Martın 12-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümü münasibətilə “İstiqlalımız əbədidir!” mövzusunda tədbir keçirilib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, millət vəkili Cavanşir Feyziyev, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, millət vəkilləri, elmi ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyətilə tanış olublar.
Daha sonra MEK-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi yad edilib.
Tədbir Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Respublikasının “İstiqlal marşı” və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqları Akademiyada görməkdən məmnunluğunu ifadə edib. Həmçinin Birol Akgünün Türkiyə Cümhuriyyətinin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunması münasibətilə təbrik edib, uğurlar arzulayıb.
“İstiqlal marşı”nın yaranma tarixinə toxunan akademik İsa Həbibbəyli bir dövlətin var olmasının ən böyük təməlləri sırasında onun bayrağının, milli marşı kimi atributlarının dayandığını və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün də bunu bilərək, hələ İstiqlal savaşı davam edərkən bu prosesə başladığını söyləyib. Qeyd edib ki, Atatürk milli marşın qəbulunun xalqın birliyini, həmrəyliyini, döyüş gücünü, əzmini daha da artıracağını düşünərək müsabiqə elan etmiş, bir çox şeir sırasından Mehmet Akif Ərsoyun türk ordusuna həsr etdiyi şeir qalib olaraq seçilmişdir. Bildirib ki, Mehmet Akif Ərsoyun “İstiqlal marşı” türk ordusunun Qurtuluş savaşında qələbəsinə olan inamını, türk əsgərinin şücaətini və fədakarlığını ifadə edir. 12 mart 1921-ci ildən etibarən “İstiqlal marşı”nın rəsmi olaraq qəbul edildiyini vurğulayan akademik İsa Həbibbəyli 1930-cu ildə isə himnə musiqinin bəstələndiyini diqqətə çatdırıb.
Bu gün Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək əməkdaşlığın mövcud olduğunu deyən akademik İsa Həbibbəyli bu əlaqələrin möhkəmləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətlərinin dayandığını söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının da Türkiyənin bir çox akademik və ali təhsil müəssisələri ilə əlaqələrinin mövcud olduğunu deyən akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Həmçinin hər il Ədəbiyyat İnstitutu, Türkiyənin Mehmet Akif Ərsoy vəqfi və Burdur Mehmet Akif Ərsoy Universitetinin birgə təşkilatçılığı ilə Mehmet Akif Ərsoya həsr olunmuş simpoziumun keçirildiyini bildirib. Mehmet Akif Ərsoyun yaradıcılığının Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli ədəbin görkəmli yazıçımız Hüseyn Cavidlə yaxın münasibətləri olduğunu, hətta bir-birlərinə nəzirələr yazdıqlarını vurğulayıb.
Akademik İsa Həbibbəyli bugünkü tədbirin ölkələrimiz arasında elmi əlaqələrin inkişafına və Mehmet Akif Ərsoyun yaradıcılığına yenidən qayıdışa bir töhfə verəcəyini söyləyib.
Sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün belə bir tədbirin keçirilməsində verdiyi dəstəyə görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, Mehmet Akif Ərsoyun müəllifi olduğu “İstiqlal marşı” öz dövrünün ruhunu əks etdirir və türk xalqı tərəfindən qürurla oxunur.
“İstiqlal marşı” yalnızca bir şeir deyil, xalqımızın varolma mübarizəsinin, türk ordusunun qəhrəmanlığının, milli birliyimizin ifadəsidir. Onun qəbulu Qurtuluş savaşının ən çətin dönəmində xalqımızın mübarizə əzmini artırmışdır. Mehmet Akif Ərsoy “Allah bu millətə bir daha “İstiqlal marşı” yazdırmasın”, - deyərək xalqımızın hürriyətinə olan inamını ifadə etmişdir. Allah şəhidlərimizə rəhmət etsin. Həmçinin Azərbaycanın müstəqilliyi üçün canlarından keçən şəhidlərimizi hörmətlə anırıq”, - deyə Birol Akgün bildirib.
Səfir Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzinin fəaliyyətilə tanışlıqdan məmnun qaldığını və birgə əməkdaşlıq üçün hər cür dəstəyin veriləcəyini diqqətə çatdırıb.
Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer isə çıxışında tədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, “İstiqlal marşı”nın türk xalqının, ordusunun tarixi qəhrəmanlığını və hürriyətinə olan sevgisini ifadə etdiyini bildirib.
Daha sonra çıxış edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, millət vəkili Cavanşir Feyziyev böyük türk xalqının milli birlik himni olan “İstiqlal marşı”nın yazılmasının 104-cü ildönümündə Mustafa Kamal Atatürkü və Türkiyə Cümhuriyyətinin qurulmasında canını fəda etmiş türk əsgərlərini, eləcə də marşın müəllifi Mehmet Akif Ərsoyu, bəstəkarı Osman Zəki Üngörü ehtiramla yad edib. Bildirib ki, türk xalqının böyük şairi Mehmet Akif Ərsoyun müəllifi olduğu və 12 mart 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən “İstiqlal marşı” türk millətinin milli irsinin və mənəviyyatının müqəddəsliyini, sarsılmaz istiqlaliyyətinin əbədiyyətini təsbit edən bir bəyanatdır.
Vurğulayıb ki, 104 il əvvəl qəbul edilən, Türkiyə Cümhuriyyətinin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biri olan Dövlət Himni bu ölkənin ən ağır günlərində bəstələnib. İstiqlal marşının yazıldığı dönəmə qədər Mehmet Akif həm xalq içində milli mücadilə tərəfdarı, həm İslami birlik çağırışçısı, həm məşhur şair, həm də millət vəkili kimi tanınırdı. Qeyd edib ki, Mustafa Kamal Atatürk marşı bəyənib və “Bu marş bizim inqilabımızın ruhunu anladır”, - deyə bildirib.
Millət vəkili Cavanşir Feyziyev diqqətə çatdırıb ki, bu gün 104 yaşını qeyd etdiyimiz “İstiqlal marşı” təkcə Türkiyə Cümhuriyyətinin deyil, həm də 1983-cü ildə müstəqilliyini elan edən Şimali Kipr Türk Cumhuriyyətinin Ana Yasasında qəbul və təsdiq edilən Şimali Kiprin milli himni və hər bir Azərbaycan türkü üçün doğma səslənən milli birlik və bütövlük marşıdır. Bu da türk birliyinin, İstiqlal amalının bütün türklər üçün eyni olduğunu göstərən unikal bir faktdır.
Tədbirdə, həmçinin Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ETN Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli, professor Elman Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və başqaları çıxış edərək “İstiqlal marşı”nın Türkiyə Cümhuriyyətinin Qurtuluş savaşındakı roluna toxunub, istiqlal şairi Mehmet Akif Ərsoyun yaradıcılığına toxunublar.
Sonda respublikanın Əməkdar artisti Ağalar Bayramov Mehmet Akif Ərsoyun “Çanakkala şəhidlərinə” və Zəlimxan Yaqubun “Əzəl axır dünya türkün olacaq” şeirlərini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.