“Molla Nəsrəddin” – 120
XIX əsrin ikinci yarısında Azərbaycanda ictimai-iqtisadi və mədəni həyat xeyli inkişaf etməyə başladı. Bu tərəqqi məktəb təhsilinin və pedaqoji fikrin inkişafına əlverişli şərait yaratdı. Köhnə ideyalarla yeni mütərəqqi ideyalar arasında mübarizə başladı. Bu mübarizədə köhnə ideyaların güclü olmasına baxmayaraq, “zülmət səltənətində parlayan maarif ulduzları artır və getdikcə daha güclü işıq saçmağa başlayırdı”.
M.F.Axundov tərəfindən əsası qoyulan demokratik maarifçilik hərəkatının daha da qüvvətlənməsi və genişlənməsi, onun üzərində demokratik ideyaların inkişafı həmin dövrə təsadüf edir. Xalqı mövhumat buxovundan xilas etmək, bəsirət sahibi etmək, maarifləndirmək, onlara insanlıq hüquqlarını başa salmaq və tərəqqiyə çatdırmaq üçün Azərbaycan maarifpərvərləri böyük səylə çalışır və bu işdə ana dilinin rolunu yüksək qiymətləndirirdilər. Bu da təbii idi. Çünki dünyanın bütün xalqları kimi Azərbaycan xalqı da gənc nəslin təlim-tərbiyə işinə ana dilindən başlamışdır. Uşaq ana dilində anasının zümzüməli laylalarının sədaları altında dərin yuxuya getmiş, yuxuda qızıl gülün içində şirin yuxu tapmışdır. Hər bir millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatın mayəsi mənziləsindədir.
Azərbaycanın görkəmli maarifçiləri M.F.Axundov, H.B.Zərdabi, M.Ə.Sabir, F.Köçərli, R.Əfəndiyev, N.Nərimanov, M.T.Sidqi, C.Məmmədquluzadə, M.Mahmudbəyov, Ü.Hacıbəyov və başqaları bütün fəaliyyətləri boyu məktəblərdə ana dillinin tədris edilməsi və ana dilli məktəblərin açılması uğrunda mübarizə aparmışlar. Onlar xalq maarifi uğrundakı mübarizəni, xalqı maarifləndirməyin ən güclü silahı olan ana dilinin saflığı və inkişafı uğrundakı mübarizə ilə əlaqələndirirdilər.
F.Köçərli yazırdı: “Ananın südü bədəni mayası olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını sevdiyi kimi ana dilin də sevir”. Üzeyir Hacıbəyov isə deyirdi: “Bir milətin ki, dili batdı, onda o millətin özü də batar. Çünki bir milətin varlığını isbat vücud etməsinə səbəb onun dilidir”. Ana dili ilə bağlı Fərhad Ağazadənin də maraqlı fikirləri var. O yazırdı: “İnsan övladının incə hisslərini dayandırmaq üçün ana dili birinci vasitədir”. H.Minasazov isə yazırdı: “Dil nə qədər xalqa, onun danışıq tərzinə yaxındırsa, demək o ədəbi dildir. Belə olmasaydı Puşkinin, Nekrasovun, Tolstoyun əsərlərinin dili ədəbi dil hesab edilməzdi”.
Azərbaycan maarifçilərinin ana dilində məktəb açmaq fikirlərini C.Məmmədquluzadə ürəkdən bəyənmiş və “Molla Nəsrəddin” jurnalını da ana dilində nəşr etmişdi. C.Məmmədquluzadə ömrünün axırına kimi ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə aparmış, onu hər cür yad təsirlərdən qorumağa çalışmışdır.
“Molla Nəsrəddin” jurnalında millətə milli mənlik şüuru aşılamaq, mənəvi dirilik dərsi keçmək üçün təlimin ana dilində aparılması ideyası geniş surətdə təbliğ edilir, ana dilinin tədrisi bütün təlim işinin mərkəzinə qoyulurdu. “Molla Nəsrəddin” jurnalı ilk nömrədən başlayaraq sonuncu nömrəyə kimi ana dilində yazdı.
Heç də təsadüfü deyil ki, birinci nömrəsini “…ey mənim türk /azərbaycanlı/ qardaşlarım mən ki, siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elmimin azlığına dəlalət edir. Amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi… hərdən bir ana dilini danışmaq ilə keçmişdəki gözəl günləri yad etməyin nə eybi var! – sözləri ilə başlayan “Molla Nəsrəddin” jurnalı son nömrəyə kimi öz sözünə sadiq qaldı, ana dilinə ehtiram göstərdi və onun fəal təbliğatçısına çevrildi. Jurnalın ilk nömrəsində dərc edilmiş “məcmuəmizə müştəri olanlara nəsihət”də əks mənada başa düşüləcək beş nəsihət verilirdi. Həmin “Nəsihət”də göstərilirdi ki, “məktubları elə bir dildə yazın ki, bir dənə türk kəlməsi olmasın. Türkcə yazmaq eybdir”.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilinin varlığı, yaşaması və tərəqqisi üçün ən mühüm vasitəni xalqın siyasi hüquqa malik olmasını, onun rəsmi dövlət dili olması hesab edirdi. Çarizm səltənəti zamanı qeyri rus millətlərinin, o cümlədən, Azərbaycan xalqının da heç bir siyasi hüququ yox idi. Jurnal hüquq bərabərsizliyinə qarşı mübarizə aparırdı. “Molla Nəsrəddin” jurnalı Azərbaycan məktəblərində ana dilinin tədris edilməsini hərarətlə təbliğ etmiş və onun böyük carçısı olmuşdur. Ona görə də jurnalın apardığı mübarizə xalqını sevən, onun gələcəyini düşünən insanlar tərəfindən alqışlanırdı. “Molla Nəsrəddin” jurnalının ortaya atdığı hər bir ideya maarifçilər, maarifpərvərlər, məktəbdarlar tərəfindən dəstəklənir, elmi mübahisələr genişlənirdi. Jurnal öz fikrini açıq yazaraq, xalqı başa salırdı ki, ana dilini unutmaq olmaz, uşaqlarınızı ana dilində oxutdurun, ana dilində məktəblərin açılmasına kömək edin. “Ax, necə arzu edərdim ki, mən də sahibixtiyar olub, ürəyimin dərdlərini meydana qoyub intişar edə biləm”– deyən böyük maarifçi C.Məmmədquluzadənin arzu etdiyi bu fikirlər Azərbaycanın mütərəqqi fikirli adamlarının hamısını düşündürən ideyalar idi.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqına axıra qədər sadiq qaldı, onun özü qədər qədim mədəniyyətinə və dilinə hörmət bəslədi. Ana dilinin əhəmiyyəti və məktəblərdə onun tədrisinin jurnal səhifələrində ardıcıl olaraq irəli sürülməsi Azərbaycan pedaqoji fikrinin inkişafına müsbət təsir edirdi. Bu, mütərəqqi ziyalıları ruhlandırır və onlara yeni qüvvə verirdi. “Molla Nəsrəddin” jurnalının irəli sürdüyü bu məsələləri demokratik qüvvələr alqışladılar və ona kömək etdilər. “Dəbistan”, “Rəhbər”, “Qoç-Dəvət” və başqa jurnal və qəzetlər “Molla Nəsrəddin” jurnalının səsinə səs verdilər, onlar da ana dilinin tədrisi və ana dilində məktəblərin açılması ideyasını müdafiə etməyə başladılar. “Molla Nəsrəddin” jurnalının ana dilində oxumaq, ana dilində məktəblər açmaq fikrinə mürtəce qüvvələr əks çıxır, jurnalının irəli sürdüyü yeniliklərə mənfi münasibət bəsləyirdilər. Bu mürtəce qüvvələr getdikcə artırdı. Bu, elə bir dövr idi ki, ictimai hüququndan məhrum edilmiş, hüququ tapdalanmış, siyasi şüuru zəif olan milyonlarla savadsız adamları oyatmaq lazım idi. Bu sahədə aparılan mübarizədən jurnal qorxmur və çəkinmirdi, çünki o, xalqla bağlı idi, bu mübarizədə o, xalqa arxalanırdı. Jurnalın yazdığı kimi “Molla Nəsrəddin”i təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. “Cəlil Məmmədquluzadə bütün ömrü boyu xalqla bağlı olmuş iti yazıçı nəzərlərini xalqın həyatına dikib, onu ən incə psixoloji təzahürlərinə qədər öyrənmiş və əks etdirmişdir”.
“Molla Nəsrəddin” jurnalının ana dili və onun məktəblərdə tədris edilməsi işini müdafiə etməsi elə bir tarixi dövrə təsadüf edir ki, bu zaman Rusiyada 1905-1907-ci illər inqilabı baş vermişdi. Başlanan bu inqilabi hərəkat nəinki Rusiyanın mərkəzi şəhərlərinə, sənaye ocaqlarına, həm də ölkənin ucqarlarına da öz təsirini göstərir, bunun nəticəsində də məzlum xalq, məktəb-maarif sahəsində çoxlu tələblər irəli sürürdü. Bunların içərisində təlimin ana dilində aparılması, ana dilinin müstəqil bir fənn kimi tədrisi əsas tələblərdən biri idi. Şovinist rus hökuməti və onun maarif nazirləri müsəlman məktəblərinə yerli diləri bilməyən xristianlar göndərir, hətta bəzi məktəblərdə şəriət dərslərini də rus dilində keçirdilər. Çar hökuməti məktəblərdə müstəmləkət siyasətinə xidmət edən “lal metodu” tətbiq etməklə ruslaşdırma və xristianlaşdırma siyasətini daha da genişləndirirdi.
Belə bir siyasətlə razılaşa bilməyən Azərbaycan ziyalıları müsəlman müəllimlərinin I (1906) və II (1907) qurultaylarında müəlimləri ana dilinin təmizliyini qoruyub saxlamağa və onları çar hökumətinin ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çağırırdı. Qurultaydan sonra digər maarifpərvərlər kimi, C.Məmmədquluzadə də qurultayın irəli sürdüyü məsələləri həyata keçirmək üçün məqalə və felyetonlarla çıxış edib mili mədəniyyəti qorumaq, xalqın hərtərəfli inkişafına kömək etmək üçün ana dilini ön plana çəkdi. Bu zaman o heç də ana dilini başqa millətlərin dilinə qarşı qoymaq məqsədi güdməmişdir.
Azərbaycan maarifpərvərləri ana dilində məktəb açmaq, dərs kitabları, proqramlar və s. yaratmaq üçün çalışarkən bu işin həyata keçməsinə mane olanlarla da mübarizə aparmalı olurdular. Sözdə ana dilində danışmağı istəyən, lakin həqiqətdə ana dilini bilməyən, ona hörmət etməyən insanların ikiüzlülüyünü “Molla Nəsrəddin” jurnalı ifşa edirdi. Jurnal “Meymunlar” adlı felyetonunda belə insanları tənqid edərək yazırdı: “hürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orda bir obrazovannı müsəlman ayağa durub desin: “hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənəm!”. Bir saatlığa tutaq ki, hökumət qoymur məktəblərdə ana dilimizi öyrənək. Tutaq ki, bunu hökumət qoymur. Bəs ana dilimizi istəməyi, ana dilimizə məhəbbət etməyi, ana dilimizi xoşlamağı kim qoymur?”.
Mollanəsrəddinçilər Azərbaycan dilini bəyənməyən, ana dilinə laqeyd yanaşan, bütün hərəkətlərində, praktik işlərində onun qiymətini alçaldan adamlara qarşı amansız olmuş və onu jurnal səhifələrində ciddi şəkildə tənqid etmişlər. Mollanəsrəddinçilər dilimizi yabancı sözlərlə korlamağa çalışan, bəzi “təhsillilər”ə qarşı çox amansız olmuş və onların nöqsanlarını çəkinmədən tənqid etmişlər. Jurnala görə, belə ziyalılar ana dilimizi yabançı sözlərlə zibilləyir və ümumxalq mövqeyindən uzaqlaşdırırdılar.
IV dövlət dumasında qeyri rus xalqların məktəblərində təlimin ana dilində aparılması haqqında keçirilən mübahisələrə müsəlman vəkilərinin etinadsızlığı “Mola Nəsrəddin” jurnalının 1911-ci il 2-ci nömrəsində C.Məmmədquluzadə tərəfindən kəskin tənqid olunmuşdur. Dumada ermənilər, gürcülər təlimin ana dilində olmasının tələb etdikləri halda, müsəlman vəkiləri əsassız bəhanələrlə onu lüzumsuz sayırdılar. Ana dilinin tətbiqinə Çar məmurları ilə yanaşı müsəlman ruhaniləri də maneçilik törədirdilər. Ana dilinldə tədrisi rədd etməkdə birincilər ruslaşdırma siyasətini yeridirdilərsə, ikincilər ərəbləşdirmə, farslaşdırma siyasətini təbliğ etməyə çalışırdılar. Mövhumatçı molalar ana dilinin tədrisini həyata keçirmək üçün böyük maneəçiliklər törədirdilər. Ona görə də “Mola Nəsrəddin” jurnalının 1911-ci il 2-ci nömrəsində “Tərcüman” qəzetinə verdiyi cavabda C.Məmmədquluzadə dili kəsməyi, vücudu balta ilə kəsmək kimi bir şey hesab edirdi.
C.Məmmədquluzadə xatirələrində yazırdı: “Necə ki, oxucularımıza məlumdur ki, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili ad qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız, xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “pədər” yazırlar.
“Molla Nəsrəddin” jurnalının səhifələrində ana dilinin saflığı uğrunda mübarizəyə dair çoxlu felyetonlara, şerlərə, son xəbərlərə, hekayələrə, Qafqaz xəbərlərinə, maraqlı şəkillərə və karikaturalara rast gəlmək olar. Bunlardan “Dili tutulub”, “Dil”, “Ana dili”, “Meymunlar”, “Bizim obrazovannılar”, “Əvvəlinci məktub”, “İkinci məktub”, “Misyonerlər” və s. göstərmək olar. “Molla Nəsrəddin” jurnalı “Ana dili” adlı məqaləsində dilimizi hörmətdən salan, onu yabancı sözlərlə korlayan ziyalıları kəskin şəkildə tənqid edirdi: “Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın süd bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Görkəmli rus pedaqoqu K.D.Uşinski yazırdı: “Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fot olar və ondan bir nişan qalmaz. Bu doğrunu sair millətlərin həqiqi ədəbləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və vermədədirlər…” Xalqın əlindən hər şeyi alsanız, o, onların hamısını qaytara bilər, lakin, onun dilini alsan, o, heç vaxt bir daha onu yarada bilməz, xalq hətta özünə yeni vətən belə yarada bilər, lakin, dili heç bir zaman yarada bilməz, xalqın ağzında dil öldüsə, xalq da öldü.
O dövrdə xalqın sürətlə savadlanması, ana dilinin inkişafı üçün ərəb əlifbasından yeni əlifba ilə əvəz olunması çox vacib, həlli təxirə salınmaz məsələlərdən biri kimi dəyərləndirilirdi. Bu məsələni böyük ictimai, pedaqoji, metodik əhəmiyyətini dərindən başa düşən C.Məmmədquluzadə onun həyata keçirilməsi uğrunda ciddi səy göstərirdi. O, M.F.Axundovun bu yolda göstərdiyi səy və təşəbbüsü yüksək qiymətləndirir və onun fikrinə ürəkdən şərik çıxırdı. Ərəb əlifbasının nöqsanlarını ətraflı şərh edən böyük demokrat yazıçı belə nəticəyə gəlirdi: “Mən elə qanıram ki, nə qədər ərəb əlifbası ilə yazı-pozu edilir, mətbuat tərəqqi tapmayacaq, dil hörmətdən düşəcək, mili ədəbiyyat puç olacaq. O millət qeyri bir güclü millətə qarışıb yox olacaqdır”.
C.Məmmədquluzadənin “Əlifba” və digər məqalə və felyetonlarında ərəb əlifbasının çatışmazlıqlarından ətraflı bəhs etmişdir.
“Molla Nəsrəddin” jurnalı ana dilində məktəblərin açılması və dərslərin ana dilində aparılmasını təkidlə irəli sürərkən, həm də onu hərarətlə təbliğ edirdi. Mollanəsrəddinçilər jurnal səhifələrində qeyd edirdi ki, bizim Azərbaycan türklərinin özlərinə məxsus dili vardır. Uzun müddət İran dövlətinin nüfuzu altında qalmaqda dilimiz bir növ fars dilinin qanun və qaydasına tabe edilmişdir, dilimiz o qədər qəliz və dolaşıq olmuşdur ki, indi onu anlamaq belə mümkün deyil. “Molla Nəsrəddin” jurnalı M.F.Axundovun “…türki və farsi və ərəbi dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Səbəbi müsəlman dilində oxumaq çətindir”– fikirlərini həmişə müdafiə edirdi. Din nümuyəndələrinin dilindən danışaraq “Molla Nəsrəddin” jurnalı kinayəli şəkildə yazırdı: “Mən yenə deyirəm ki, yazımın yüzdə doxsanı ərəb və fars ibarəsi olmasa, türk dili xarab olub gedəcək, türk dili ləzzətdən düşəcək və bunlar keçəndən sonra hər kəs yüzdə doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə heç kəs ona alim deməyəcək”. “Molla Nəsrəddin” jurnalı ana dili məsələsində İlminiskiləri, Miroyevləri, Levinskiləri kəskin tənqid edərək deyirdi ki, onlar dilimizi atıb, bizi ruslaşdırmaq istəyirlər! O dövrdə ana dilinin inkişafına mane olan amiləri jurnal belə səciyyələndirirdi: bir tərəfdən hürüfat qüsuru, digər tərəfdən dil qüsuru əlimizi və ayağımızı bağlayıb irəli keçməyə qoymur. Qiraət kitablarımızda “ata” və “yaxşı” kimi çox işlənən və əziz sözlər dərman üçün belə axtarılsa, tapılmaz, bu, millətə xəyanət etməkdən başqa bir şey deyildir.
“Molla Nəsrəddin” jurnalı Azərbaycan dilini təbliğ etməklə kifayətlənmir, bu dilin gözəlliyini, böyüklüyünü, əzəmətini tərənnüm edir, bu dildə yazmaqdan fəxr edirdi. Jurnal yazırdı ki, Azərbaycanın görkəmli oğulları olan Abbasqulu ağa Bakıxanov, M.F.Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi öz əsərlərini, nəsihətnamələrini, dram əsərlərini Azərbaycan dilində yazmışdır, onlar doğma Azərbaycan dilini sevmişlər, onun təmizliyini, səlistliyini, gözəlliyini müdafiə etmişlər, onlar arzu etmişlər ki, uşaqlarımız ana dilində dərs oxusunlar. Bizim yazıçılarımız “…ana dilini candildən seviblər və yazılarını açıq və aydın yazıblar, Abbasqulu ağa Bakıxanov “Nəsihətnaməsi”, M.F.Axundovun komediyaları, Hacı Heybət bəy Fədanın “Məkkə nəsihətnaməsi”, Hacı Seyid Əzimin mozun Əşar kəlami, Həsənbəy Məlikzadənin Ümum və fününə dair yazdığı kitablar və siyasi məqalələr cümləsi açıq və aydın dildə yazılmış əsərlərdir”.
Beləliklə, jurnal dövrünün yazıçı və ədiblərini öz əsərlərini ana dilində yazmağa çağırırdı. Çünki bütün tarix boyu ədəbi dilin inkişafı və möhkəmlənməsində ədib və yazıçıların, şair və jurnalistlərin böyük rolu olmuşdur. Bunu “Molla Nəsrəddin” jurnalı və onun rəhbəri C.Məmmədquluzadə yaxşı dərk etmişdi. Bunun nəticəsi idi ki, jurnalın səhifələrində yazıçılar həqiqi yola çağırılır və onlara düzgün məsləhətlər verilirdi. “…Sair millətlərin həqiqi ədibləri və yazıçıları yaxşı anlayıblar və əsərlərini ana dilində yazmaqla belə millətin əxlaqını düzəldib, ağlına və ruhuna tərbiyə veriblər və verməkdədirlər. ...rus dilini belə müntəzəm qanun və qaydaya salan və bu dərəcədə onu geniş və zəngin edən onun ədibləri olublar. Hansı rus ədibi olursa-olsun, onun yazdığı əsərləri rus əkinçisi, rus dehqanı oxuyub asanlıqla başa düşür”.
Beləliklə, jurnal ana dilini qorumaqla mübarizəni təkcə özü yox, Azərbaycan xalqının yazıçılarını da mübarizəyə çağırır, onlardan kömək istəyirdi. “Molla Nəsrəddin” jurnalı “Ana dili” adlı məqaləsini bu sözlərlə qurtarır: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, xalq onların yazdıqlarını oxuyub anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan ilə oxuyan arasında dostluq, ittifaq və birlik əmələ gəlir”. Mədəniyyətin tərəqqisi, onun ana dilinin inkişaf etməsindən çox asılıdır. Bunsuz milli mədəniyyət yaratmaq olmaz. Bunsuz ittifaq bağlamaq olmaz, xalq bir-birini anlaya bilməz, ünsiyyət yaranmaz, bunsuz milli məktəblər təşkil etmək olmaz, bunsuz sadə adamlara dövrün inqilabi, demokratik tələblərilə əlaqədar olan nəcib hisslər aşılamaq olmaz, milli dil olmasa o xalqın inkişafı dayanır, “ana dili” məhv olarsa, xalq artıq yox olar deyən Uşinskinin sözlərini “Molla Nəsrəddin” jurnalı ürəkdən alqışlayırdı. “…dil xalqın bütün çox əsrlik mənəvi həyatının ən dolğun və ən düzgün tarixi olmaqla bərabər, hələ nə kitab, nə də məktəb olmadığı dövrlərdə belə xalqı öyrədən və onu tarixin sonuna qədər öyrətməkdə davam edən ən böyük xalq tərbiyəçisidir” - deyən Uşinskinin bu sözlərini “Molla Nəsrəddin” jurnalı sevə-sevə xatırlayırdı.
“Molla Nəsrəddin” jurnalı sübut edirdi ki, Azərbaycan məktəblərində təlim ana dilində aparılmalıdır, ana dili təlimin mərkəzində durmalıdır. Ana dili vasitəsilə biz məktəblərdə başqa fənləri öyrənməklə, xalqımız tərəfindən əsrlər boyu əldə edilən nə varsa onu tez və asan öyrənə bilərik. Jurnala görə ana dilində öyrədilməyən bilikləri uşaq həzm edə bilmir, onun zehnində özünə məxsus yer tuta bilmir, çətinlik çəkir, çox vaxt sərf edir. “Molla Nəsrəddin” jurnalı ana dilinin əhəmiyyəti haqqında danışarkən və ana dilində məktəblərin açılmasını ehtirasla irəli sürərkən rus xalqının dilinə, onun mədəniyyətinə yüksək qiymət verir və uşaqlarımızın rus dilini də öyrənmələrini müdafiə edirdi, jurnal “rus-tatar” məktəblərinin genişlənməsini həmişə ön planda verirdi. C.Məmmədquluzadə və onun ətrafında toplaşan mollanəsrəddinçilər “rus-tatar” məktəblərinin çoxalmasına çalışırdılar. Çünki “rus-tatar” məktəbləri mollaxanalardan təlimin forma və məzmununa görə çox yüksək üstünlüklərə malik idi. “Molla Nəsrəddin” jurnalı bu üstün cəhətləri yaxşı başa düşmürdü. Jurnalın fikrincə rus dilini bilməklə rus xalqı ilə möhkəm əlaqə saxlamaq olar, onların maarif, mədəniyyət, elm və ədəbiyyatından və bunun vasitəsilə dünya mədəniyyət xəzinəsindən yaxşı istifadə etmək mümkündür. Rus dilini öyrənib, rus mədəniyyətindən istifadə edilsə də, lakin geniş xalq kütləsi içərisinə savadı, maarifi yaymaqdan ötrü kifayət deyil, bunu ancaq ana dili vasitəsilə etmək olar, ana dili vasitəsilə xalqı geniş şəkildə maarifə, təhsilə, məktəbə cəlb etmək olar. Ona görə də jurnal təhsilin ana dilində aparılmasına çalışırdı.
C.Məmmədquluzadə “rus-tatar” (Azərbaycan) məktəblərində ana dilinin tədrisinin və öyrənilməsinin o qədər də yaxşı olmadığını göstərirdi. O, “Tərcümeyi-halın”, “Dili tutulub” və başqa məqalə və felyetonlarda bu məsələdən geniş bəhs etmişdir. “Tərcümeyi-halın” adlı məqalədə yazırdı ki, o vaxtlar hökumət təsis etdiyi məktəblərin proqrammasında xala-xatırın qalmasın, babətindən həftədə bir neçə saat türk (Azərbaycan) dili verirdi. Qalan dərslər rus dilində gedirdi. Bu fikri o, “Dili tutulub” adlı məqaləsində daha kəskin şəkildə irəli sürürdü. Orada ana dilinin başdan soyudma bir neçə saat öyrədilməsini insanın ölümü kimi qiymətləndirirdi.
“Molla Nəsrəddin” jurnalı “rus-tatar” (Azərbaycan) məktəblərində dərs verən müəllimlərə yüksək qiymət verirdi. Jurnalın fikrincə “rus tatar” (Azərbaycan) məktəblərində dərs deyən müəllimlər molla məktəblərində dərs deyən mollalarla müqayisə edilməyəcək dərəcədə dururlar. Bunlar pedaqoji təhsil almış müəllimlərdir. Lakin, bəzi müəllimlər də var ki, onlar nə Azərbaycan və nə də rus dilini yaxşı bilmədikləri halda həmin məktəblərdə dərs verirlər. Jurnal belələrini tənqid edir, onların Azərbaycan dilini mükəmməl bilmədiklərini açıb göstərir və ona istehzalı şəkildə “Molla Nəsrəddin” gülüşü ilə gülürdü. Bu məsələ “Gəncədən məktub” adlı məqalədə daha aydın verilir. Həmin məqalədə şagirdlər “Molla Nəsrəddin” jurnalına yazırlar ki, biz dərs deyən müəllimin dilini başa düşmürük, çünki o fars və ərəb dilində danışır. Soruşanda deyir ki, bunlar ana dilidir”. A kişi, insaf elə, vallah nə bizim analarımızın belə dili var, nə də nənələrimizin”. Sonra məktəb şagirdləri “Molla Nəsrəddin” jurnalına sual verərək belə deyirdilər: “İndi, ay molla əmi, biz qalmışıq məhtəl, barı bizi başa sal görək bu dil nə dilidir.
“Bakıdan məktub” felyetonunda oxuyuruq: “Biz pervı russki-tatarski şkolanın posledniy klassının uçenikləri qospodin Molla Nəsrəddinnən prasit edirik ki, bizim bu jalobamızı öz jurnalında napeçat eləsin. Bu səhərlər prixodit eləyirik şkolaya görürük şkolanın dverləri zapiratdı. İstər dojd yağsın, istər veter olsun biz gərək tri çasa duraq şkolanın dverinin qabağında və uçitelin qorxusundan smelit eləyə bilmirik ki, qapını istiçat edək. Axırı, nakanes uçitel qapını atvarit eləyir. Yeyboğ, gözləri elə olur ki, krasnı yabloka oxşayır. Bizə deyir - ay svoloçlar, məni niyə bespokoit eləyirsiniz. Mən çetare çasa yatmışam”. “Molla Nəsrəddin” jurnalı bununla qeyd edirdi ki, müəllimlər hər iki dili yaxşı bilmədikləri üçün nəinki özlərini, həm də dərs verdikləri şagirdləri korlayırlar.
Ana dilinə xor baxan, onu qiymətləndirməyən, ana dilində danışmağı özünə əksiklik hesab edən, Avropada təhsil almış, zahirən bilikli, ziyalı görünən, lakin, son dərəcə mürtəce fikirlərlə yaşayan, ana dilinin tədris edilməsinə əhəmiyyət verməyən və xalqın öz dilində, öz məktəbində savadlandırılmasında mühafizəkarlığın müdafiə edənlər “Molla Nəsrəddin” jurnalı səhifələrində şiddətli tənqid atəşinə tutulur, jurnal belə adamlara acıyır, ona gülürdü. “Mənim bir rəfiqəm var, özü də müsəlman, amma məni görəndə rus dilindən başqa savayı özgə dildə danışmaz”.
- Nə səbəbə sən mənim ilə heç müsəlmanca danışmaq istəmirsən? Yoldaşım mənə cavab verir:
- Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit… / yəni brazovan müsəlmanca danışmağı eyibdir!
- Çox sağ ol, rəfiqəm, mən bunu bilmirdim! Yaxud da “Ana dili” felyetonunda ali təhsil almış azərbaycanlıların Azərbaycan dilində danışmadıqlarını tənqid edərək yazırdı ki, ali təhsil almış bir cavan məktəbi qurtarıb evinə gəlir. Bununla görüşə gələn molla əvvəl ərəbcə, sonra farsca onunla söhbət edir. Ali təhsilli anlamır, oğlan rus dilində danışır, bu zaman molla heç bir şey anlamır. Nəhayət onlar bir-birlərini anlamayaraq ayrılırlar. Bu söhbətə qulaq asan ana otağa gəlib oğluna deyir ki, mən başa düşmədim, siz nə dildə danışırsınız. Oğlan cavab verir: “Ana, mollaynan biz ana dili danışırıq…”. Anası deyir: “Yazıq ana dili”. Beləliklə, 3 nəfər azərbaycanlı bir-birini başa düşmədən ayrılırlar.
Doğma ana dilinin saflığı və mühafizəsi C.Məmmədquluzadənin “Ananın kitabı” əsərində inandırıcılıqla əsaslandırılmışdır. Bu əsərdə məqsəd ana dilinin böyük rolunu göstərməkdir. Xarici dilllərin təsiri altında qalan Azərbaycan ziyalıların acınacaqlı vəziyyəti burada təsvir olunur. Ananın müxtəlif xarici dilərdə təhsil alan 3 oğlu bir-birini başa düşmədikləri kimi xalq onları başa düşmür. Amma qızı Gülbahar doğma ana dilində təhsil almışdır. O, qardaşlarının lüzumsuz, xalqdan uzaq kitablarını yandırıb qardaşlarını bilgiyə çağırır. Gülbahar bircə doğma dildə olan ananın kitabını saxlayarkən o, kitabda atalarının vəsiəti yazılmışdır. Gülbahar kitabın sonunda yazılan sözlərdən bir parça oxuyur: “Mən etibad edirəm ki, mənim də balalarım dünyada hər yanı gəzib dolansalar, gənə də əvvəl-axır anaları Zəhranın ətrafında dolanır, çünki ay, ulduz Şəmsin parçaları olduğu kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyir”.
Bütün bunlar həm də çarizmin müstəmləkə siyasəti ilə əlaqədar idi, ucqar xalqların dilinə, mədəniyyətinə qiymət verməməkdən irəli gəlirdi.
Bu baxımdan 1911-ci ildə keçirilmiş Ümumrusiya 7-ci zadəganlar qurultayında deyilən sözlər çox xarakterikdir. “Dövlət məktəbi milli vətənpərvərlik rus məktəbi olmalıdır. Dövlət məktəbi özgə mahiyyət daşıya bilməz, onda heç bir güzəştə yol verilmədən dövlət dili hökmran olmalıdır, təlim rus dilində aparılmalıdır. Rusiya müxtəlif xalqların toplanmış olduğu yer deyildir?..”. Biz zadəkarlar “məktəbi rusca olmalıdır”. Rusiya ruslar üçündür” deməliyik.
“Molla Nəsrəddin” jurnalında bir şəkil təsvir edilir, məktəb müəllimi əlində yekə bir dil tutub uşaqların qarşısında dayanmışdır. Uşaqlar da öz dillərini çıxarıb müəllimə göstərirlər:
-Şagirdlər: “Ay Mirzə, bizim də dilimiz var, sən, Allah, qoy onu da biz öyrənək”.
- Müəllim: “Yox, olmaz. Gərək bunu soxam boğazınıza”. “Molla Nəsrəddin” jurnalının ana dili sahəsində tutduğu mövqe çox mütərəqqi və düzgün olmuşdur, ona görə də böyük xalq kütləsi onu sevə-sevə oxuyurdu. “Molla Nəsrəddin” jurnalında Qafqaz Şeyxül-islamına iki açıq məktub dərc edilmişdi. İstər birinci və istərsə də ikinci məktubda yazılır: nə üçün erməni, gürcü, rus qızları məktəblərdə başqa dərslərdən əlavə ana dilini oxuyurlar, amma Azərbaycan qızları isə öz ana dillərini oxumurlar: “Erməni, rus və gürcü qızlarının şəhadətnamələrindən belə məlum olur ki, erməni, rus və gürcü qızları özgə dərslərdən əlavə ilahi və ana dili oxuyublar. Amma müsəlman qızlarının şəhadətnamələrində yazılıb ki, elmi-ilahi və ana dili oxumayıblar. Cənab şeyx!.. Siz buyurdunuz ki, məktəbdə hər millətin qızlarına öz dinlərindən və dillərindən dərs verirlər. Amma istəmirlər ki, məktəbdə ayı on beş manatlıq bir müsəlman müəllimi saxlasınlar ki, iyirmi yaşında müsəlman qızları dərs oxuyub qurtaranda müsəlmanca adlarını yaza bilsinlər və müsəlmançılıqdan heç olmasa bir neçə söz öyrənsinlər”.
Nəticə olaraq qeyd edək ki, “Molla Nəsrəddin” jurnalının dil sahəsindəki siyasəti ardıcıl idi. Öz fəaliyyətinin 25 ili ərzində bu sahədə də demokratik cəbhə tutmuş və nəhayət qələbə çalmışdır. Beləliklə, Cəlil Məmmədquluzadə və onun silahdaşlarının ana dilinin saflığı uğrundakı mübarizəsinə xidmət edən əsərləri ədəbiyyatımız üçün əsl milli özünüdərk kitabı, istiqlal, oyanış və maarif dərsliyidir.
Zülfiyyə İSMAYIL, AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.