə xanım ən sadə insanların qayğılarına həssaslıqla yanaşmağı, hər bir xəstəyə fərdi və diqqətli münasibət göstərməyi həkimliyin ayrılmaz tələbi kimi qəbul edir və bu prinsiplərə sadiqliyini öz əməli fəaliyyəti ilə daim nümayiş etdirirdi.

Tibb elmində “peşə oftalmologiyası” istiqamətinin banisi kimi tanınan akademik Zərifə Əliyeva görmə orqanının peşə patologiyalarının öyrənilməsi və profilaktikası sahəsində keçmiş SSRİ məkanında fundamental elmi məktəb yaratmışdır. Alimin 1960-1970-ci illərdə apardığı sistemli və genişmiqyaslı tədqiqatlar aşağı intensivlikli zərərli istehsalat amillərinin uzunmüddətli təsiri nəticəsində formalaşan qeyri-spesifik patologiyaların, habelə orqanizmin adaptiv-kompensator reaksiyalarının elmi əsaslarla izahına yönəlmişdir.

 

Akademik Zərifə Əliyevanın elmi dünyagörüşü görmə sağlamlığını ekoloji, sosial və cəmiyyət kontekstində dəyərləndirirdi. O, xüsusilə, şəhər mühitində yaşıl landşaft memarlığının rolunu mühüm amil kimi önə çəkirdi. Alimin möqeyi belə idi ki, yaşıllıq sistemləri – parklar, meşə zolaqları, bulvarlar və funksional “yaşıl dəhlizlər” şəhər strukturunun estetik komponenti olmaqdan daha çox, insan sağlamlığını qoruyan mühüm bioloji və sanitar infrastrukturdur.

Zərifə Əliyeva elmi əsaslarla göstərirdi ki, intensiv yaşıllaşdırılmış mühit görmə orqanına təsir edən zərərli amillərin, o cümlədən toz, aerozol hissəcikləri, kimyəvi buxarlar və həddindən artıq işıq yükü kimi amillərin təsirini əhəmiyyətli dərəcədə zəiflədir. Bitki örtüyü həm filtrasiya, həm də biofiziki tənzimləmə funksiyalarını yerinə yetirərək havanın keyfiyyətini yaxşılaşdırır, oksigen balansını optimallaşdırır və şəhər mühitində vizual komfort yaradır.

Alim sənaye müəssisələrinin ətrafında sanitar-mühafizə zonalarının təşkilini və bu zonaların intensiv yaşıllaşdırılmasını zəruri hesab edərək, şəhərsalma planlaşdırılmasında ekoloji-kompensator mexanizmlərin tətbiqini elmi arqumentlərlə əsaslandırırdı. Onun konsepsiyasında yaşıl landşaft memarlığı təkcə rekreasiya və estetik funksiyalar daşımır, eyni zamanda, profilaktik təbabətin, xüsusilə oftalmoloji sağlamlığın qorunmasının ayrılmaz komponenti kimi çıxış edir. Zərifə xanım ekoloji mədəniyyətin formalaşdırılması və yaşıllaşdırma ideyalarının ictimai şüurda möhkəmlənməsi üçün şəxsi nümunələr göstərmiş, ağacəkmə təşəbbüslərində fəal iştirak etmişdir.

Alimin 1977-ci ildə Bakı Məişət Kondisionerləri zavodunda ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasını yaratması sənaye şəraitində çalışan işçilərin görmə orqanının patologiyalarının kompleks və məqsədyönlü şəkildə öyrənilməsi üçün fundamental institusional baza formalaşdırmışdır.

Zərifə Əliyevanın tədqiqat yanaşması gözün morfofunksional xüsusiyyətlərinin biotibbi elmlərin (xüsusilə fiziologiyanın) nəzəri çərçivəsində öyrənilməsini zəruri edirdi. Bu elmi məntiqin davamı olaraq, 1979-cu ildə Azərbaycan EA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda SSRİ məkanında ilk dəfə Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasının yaradılması təmin edilmişdir.

Aparılan bu çoxşaxəli və metodoloji baxımdan dərin tədqiqatların nəticələri Ümumittifaq və beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, akademik Zərifə Əliyeva 1981-ci ildə oftalmologiya sahəsində SSRİ Tibb Elmləri Akademiyasının ən nüfuzlu elmi mükafatlarından biri olan M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Bu fakt xüsusi qeyd olunmalıdır ki, o, sözügedən mükafatı alan ilk qadın alim olmuşdur.

Zərifə Əliyevanın elmi maraq dairəsində görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi də xüsusi yer tuturdu. O, “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri: morfohistokimyəvi tədqiqatlar” kitabı ilə oftalmoloji herontologiyanın əsasını qoymuşdur.

2025-ci ildə akademik Zərifə Əliyevanın akademik Larisa Moşetova və professor Nina Şulpina ilə 1983-cü ildə rus dilində nəşr etdirdikləri “Oftalmologiyanın aktual problemləri” monoqrafiyasının ilk dəfə olaraq ingilis dilinə tərcümə edilərək nəfis şəkildə çapdan çıxması böyük alimin əziz xatirəsinə dəyərli hədiyyə hesab edilə bilər. Monoqrafiyaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və müəlliflərdən biri – Rusiya Fasiləsiz Peşəkarlıq Təhsili Tibb Akademiyasının prezidenti, akademik Larisa Moşetova ön söz yazmışlar. Bu qiymətli əsər həkimin mənəvi tərbiyəsi, deontologiya məsələləri, tibbi etika və əxlaq, göz biomikroskopiyasının müasir aspektləri, göz virologiyasının əsasları, görmə orqanının zədələnmələri və göz mikrocərrahiyyəsinin propedevtikası kimi oftalmologiyanın aktual məsələlərini əhatə edir.

Akademik Zərifə Əliyeva elmi-ictimai fəaliyyətində sülh, humanizm və sosial rifah prinsiplərini ön plana çəkməklə cəmiyyətdə müstəsna bir nüfuz qazanmışdı. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fəaliyyətləri ilə regionda və dünyada əmin-amanlığın təmin olunmasına öz töhfəsini vermişdir. Eyni zamanda, “Bilik” Cəmiyyətinin İdarə Heyəti, Elmi Tədqiqatlar Komitəsinin Rəyasət Heyəti, SSRİ Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyəti və nüfuzlu “Vestnık oftalmoloqii” jurnalının redaksiya heyətindəki təmsilçiliyi alim-təbibin dövlət və xalq qarşısındakı xidmətlərinin geniş spektrini nümayiş etdirir.

Akademik Zərifə Əliyevanın insan amilinə, sağlam ətraf mühitə və maarifçiliyə verdiyi prioritet əhəmiyyət müasir dövrdə sistemli dövlət siyasətinin mühüm komponentlərindən biri kimi öz əksini tapır. Bu ideya xətti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində konseptual əsas kimi çıxış edir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslər, xüsusilə ölkənin sosial-iqtisadi inkişaf strategiyasında mühüm yer tutan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti Zərifə xanım Əliyevanın ekoloji mühit və insan sağlamlığı arasında qarşılıqlı əlaqəyə dair baxışlarının müasir interpretasiyası kimi dəyərləndirilə bilər. Bu yanaşma çərçivəsində reallaşdırılan irimiqyaslı yaşıllaşdırma proqramları, park və rekreasiya zonalarının genişləndirilməsi, yeni landşaft həllərinin tətbiqi bütün ölkə üzrə, o cümlədən urban mühitdə ekoloji tarazlığın bərpasına, atmosfer keyfiyyətinin yaxşılaşdırılmasına və nəticə etibarilə əhalinin sağlamlığının qorunmasına yönəldilmiş kompleks tədbirlər sistemi kimi çıxış edir.

Alimin öz dövrü üçün səciyyəvi olan elmi əsaslandırılmış yanaşmaları və yüksək humanizm prinsipləri bu gün dövlət səviyyəsində həyata keçirilən genişmiqyaslı layihələrdə yeni məzmun və forma qazanaraq davam etdirilir. Nəticə etibarilə, bir əsrə yaxın formalaşan elmi və mənəvi irs müasir quruculuq prosesləri ilə sintez olunaraq, Azərbaycanın dayanıqlı inkişafına və cəmiyyətin ümumi rifahına mühüm töhfə verməkdədir.

Akademik Zərifə Əliyeva milli-mənəvi dəyərləri həyat fəlsəfəsinə çevirən, insan sevgisini elmi düşüncə ilə vəhdətdə yaşadan nadir şəxsiyyət kimi tariximizdə əbədi iz qoymuşdur. Onun ömür yolu elmə sədaqətin, insana xidmətin və Vətənə bağlılığın harmonik təcəssümü idi.

Cənab Prezidentin uzaqgörən və qətiyyətli siyasəti ilə reallaşan genişmiqyaslı və dinamik quruculuq prosesləri həm Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, həm də Zərifə xanımın humanizmə söykənən elmi-irsi baxışlarının məntiqi vəhdətini təşkil edir. Bu gün salınan hər bir yaşıllıq zolağı, formalaşan hər bir sağlam sosial mühit böyük alimin ideallarına göstərilən ən yüksək ehtiramın canlı ifadəsidir.

Zaman dəyişir, nəsillər yenilənir, lakin Zərifə xanım Əliyevanın işıq saçan xatirəsi öz mənəvi qüdrətini itirmədən yaşayır. Alimin adı elmə xidmətin, saf insanlığın və ali mənəviyyatın rəmzi kimi yaddaşlarda əbədiləşmişdir. Bu nurlu xatirə gələcək nəsillərə yol göstərən sönməz məşəl, tükənməz ilham mənbəyi olaraq qalacaq, onun Vətənə, elmə və insanlığa bəxş etdiyi dəyərlər Azərbaycanın sabaha doğru inamla irəliləyən yolunu daim işıqlandıracaqdır.

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti,

Akademik

“Xalq qəzeti”

  • Paylaş: