AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi, AR ETN Dendrologiya İnstitutu, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, AR ETN Mikrobiologiya İnstitutu və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə “Bilik yarışı” müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsinin məqsədi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etməkdir.
Bu kimi silsilə olaraq təşkil edilən əyləncəli, metodik layihələrin məqsədi Azərbaycanı gənc nəslə tanıtmaq, II Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, Vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı tərənnüm etməkdir. Təşkil edilən yarışda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak ediblər. İştirakçıların təqdim etdiyi bacarıqlar STEAM, şeir, foto və əl işlərindən ibarət olub. Müsabiqədən öncə rəsm əsərlərinə və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Dendrologiya İnstitutunda baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
AMEA-nın müxbir üzvü AR ETN Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov müsabiqə haqqında məlumat verərək bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən müsabiqənin əsas məqsədi təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əsasında geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir. Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. O, sərgidə nümayiş olunan əsərlərin gələcəkdə Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacağına inamını ifadə edib. O, gənclərin intellektual səviyyələrini inkişaf etdirmək üçün bu kimi müsabiqələrin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov elmin cəmiyyətin inkişafındakı önəmindən danışaraq, AMEA-nın 80 illik fəaliyyətindən bəhs edib. Vurğulanıb ki, Azərbaycan EA-nın inkişafının ən əlamətdar mərhələsi Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin Birinci dövrünə təsadüf edir. 1983-1993-cü illərdə tənəzzül dövrünü yaşayan Azərbaycan EA Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə özünün yüksələn inkişaf yoluna qədəm qoymuşdur. 2001-ci ildə Ulu Öndərin xüsusi Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusunun verilməsi, 2016-cı ildə “Elm haqqında Azərbaycan Respublikası Qanunu”nun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 mart - Elm Gününün təsis edilməsi, o cümlədən elm sahəsində aparılan islahatlar elmə və elm adamlarına göstərilən diqqətin təzahürüdür. Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını deyən alim bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O, sərgidə təqdim olunan əsərlərin Ümummilli Lider Heydər Əliyevə, Azərbaycanın müstəqillik tarixinə, şanlı qələbəmizə, eləcə də qələbənin əldə olunmasında qəhrəmanlıqları, misilsiz xidmətləri ilə yaddaşlara həkk olunmuş şəhidlərimizə və qazilərimizə həsr olunduğunu söyləyib. Alim növbəti yaradıcılıq müsabiqəsinin işğaldan azad edilmiş ərazilərimizə, həmin ərazilərdə Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakətlərə, Azərbaycanın şanlı tarixinə həsr olunmasını məqsədəuyğun hesab edib.
Tədbirdə AR ETN Dendrologiya İnstitutunun baş direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova çıxış edərək vurğulayıb ki, sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzə borc bilirik. Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək”.
Daha sonra məktəblilərin hazırladıqları şeir və rəqs, musiqi nömrələrindən ibarət kompozisiyalar təqdim olunub.
Sonda müsabiqənin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. İlk üç yerin qalibi diplom Fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.
Qeyd edək ki, “Bilik Yarışı” adlı yaradıcılıq müsabiqəsinə ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Sənaye Universiteti APU, İlahiyyat İnstitutu, Mərdəkan Mədəniyyət Sarayı, Xəzər rayon gənclər və idman evi, Pirallahı gənclər evi, Nizami Mədəniyyət sarayı, Respublika İncəsənət Gimnaziyası, Slavyan Universiteti, Rəssamlıq Akademiyası, İnformasiya Texnologiyalar İnstitutu və 20-yə qədər orta məktəbin şagirdləri komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.