Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 75 yaşı tamam olur
27.03.2025 12:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 75 yaşı tamam olur

Martın 27-də görkəmli türkoloq-alim, Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin 75 yaşı tamam olur.

Əbülfəz Quliyev 1950-ci ildə Naxçıvan şəhərində anadan olub. 1966-cı ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən alim təyinat üzrə Naxçıvanda 1 saylı orta məktəbdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə yeni yaradılmış Naxçıvan Elm Mərkəzinə kiçik elmi işçi olaraq qəbul edilib. 1973-cü ildən Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında Azərbaycan dili müəllimi vəzifəsində çalışıb.

1979-cu ildə “Qədim türk Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda namizədlik, 2003-cü ildə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2006-cı ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

O, 2003-cü ildə Ümummili Lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Əbülfəz müəllimin tədqiqatlarının mühüm bir qismi Azərbaycanın ulu diyarı Naxçıvanla bağlıdır. Bölgənin dialekt və şivələrini, adət-ənənələrini, folklorunu, tarixini, görkəmli yetirmələrinin fəaliyyətini müxtəlif aspektlərdə öyrənən alimin belə tədqiqatları Azərbaycanşünaslığın tərkib hissəsi olan Naxçıvanşünaslığa layiqli töhfələrdir. Onun xüsusən qardaş Türkiyə Cümhuriyyətində müxtəlif vaxtlarda nəşr olunmuş aşağıdakı kitabları bu baxımdan mühüm dəyərə malikdir: “Tarihte ve günümüzde Nahçıvan” (akademik İ.Hacıyevlə birgə), “Azerbaycan düğün türküleri”, “Azerbaycan halk edebiyatında Nahçıvan manileri”, “Nahçıvan ağızı” (T.Gülensoy ilə birgə), “Nahçıvan ağızlarının söz varlığı” və s.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, 1971-ci ildən Naxçıvan Dövlət Universitetində çalışır. Müəllim, baş müəllim, dosent və professor vəzifələrinədək yüksəlib.1993-cü ildən 2003-cü ilə qədər universitetin Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. Hazırda həmin kafedranın professorudur.

Qədim türk yazılı abidələri, orta əsrlərdəki türk dilləri və abidələri, tarixi onomastika, dialektologiya sahələri üzrə tədqiqatlar aparmış alim elm təşkilatçısı kimi səmərəli fəaliyyət göstərir. Onun rəhbərliyi, elmi məsləhətçiliyi ilə müdafiə olunmuş fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyaları görkəmli alimin yeni elmi kadrların hazırlanması işinə ardıcıl diqqətinin, məsuliyyətli münasibətinin nəticəsidir.

Görkəmli alim Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Terminologiya komissiyasının, Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Birliyin Ağsaqqallar Şurasının,Türkiyə Cümhuriyyəti İLESAM təşkilatının, Avrasiya Yazarlar Birliyinin üzvüdür. AMEA-nın “Xəbərlər” (dil, ədəbiyyat və sənətşünaslıq seriyası),“Türkologiya”, “Filologiya məsələləri” və s. elmi jurnalların redaksiya heyətlərinin üzvüdür, AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” (ictimai və humanitar elmlər seriyası) jurnalının baş redaktorunun müavini, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitututunun “Axtarışlar” jurnalının baş redaktorudur.

Əbülfəz Quliyevin xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, Türkiyə Cümhuriyyəti Avrasiya kültür, sənət və turizm qurumunun medalı, İran İslam Respublikası Təbriz Universitetinin beynəlxalq “Şəhriyar” medalı, Türkiyə Elmlər Akademiyasının “İlin elm adamı” mükafatı ilə təltif olunub.

Azərbaycan elminə yarım əsrə yaxın uğurla xidmət göstərmiş AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevi 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, yeni nailiyyətlər arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: