AMEA-nın Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş “Novruz bayramı: sosial-mədəni konteksti və dəyərlər sistemi” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev Novruz bayramının sosial-mədəni konteksti, ümumbəşəri dəyərlər baxımından fəlsəfəsi, eləcə də metaforik-simvolik mahiyyəti haqqında danışıb. Alim qeyd edib ki, 2009-cu ildə çoxmillətli nominasiya kimi UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilən Novruz bayramı özünün fəlsəfi mahiyyəti baxımından yüksək bəşəri dəyərlərə söykənir. Novruz bayramı və İlaxır çərşənbə vaxtı icra olunan adət və ənənələrin, eləcə də inanc və davranışların hər biri dünyanın yaradılışını simvolizə edir. İstər yumurta döyüşdürmə, istər falabaxma, istərsə də tonqaldan atlanma və s. kimi ritual davranışların metaforik-simvolik mahiyyəti birbaşa olaraq yaradılışla əlaqəlidir. Novruz bayramı təbiətin oyanışını, köhnənin – qışın başa çatması, metaforik olaraq ölməsi ilə yazın gəlişini, oyanışı, dirilişi özündə ehtiva edir. Xüsusilə də, İlaxır çərşənbə gecəsi, şər qarışandan sonra uşaqların evlərə papaq atmağa getməsi, yumurta döyüşdürməsi, arzu-niyyət tutaraq “çilə” çıxarması, əslində, bugünün məntiqi ilə izah oluna bilməyən, lakin metaforik-simvolik mahiyyət daşıyan davranışlardır.
Sonra seminarın məruzələri dinlənilib. İnstitutun Mərasim folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilov “Türk xalqlarında Novruz adətləri” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Novruz Yeni gün, Yengi kün, Yeni yıl, Yılbaşı, Yazbaş, Çağan Navrız, Ergenekon kimi 25-ə yaxın ad altında Şərqi Türküstandan Anadoluya, oradan Balkanlara qədər uzanan geniş bir coğrafiyada, təbiətin canlanması ilə birlikdə yenidən dirilmənin, birlik və bərabərliyin simvolu olaraq qeyd olunur.
“Biz Novruza ritual, mərasim və bayram kimi diaxron sırada və ya sinxron cərgədə baxsaq, o zaman bu terminoloji tavtologiya kimi qəbul edilməməlidir. Çünki bunların hər birinin məsələnin bir tərəfini izah etməyə kömək edən məna çaları vardır. Novruz tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir, təqvim bayramıdır və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni müasir milli bayram anlayışı onların məcmusunu özündə ehtiva edir”, – deyə alim vurğulayıb.
Sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin “Novruz bayramının etnokulturoloji sistemdə yeri” mövzusunda məruzəsi dinlənilib. Alim qeyd edib ki, Novruz bayramının etnokulturoloji semantikasının, milli mədəniyyət sistemində yeri, funksiyası və strukturunun öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Novruz bayramı sadəcə adət-ənənələrdən ibarət ritual hadisəsi yox, həm də xalqın milli-mənəvi dəyərlərini özündə yaşadan düşüncə sistemidir. Bu bayramı etnokultoroloji semantika baxımından, əslində, milli kimlik bayramı da adlandırmaq olar.
İlaxır çərşənbələrdən də bəhs edən dosent Ş.Albalıyev bildirib ki, çərşənbələrin 4 yaradıcı ünsürü cəmləşib yekunda yeni həyatın əsasını təşkil edən Novruzun gəlişinə zəmin yaradır. Bu mənada ilaxır çərşənbələr və Novruz bütövlükdə eyni yaradılış ideyasına xidmət etməklə bütöv bir mərasim kompleksini təşkil edir. Bu bayramın bütün simvolikası yenidən doğuluşu təcəssüm etdirir.
Seminarda çıxış edən Müasir folklor şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayat vurğulayıb ki, bir çox dünya xalqları, o cümlədən Azərbaycan türkləri ilin bəlli günlərini bayram kimi qeyd edirlər. Payızda, qışda və yazda dünya xalqları yaşadıqları coğrafiyaya, təsərrüfat sisteminə, ailə-məişət məsələlərinə, etnik və psixoloji nüanslara uyğun sıralayaraq Novruzu bayram kimi keçiriblər. Məsələn, soyuq iqlim şəraitində, şimalda yaşayan xalqlar bu bayramı qışda keçiriblər, köçəri maldarlar, xüsusən də, türklər bu bayramı ilk baharda keçiriblər. Türklər bu bayramı "Yengi gün" adı ilə keçiriblər. Sonralar fəsillərin dəyişməsi, gecə-gündüzün bərabərləşməsi ilə əlaqədar olaraq bu bayram martın 21-22-nə keçib.
Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, tədbirdə qonaq qismində iştirak edən aşıqlar – Ozan Şiar Ağdaşan və Aşıq Şahturna ifalarını təqdim ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.