“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Heydər Əlirza oğlu Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Etik-fəlsəfi meyarlara dərindən hörmətlə yanaşan, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın böyük elmi irsi, oftalmologiyanın sahələri üzrə apardığı tədqiqatlar, ərsəyə gətirdiyi fundamental əsərlər Azərbaycan elminə böyük töhfədir.
Ulu Öndər Heydər Əliyev söyləyirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi bütün alimlər üçün dərindən öyrənilməli məktəbdir. Akademik Zərifə xanımın “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Kəskin virus konyuktivitləri”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. əsərləri elmdə əvəzolunmaz yer tutmaqdadır.
Onu da qeyd edək ki, Zərifə xanım Əliyeva ilk dəfə iriddiaqnostikaya aid kitabları yazmış, görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmışdır.
Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir”.
Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə laboratoriya yaradılmış, geniş elmi tədqiqatlar aparılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi bütöv nəsillərə örnəkdir. Mehriban xanım Əliyeva Zərifə xanımın vəfat etdiyi günü xatırlayaraq qeyd edir: “Zərifə xanım vəfat etdiyi gün Heydər Əliyev hönkür-hönkür ağlayırdı. Belə hal yalnız bir dəfə olmuşdu və mənzərə çox dəhşətli idi”.
Ümummilli Lider Heydər Əliyev onsuz yaşadığı 18 ilin hər gününü Zərifə xanımı sevgi ilə xatırlayaraq deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam”.
Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titullar mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Zərifə xanımın qəbirüstü heykəlinin açılışı günü Ulu Öndər Heydər Əliyevin ürək ağrısı, sarsıntısı, böyük sevgisi bütün gənclərə nümunədir.
Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.