Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2025 13:50
  • A-
  • A
  • A+

BDU-da “Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi” mövzusunda elmi seminar keçirilib

BDU-da “Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. BDU və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr, magistrant və doktorantlar, həmçinin AMEA əməkdaşları iştirak ediblər.

İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı seminarı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə məhz 27 mart tarixinin “Elm günü” kimi qeyd edilməsi AMEA-nın yaranması ilə bağlıdır. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci ildə imzaladığı Sərəncamla hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir. “Elm günü” münasibəti ilə fakültədə silsilə tədbirlər keçirildiyini deyən dekan bu gün təşkil edilən yeddinci seminarda AMEA-nın “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının Azərbaycan bölməsinin sədri filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun məruzəsinin dinləniləcəyini bildirib. Vurğulayıb ki, bugünkü tədbir, həmçinin AMEA-nın 80 və “Elm” nəşriyyatının 100 illik yubileylərinə həsr edilib.

Sonra AMEA-nın “Elm” nəşriyyatının direktoru fil.ü.f.d. Səbuhi Qəhrəmanov “Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi” mövzusunda məruzə ilə çıxış edib. Natiq mövzunun aktuallığını vurğulayaraq bildirib ki, elmi ədəbiyyatın nəşri akademik biliklərin sistemləşdirilməsi və yayılmasında mühüm rol oynayır. O, qeyd edib ki, akademik nəşriyyat fəaliyyəti ölkədə elmin inkişafına, onun qlobal elm məkanına inteqrasiyasına, eləcə də tədqiqatların metodoloji cəhətdən beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir. Elmin inkişafının cəmiyyətin tərəqqisinin əsas göstəricilərindən biri olduğunu deyən məruzəçi bildirib ki, hər hansı bir sahənin formalaşması, ilk növbədə, həmin sahədə aparılan elmi tədqiqatlar və onların geniş şəkildə yayımlanması ilə bilavasitə bağlıdır. Direktor elmi biliklərin sistemləşdirilərək cəmiyyətə təqdim edilməsinin məhz elmi nəşrlər vasitəsilə mümkün olduğunu vurğulayıb.

Məruzəçi elmi ədəbiyyatın nəşr tarixinin Azərbaycanda elmin inkişaf mərhələləri və elmi təşkilatlanmanın formalaşması kontekstində sistemli şəkildə araşdırılmasının vacibliyini vurğulayıb: “Akademik İsa Həbibbəyli haqlı olaraq ötən əsri elmimizin təşkilatlanma mərhələsi adlandırır. O, 1923-1945-ci illəri akademiya quruculuğu üçün qurumun yaradılmasının başlanğıc, hazırlıq dövrləri, 1945-1969-cu illəri Akademiyanın təşkilatlanması və elmi əsaslarının formalaşdırılması dövrü, 1969-1982-ci illəri intibah dövrü kimi səciyyələndirir. İsa Həbibbəyli 1983-1993-cü illəri tənəzzül və böhran mərhələsi, 1993-2003-cü illəri Milli Elmlər Akademiyasının quruculuq dövrü, 2003-2022-ci illəri modernləşdirmə mərhələsi, 2022-ci ildən etibarən isə Milli Elmlər Akademiyasının yeniləşmə və islahatlar dövrü kimi dəyərləndirir. Şübhəsiz ki, elmin inkişaf mərhələləri elmi ədəbiyyatın nəşr tarixinə də öz təsirini göstərib”.

Natiq AMEA-nın “Elm” nəşriyyatının fəaliyyət göstərdiyi yüz il ərzində elmi ədəbiyyatın nəşr tarixindəki  rolundan danışıb. O, bu işdə nəşriyyata müxtəlif illərdə rəhbərlik etmiş Ziya Bünyadov, Əjdər Xanbabayev, Faiq Məlikov, Şirindil Alışanlı və digər ziyalıların böyük əməyinin olduğunu söyləyib, onların əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb.

Nəşriyyatın beynəlxalq əməkdaşlığından danışan natiq bildirib ki, müəssisə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası (BEAA) ilə əməkdaşlıq edir, akademik kitab nəşri sahəsində əlaqələrini gücləndirir. S.Qəhrəmanov 2020-ci ildə BEAA-nın Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının üzvü seçildiyini, nəşriyyatın 9-12 mart 2021-ci il tarixlərində Türkiyədə təşkil olunmuş “6th Istanbul Publishing Fellowship Program”ında yaxından iştirak edərək sertifikata layiq görüldüyünü deyib. Həmçinin vurğulayıb ki, nəşriyyatda hazırlanan “Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar” adlı kitab 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərin Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı beynəlxalq kitab müsabiqəsində “Elm və təhsil” nominasiyası üzrə I yeri tutub. Məruzəçi nəşriyyatın 2019-cu ildən etibarən hər il respublika və beynəlxalq əhəmiyyətli sərgilərdə fəal iştirak etdiyini, dəfələrlə diplom və sertifikatlara layiq görüldüyünü diqqətə çatdırıb.

Direktor 2023-cü ildə AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı ilə “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müvafiq qərar qəbul etdiyini, EASE-nin nəzdində XI daimi bölmə – Azərbaycan bölməsi yaradıldığını nəzərə çatdırıb: “1-3 iyun 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş EASE-nin XVII Baş Assambleyasında ölkəmizi təmsil etdi. Tədbir çərçivəsində TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM-in direktoru Mehmet Mirat Satoğlu, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçı və mütəxəssislərlə görüşlər keçirdik, elmi redaktorların peşəkar inkişafını, elmi redaktənin qlobal standartını və keyfiyyətini yaxşılaşdırmaq istiqamətində aparılan müzakirələrdə, eləcə də EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” mövzusunda konfransda da iştirak etdik”.

S.Qəhrəmanov son bir neçə ildə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən yeniləşmə və islahatlar çərçivəsində “Elm” nəşriyyatının modernləşmə və inkişaf prosesi keçdiyini bildirib: “Akademiya rəhbərliyinin nəşriyyata göstərdiyi diqqət və qayğı nəticəsində müəssisənin fəaliyyəti müasir tələblər səviyyəsinə qaldırılıb, beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirib. 25 ildən artıq müddət ərzində texniki bazasında heç bir yenilik edilməyən nəşriyyat son iki il ərzində maddi-texniki bazasını əsaslı şəkildə yeniləyərək müasir standartlara uyğunlaşdırılıb”.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Fakültə dekanı dosent Ələmdar Cabbarlı, Sənəd menecmenti kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Solmaz Sadıqova çıxış edərək məruzənin sistemli şəkildə hazırlandığını bildiriblər. Vurğulayıblar ki, məruzədə Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi sistemli şəkildə təhlil olunub, inkişaf istiqamətləri, əldə olunmuş mühüm nəticələr ətraflı şəkildə göstərilib. S.Qəhrəmanovun çıxışında “Elm” nəşriyyatının tarixinə, elmi ədəbiyyat nəşrinə dair dəyərli məlumatlar verdiyini qeyd edən natiqlər məruzəni fakültənin tələbələri, gələcəkdə nəşriyyat fəaliyyəti ilə məşğul olacaq gənc kadrlar üçün mühüm töhfə kimi qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: