Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.04.2025 09:48
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə elmi məruzə dinlənilib

Humanitar Elmlər Bölməsinin Elmi şurasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə elmi məruzə dinlənilib

2025-ci ilin 16 avqust tarixində tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Ölkə Prezidentinin Sərəncamının əhəmiyyətini nəzərə alaraq və tanınmış Azərbaycan şairi Bəxtiyar Vahabzadınin 100 illiyi ilə əlaqədar Humanitar Elmlər Bölməsinin Elmi şurasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Esmira Fuadın təqdimatında “Bəxtiyar Vahabzadənin ictimai-fəlsəfi dünyasına qısa bir baxış” adlı elmi məruzə dinlənilib.

Alim qeyd edib ki, , hər kəsin görə bilmədiyini görə-görə, hər kəsin yazmağa cəsarət etmədiyini sehirli sözlərə çevirə-çevirə, ən önəmlisi, insan oğlunun könül dünyasındakı fırtınaları, özü-özünü anlaya bilməsi yolunda çəkdiyi iztirabları, daxili dünyasındakı qarşıdurmaları və bu məşəqqətli yollarda, mənəvi saflaşma prosesində qüsurlarının olmasını anlaya-anlaya, nənəsinin danışdığı nağılları, babasının insan əməyinə verdiyi dəyəri xatırlayaraq dünyanın haradan başlanıb, harada bitdiyini çözə-çözə Bəxtiyar Vahabzadə oldu. Toxunduğu mövzu və hadisələri yalnız görüb müşahidə etməklə kifayətlənməyən, zəngin fantaziyası ilə həqiqətləri yazan, yaşadığı hiss və duyğuları səmimi şəkildə ifadə edən həssas bir şair kimi sevildi.

Təbii, əsərlərində həm də özünü ifadə edən Bəxtiyar Vahabzadənin amacı həyatı bir insan kimi hiss etmək, filosof kimi duymaq, şair kimi qələmə almaq idi. Bəs, insan nə zaman həyatı və dünyanı hiss etməyə başlayır? Sualın cavabı çox sadədir: Əlbəttə, insan mənəvi ağrılar, əzablar içində qovrula-qovrula və iztirablar alovundan keçə-keçə yaşamın mahiyyətinə varır, yavaş-yavaş həyatı, dünyanı dərk edir...

Vətənsevər böyük türk - Yavuz Bülənt Bakilərin eynilə Hz. Məhəmməd Peyğəmbər kimi Uca Tanrıya xitabən “Allahım! Mənə ağlaya biləcək bir cüt göz ver!” duasına məhz Bəxtiyar Vahabzadənin qan qardaşı kimi qatıldığı apaçıq bir gerçəkdir. Ömrü boyunca Azərbaycanın dərdlərinə, sağalmayan tarixi yaralarına yandı-yaxıldı, göz yaşlarını saxlaya bilmədi tanıdığımız və sevdiyimiz Bəxtiyar Vahabzadə...

Bəxtiyar Vahabzadə kökləndiyi böyük ruha hər zaman sadiq qalır. Şair xoş səda¬larla, avazla oxunan zəngin ana laylasının möhtəşəm ahənginin körpəliyindən bəri in¬san oğlunu min illərin o tayından süzülüb gələn ruha, milli varlığına, özünə və soykökünə bağladığına inanır. O, “Beşik” şeirində layla, oxşama və bayatıların öz əsrarəngiz ahəngi ilə insanı ruhən gözəlləşdirməsindən, özünü dərk etməsindən söz açır. Hələ beşikdə ikən anaların laylalar və ana südü ilə birlikdə evladlarına bir çox önəmli xüsusiyyətləri də ötürdüklərini diqqətə çatdırmağı unutmur:

Laylanın hər halı bir ümid, güman,

Onun ahəngilə qaynadı qanım.

Anamın yanıqlı laylalarından,

Süzüldü ruhuma Azərbaycanım...

Şair əsərlərində insan ürəyindəki eşq atəşinin ana dilinə, Vətən torpağına, mənsub olduğu xalqa olan sonsuz sevgidən qaynaqlandığını bəyan edir. Onun üçün Vətən gözəlliklər məskəni, gözlə görülən, əllə tutulan bir obyekt, maddi dəyəri olan bir nəsnə deyil. Vətən yer üzünə əbədi işıq saçan günəş də deyil. Vətən, hər şeydən əvvəl, sinə-sində bəslədiyi insanların tarixi, dili, dini, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri, musiqisi, ruhsal dünyası - mənəviyyatıdır. Şair bu mənəviyyatın dəyərini bilən və əbədi yaşadan qutsal keşikçilərin - qələm sahiblərinin, kəfəni boynunda mübarizə meydanlarına atılan, millətinin tarixini meydanlara gətirən və yazan, tarixin özü qədər qiymətli və böyük olan igidlərimizin, şəhidlərimizin çəkdiyi iztirabları ağ vərəqlərə köçürür. “Şəbi-hicran”da dahi Füzulinin, “Ağlar-güləyən”də ölməz Sabirin, “Zindanda şeir”də mütəfəkkir Hüseyn Cavidin, “Nakam”da dərdli Məhəmməd Hadinin, “Fəryad”da iki cahan şairi Nəsiminin, “İstiqlal” və “Şəhidlər” də müqəddəs şəhidlərimizin, həm də şəhid yurd yerlərimizin obrazlarını yaradır. Bu müqtədir insanlara ədəbi heykəl ucaltmaqla bərabər, eyni zamanda milli mücadiləyə etibar və sədaqətini də əks etdirir. O, yazdı və yazdıqlarına inandı ki:

İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyir-şəriylə.

Torpağın bağrına cəsədləriylə

Azadlıq toxumu səpdi şəhidlər...

Uluyurdumuza 1990-ci ildə səpilən azadlıq toxumları öz bəhrəsini verdi. Azərbaycan xalqı tarixi müstəqilliyinə qovuşdu, milyonlarla soydaşımız kimi Bəxtiyar Vahabzadə də bəxtiyarlığına qovuşdu. Müstəqillik adlı əvəzsiz nemətin qorunması, əldən verilməməsi üçün yenidən mübarizəyə qatıldı. Millətinin uğurlarına, sevincinə sevindi, nöqsanlarına, dərdlərinə üzüldü, cəmiyyətimizdə mövcud olan çatışmazlıqlarına kədərləndi. 1990-cı ilin 20 Yanvarında, tarixə “Qanlı yanvar” kimi düşən tarixi gündə Uluyurdumuz Azərbaycanın bağımsızlığı yolunda canını qurban verən azadlıq aşiqlə-rinin-şəhidlərin yarım qalan ömrünə, nakamlığına vaysındı. İllərlə xalqımızın dostu olduğuna və sadəcə, Vətənin istiqbalı uğrunda böyük bir imperiyanın, təpədən dırnağa ən müasir silahlarla silahlanan “Qızıl ordu” əsgərlərinin qarşısına əliyalın çıxan və qarşı tərəfin öz dostuna güllə atmayacağına inanan saf niyyətli, qurd ürəkli oğullarımızın ağır tankların tırtılları altında param-parça olan canlarına ağı dedi. Şəhid olan igid oğulların şərəfinə “Şəhidlər” adlı qəm və fərəh dastanı yaratdı, şəhidliyin fəlsəfəsini açdı…

Təəssüf ki, onun ürəyində və əsərlərində yaşatdığı şəhidlərin sayı az deyil. Əlcəzair Milli Qurtuluş Hərəkatının fədailəri (“Yollar-oğullar”), tərk edilən, cismən ölmədən mənən ölümə məhkum edilib qocalar evinə atılan valideynlər, tənhalığa sürüklənən insanlar, yaşlı ana və atalar, nənə və babalar (“Atılmışlar”), tatar şairi Musa Cəlil (“Uçun nəğmələrim”) və Vyetnam xalqının müstəqillik mücahidləri (“Təzadlar”), ləyaqətini həyatından üstün tutan 13 yaşlı Saşa Loqvinov (“Ləyaqət”) da bu sıraya daxildir ...

Əlbəttə, Bəxtiyar Vahabzadənin qələmə aldığı poemaların hər biri ayrı-ayrılıqda mükəmməl sənət əsəri olmaqla, qapsadığı məna tutumu, fəlsəfi içəriyi ilə şeirləri qədər diqqətcəkən, cəlbedici və yadda qalandır. Bilmirsən ki, hansını ilkin olaraq dilə gətirəsən, məziyyətləri barədə söz deyəsən, təəssüratlarını bölüşəsən, hansına daha cox üstünlük verəsən?! “Şəbi-hicran”amı, “Gülüstan”amı, “Latin dili”nəmi, “Atılmışlar”-amı, “Muğam”amı, ya “Etiraf”amı? Epik şeirin ustadı olduğunu sözsüz təsdiqləyən “Amerika gözəli”, “Bağışlayın, səhv olub”, “Ləyaqət”, “Leninlə söhbət”,  “İki qorxu”, “Qiymət”, “Qəm içində sevinc”, “Vətən mənəm, mən Vətənəm”, “Hər baharın öz qaran-quşu”namı? Bunları bir-birindən necə fərqləndirəsən, necə sıralayasan ki, şairin ruhunu incitməyəsən?

Onore de Balzak “Milləti ədəbiyatı olan çox böyük topluluq” sayırdı. Mehmet Emin Yurdakulsa: “Bırak beni haykırayım, susarsam, sen matem et! Unutma ki, şairleri haykırmayan bir millet sevenleri toprak olmuş öksüz çocuklar gibidir…” – deyirdi. Bəxtiyar Vahabzadə hər iki azman sənətkarın söylədiklərini əsərləri və istiqlal uğrunda savaşı, ardıcıl surətdə apardığı mübarizə ilə təsdiqlədi...

Bəxtiyar Vahabzadə sadəlikdə böyüklük, adilikdə qeyri-adilik görməyi bacarırdı. Bütün gördüklərini könüllərə yol tapan fikirləri ilə bəzəyir, xalqın mənəviyyatına bağlı olan yüksək ideallara heyranlıq yaradan sənət dili ilə bir-birindən mənalı əsərlərini yaradırdı. İctimai motivli şeirlərindəki zəriflik, gözəllik, inanc, vətəndaşlıq duyğularını təqdim və təlqin etməsi, cəmiyyətin, eləcə də insanların qüsurlarını görməsi, ənənələrə və kökünə bağlılığı ilə şeirini keçmişlə gələcək arasındakı mənəvi körpüyə çevirməsi baxımından qüdrətli şairin xidmətləri misilsizdir. Eyni zamanda, şairi fərqləndirən başlıca cəhətlərdən biri də sadə xalq dilində yazması, xalqın həyatını, möhtəşəm tarixini əks etdirməsi və coşqun vüsətlə keçmişlə gələcəyi qovuşdurmasıdır. Bu mənəvi körpünün ən möhkəm sütunlarından biri isə “Muğam” poemasıdır. Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Bethovenin və Baxın yazdığı əsərləri, xüsusilə Q.Qarayevin “Leyli ilə Məcnun” süitasını və Bethovenin 12-ci simfoniyasını dinləməkdən usanmayan B.Vahabzadənin ən çox sevdiyi musiqi janrları arasında, heç şübhəsiz, Azərbaycan xalq musiqisinin xüsusi yeri vardı. Çünki xalq musiqimizin kökləri muğamlarımızdan rişələnir. Şairin şeirlərinə bəstələnən mahnılar sırasında Elza İbrahimovanın “Gecələr bulaq başı” mahnısı öndə gəlir. Bu ecazkar mahnını daha çox bəyənməsinin əsl səbəbi də mayasında muğam elementlərinin olması, bəstəkarın sanki musiqinin dili ilə danışması, sözlərin rəsmini cızmasıdır... Muğam sadəlikdə böyüklükdür. Xalqın ağrılarından, içinə axıtdığı göz yaşlarının ələmindən yaranan dəryalar qədər dərin, sular tək duru, çoxqatlı fəlsəfi mənalara söykənən möcüzəli bir sənət növüdür. “Muğam” poemasında muğamın, klassik musiqi janrının fəlsəfəsini, sirlərini açmağa çalışan şair, tədqiqatçıların da ifadə etdiklərinə görə, bədii məqsədini reallaşdırmış, istəyinə nail olmuşdur... Bəxtiyar Vahabzadə “Muğam” poemasında saysız-hesabsız kitablar oxuduğunu, buna görə də özünü bilgin və bəxtiyar sandığını açıq şəkildə etiraf edərək deyir: “Mənə çox mətləbləri ahəstəcə qandırdı muğam...”

                                  Daş ürəklərdə yanıb daşları sındırdı muğam,

                                  Haqqa düşmən olanı Haqqa tapındırdı muğam.

                                  Nə güman eyləmisən ondakı tilsimləri sən,

                                  “Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

                                  Onun hər guşəsi bir xatirə, bir canlı kitab,

                                  Keçilən yolları hərdən bizə andırdı muğam ...

Özünü dramaturq kimi də təsdiqləyən sənətkar müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Cəzasız günah”, “Rəqabət” kimi lirik-fəlsəfi-psixoloji pyeslər araya-ərsəyə gətirir. Fəlsəfi dərinliyi, ictimai-siyasi yönü, kəskin publisistikası ilə diqqət çəkən bu əsərlərdə günün aktual problemləri, müasirlərimizin iç dünyası, gündən-günə yenilənən, dəyişən yaşam və insan ilişgilərinə poetik baxış sərgiləyən şair iç-içə yaşadığımız cəmiyyətin, gerçəkliyin hərtərəfli mənzərəsini yaradır, həyatın ən müxtəlif tərəflərinə işıq salır. “Layiqli səhnə təcəssümünü taparaq yarım əsrə yaxın Azərbaycan səhnəsindən düşməyən bu əsərlər sırasından növbəti pyesi olan “Özümüzü kəsən qılınc”ı ustad şair Türkiyənin və bütün Turanın böyük sənətkarı Hüseyn Nihal Atsızın “Bozqurdların ölümü” romanının təsiri ilə yazıb. Tarixin dərin qatlarına enərək, o cümlədən “Kitabi-Dədə Qorqud” dastanının motivlərinə söykənərək qələmə aldığı bu əsəri şair Nihal Atsızın əziz xatirəsinə ithaf edib. Əsəri başdan-ayağa milli folklor ənənələrində kökləyən B.Vahabzadə pyesdə gənc araşdırmaçı Aynur İbrahimovanın da yazdığı kimi, “qurddan törəyən, qədim Türk soylarından gələn Aşina ailəsinin qurduğu Göytürk xaqanlığının tarixi təşəkkül yolunu, mübarizə tarixini təsvir edir. Bəxtiyar Vahabzadə ən qədim Türk dövlətlərindən olan və adında ilk dəfə Türk adı yer alan Göytürklərə aid dastanlara müraciət edir. Türklərin islamı qəbul etmələrindən öncə təşəkkül tapan Bozqurd və Ergenekon əfsanələrini əsərinə köçürür...”

Həm də əminliklə deyə bilərik ki, ənənələrə, gələnəklərə yeni nəfəs verərək gündəmə gətirən Bəxtiyar Vahabzadənin məhz bu addımı siyasi dünyagörüşünün, fəlsəfi düşüncələrinin ifadəsi, incə diplomatiyasının təcəssümüdür.

Ədəbiyyatsevərlərə məlumdur ki, hələ 1960-70-ci illərdə “Gülüstan”, “Latın dili”, “Şəbi-hicran”, sonralar isə “Muğam” poemaları barədə geniş söhbətlər gedib, müzakirə və təhlilər aparılıb, gündəmin əsas mövzularına çevrilib. Ancaq nədənsə “Etiraf” fəlsəfə içərikli poeması, bizcə, bir qədər diqqətdən kənarda qalıb və bu əsər barədə nisbətən az danışılıb... Elə bu səbəbdən də “Etiraf” poeması ilə ilgili bəzi fikirlərimizi oxucularla bölüşmək ehtiyacı duyuruq. Şairin yaradıcılığını ardıcıl izləyənlər bilirlər ki, o, bəziləri kimi sevilən poeziyasına, qazandığı şöhrətə görə qürrələnməyib, özünü heç vaxt təkəbbürlü aparmayıb. Axı, Bəxtiyar Vahabzadə etiraf etməyi bacaran və onu dilə gətirməkdən çəkinməyən, hətta yanlışlarını belə cəsarətlə söyləməkdən utanmayan şair-insan idi. Həmişə özü-özünə hesabat verir, daim daxili “Mən”i ilə üz-üzə qalmağı tərcih edir, sanki içində qurduğu vicdan məhkəməsində özü-özünü dara çəkirdi və... bütün bu çəkişmələrin sonucunda “Bircə ondan raziyam ki, özümdən narazıyam!” - qənaətinə gəlirdi. Bəlkə də böyuk şair bu düşüncəni bir şeirdə, bir beytdə tam verə, acıqlaya bilmədiyini düşünərək “Etiraf” poemasını qələmə almışdır. Səmimi etirafı sevən qələm sahibinin bircə beyti bu fikirləri sərgiləməyimə əsas verir. Və tanınmış şair Qəşəm İlqarın fikrincə, “Etiraf elə şairin özünə həsr etdiyi “Avtoportret” əsəridir...”

Etiraf vicdanın nəğməsi, neyi,

Hər kəsin özündən öc almasıdır.

Qəlbin həm kicilib, həm böyüməyi,

İnsanın alçalıb-ucalmasıdır!

Diqqət yetirsək, beytlə bənd arasında nə qədər yaxınlığın, eyniyyətin mövcud¬luğunu görərik! Şairə görə etiraf mənən paklaşmaq, saflaşmaq, təmizlənmək, durul¬maqdır. Bundan ötrü haralarasa getmək, dünyaca məşhur ziyarətgahları ziyarət etmək, Kəbəni yeddi dəfə dolan¬maq, “Qara daşı” öpmək deyil, sadəcə özünə kənardan baxa bilmək, özünün özünü görməyin gərəkdir:

Özündə ozünü sən görə bilsən,

Yəqin bil, ey insan, təmizlənərsən!

Bu təmizlənmənin sonucunda anlayırsan ki, insan eynən doğulduğu bölgənin, yerin təbiətinə bənzəyir, dağ adamı dağlardan, aran adamı ucsuz-bucaqsız düzənlik¬lərdən, yamyaşıl ormanların saflığından, gözəlliklərindən güc, qüvvət alır. Və bütün bu müşahidələrin, dərketmələrin sonucunda anlayırsan ki, biz Vətənik, Vətən də biz...

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,

Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.

Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,

Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

Tədbirdə Bəxtiyar Vahabzadənin ailəsi adından gəlini, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəna Rzayeva çıxış edərək qeyd edib ki, Azərbaycan poeziyasında milli ruhun, azadlıq eşqinin və mənəvi dəyərlərin carçısı olmuş Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının ən parlaq simalarından biridir. Onun yaradıcılığı yalnız sənət baxımından deyil, həm də ictimai-siyasi və fəlsəfi dəyərləri ilə seçilir. Bəxtiyar Vahabzadənin poeziyası bir amal, bir mübarizə məktəbidir. O, sözün əsl mənasında əqidə şairidir - milli mənsubiyyətinə, ədalətə, azadlığa və insan vicdanına sadiq bir sənətkardır.

Filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva bildirib ki, əqidəli sənətkar olmaq hər dövrün yazarı üçün asan olmamışdır. Xüsusilə sovet totalitarizmi kimi sərt senzura şəraitində, istibdadın hökm sürdüyü bir zamanda bu əqidəyə sadiq qalmaq həm cəsarət, həm də yüksək mənəvi məsuliyyət tələb edirdi. Bəxtiyar Vahabzadə məhz belə bir dövrdə sözün gücünü silaha çevirərək xalqın dərdini dilə gətirmişdir. Onun poeziyası yalnız duyğuların ifadəsi deyil, həm də bir xalqın tarixini, taleyini, həsrətini mübarizəsini ehtiva edən yaradıcılıqdır.

Həyatını Vətən, millət, dil uğrunda şam kimi yandıran şairin yaradıcılığı haqqında sonsuza kimi danışmaq olar. Bəxtiyar Vahabzadə yaddaşlarda  şair, dramarurq, alim, publisist olmaqla bərabər həm də böyük ictimai xadim kimi yaşayır. Bəxtiyar Vahabzadə yaradıcılığının nüvəsində əqidə, amal durur. Şair ömrünün sonunadək əqidəsinə sadiq qalıb, getdiyi, seçdiyi yoldan dönməyib, sapınmayıb. Onun üçün Vətən sevgisi, milli dəyərlər, dilin qorunması hər zaman xüsusi qiymət kəsb edib. Şairin yaradıcılığında milli oyanış, xalqın azad yaşamaq  haqqı əsas yer tutur. Şairin Azərbaycanlılığı ilə qürurlanmasını əks etdirən bu misralar əvəzsizdir.

                        Azərbaycan oğluyam,

                        Odu Allah sanmışam.

                        Anam torpaq,

                        Atam od,

                        Mən oddan yaranmışam:

                        Od kimi istiqanlı,

                        Seltək dəliqanlıyam.

                        Həyat qədər qədiməm,

                        Torpaq qədər şanlıyam.

                        Od kimi yandıranam,

                        Su kimi söndürənəm

                        Məni yandırsalar da,

                        Suda batırsalar da,

                        Yenə mənəm, mən mənəm!

Şairin yaradıcılığındakı bu “əqidə mən”i, “amal mən”i  bir an olsa belə, sönməyib. “Ana Vətən”, “Ana dili” məsələsi bütün yaradıcılığı, hətta həyatı boyu davamlı şəkildə təzahür edib. Bəxtiyar Vahabzadəni  ən çox incidən, narahat edən məqamlardan  biri,  şübhəsiz ki, “Ana dili” məsələsi  olub. O, bu məsələni hər zaman qaldırmış və “Ana dili” uğrunda çox mücadilə etmişdir:

                        Ana dili adlanır bizim ilk dərsliyimiz....” -

misraları ilə başlayan məşhur “Ana dili”  şeiri Azərbaycanın ən önəmli qəzeti olan “Kommunist qəzeti”nin ilk səhifəsində dərc olunur.

Şübhəsiz ki, mübarizə, mücadilə bununla bitmir, mütəmadi davam edir, müxtəlif fəndlərə, üsullara əl atılırdı. Buna bariz nümunə  kimi 60-cı illərdə yazılmış “Latın dili” şeirini xüsusi qeyd etmək lazımdır:

                                      Latın dili!

                                      Hər sözündə dünya boyda yük daşıyır,

                                      Latın dili!-

                                      Millət ölüb, dil yaşayır.

                                      “Ana” deyən, “torpaq” deyən,

                                      “Vətən” deyən yox bu dildə.

                                      Ancaq yenə yaşar bu dil.

Şair Latın dilinin timsalında dil problemini çox uğurlu bir şəkildə cəmiyyətə çatdırmışdır, dilin yaşaması  xalqın, millətin, vətənin yaşamasının əsasını təşkil edir, dil varsa, onun üzərində, o kötük üzərində  xalq da, Vətən də dirçələr.

Filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva çıxışının sonunda heç vaxt əqidəsindən, amalında dönməyən böyük, filosof şair Bəxtiyar Vahabzadənin möhtəşəm  “Axı dünya fırlanır” şeirindən iki bəndi xatırlatmışdır:

            Min-min illər bu dünya beləcə fırlansa da,

            Bir yuvanın bülbülü min budağa qonsa da,

            Aylar, illər, fəsillər bir-birini dansa da,

            Dəyişməzdi əqidəm, çox da dünya fırlanır,

            Nə qədər istəyirsə, min o qədər fırlana,

            Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.

            Çərxi-fələk istəyir lap dolana tərsinə,

            Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında, həmçinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli çıxış edərək görkəmli şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, mən Bəxtiyar Vahabzadənin tələbəsi olmamışam, o səadət bizə nəsib olmayıb. Amma o, bütün dövrlərdə yaşayan insanların ustadı, müəllimi ünvanını qazanmış türk dünyasının tanınmış simalarındandır. Qeyd edib ki, “bir zamanlar təsis etdiyim “Elimiz. Günümüz” adlı elmi-kütləvi və ədəbi-mədəni qəzetin  hər sayında “Bizdən olanlar” başlığı altında Bəxtiyar Vabahzadə haqqında məqalələrə yer verilib. Burada dərc olunan 23 yazıda görkəmli şair və pedaqoq Bəxtiyar Vahabzadənin sadiq tələbəsi, şair-publisist Dərviş Osman Əhmədoğlunun 219-cu auditoriyada təhsil aldığı illərdəki xatirələri işıqlandırılıb. 2016-cı ildə həmin xatirələrin toplandığı “219-cu auditoriya” kitabı işıq üzü görüb və böyük maraqla qarşılanıb. Bu kitab Bəxtiyat Vahabzafənin Şəki şəhərindəki Ev Muzeyində də nümayiş olunur. Düşünürəm ki, Bəxtiyar müəllimi tanımaq istəyiriksə, təksə onun şeirlərini oxumaqla yanaşı, onun tələbələri olan insanları dinləməyi, onun haqqındakı xatirələri bölüşməyi bacarmalıyıq və özümə borc bilirəm ki, bu kitabı yenidən Sizin diqqətinizə çatdırım”.

Bildiririk ki, Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə AMEA-nın Humanitar Elmlər Bölməsində regional elmi bölmələrin də təklifləri nəzərə alınmaqla Tədbirlər planı hazırlanaraq Rəyasət Heyətinə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: