Hörmətli həmkarlar!
Sizi xalqımızın ən əziz və qədim bayramlarından biri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlamlıq, firavanlıq, uğurlar və ruzi-bərəkət arzulayıram.
Novruz əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, birlik və həmrəylik ruhunu yaşadan, insanlara yeni başlanğıclar, ümidlər və xoş niyyətlər aşılayan müqəddəs bayramlarımızdan biridir.
Novruz bayramı xalqımızın zəngin mədəniyyətinin, dərin köklərə malik milli-mənəvi dəyərlərinin, mehribanlıq və qonaqpərvərlik ənənələrinin təcəssümüdür. Azərbaycan xalqı Novruzu hər zaman xüsusi təmtəraqla, ürəklərdə sevgi və xoş niyyətlərlə qeyd etmiş, bu bayramı əsrlər boyu milli kimliyinin ayrılmaz hissəsi kimi qoruyub saxlamışdır.
Bu gün müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttlə Prezident İlham Əliyevin liderliyində öz inkişafının ən yüksək dövrünü yaşayır, ölkəmiz dünyanın diqqət mərkəzində olan tədbirlərə ev sahibliyi edir, beynəlxalq problemlərin həllinə öz töhfəsini verir.
Ali Baş Komandan İlham Əliyevin liderliyində Vətən müharibəsində qazanılmış tarixi Zəfər və lokal antiterror tədbirləri ilə dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması nəticəsində dədə-baba yurdundan ayrı düşmüş soydaşlarımız öz evlərinə geri qayıdır, Novruz bayramını doğma torpaqlarında yüksək mənəvi ruhla qeyd edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da ölkəmizdə gedən inkişaf prosesində yaxından iştirak edir və alimlərimiz elmi tədqiqatları, innovativ layihələri və beynəlxalq əməkdaşlıq əlaqələri ilə Azərbaycan elmini yeni mərhələyə daşımaqdadırlar.
Əziz həmkarlar, Novruz təkcə baharın gəlişi deyil, eyni zamanda yenilənmək, inkişaf etmək, yeni zirvələr fəth etmək üçün ruh yüksəkliyi gətirən bir bayramdır. Bu bayram günlərində hər birinizə cansağlığı, ruzi-bərəkət, ailə səadəti və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.