Azərbaycanda ən qədim dövlətlərin yaranma tarixi başlıca olaraq arxeoloji tədqiqatlar əsasında öyrənilir. Ənənəvi olaraq belə hesab edilir ki, Şimali Azərbaycan, yəni müasir Azərbaycan Respublikasının ərazisində ilk dövlət Albaniya olmuşdur və bu dövlət e.ə. IV əsrdə yaranmışdır. Şimali Azərbaycanda Albaniya dövlətinin yaranmasına qədərki bütün tarixi mərhələlər bir qayda olaraq ibtidai icma quruluşuna aid edilmişdir. Ən yaxşı halda e.ə. II minilliyin sonu - I minilliyin əvvəlləri ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid, dövlətin ilk rüşeymlərinin yaranma mərhələsi kimi qiymətləndirilmişdir.
Albaniya dövlətinin yaranmasına gətirib çıxaran tarixi proseslər uzun mərhələlərdən keçmişdir.
Hələ Neolit dövründə − e.ə. VII-VI minilliklərdə bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycanda erkən istehsal təsərrüfatı təşəkkül tapmışdır. Sonrakı tarixi mərhələdə e.ə. V minilliyin ikinci yarısı – IV minilliyi əhatə edən Son Xalkolit dövründə istehsal təsərrüfatı daha da yüksəlmiş, Azərbaycanın qədim əhalisinin qonşu regionların tayfaları ilə mədəni-iqtisadi əlaqələri genişlənmişdir. Bu dövrdə Azərbaycan Yaxın Şərq sivilizasiyalarının tərkib hissəsi kimi inkişaf edirdi. Arxeoloji qazıntılar bu tarixi mərhələdə Azərbaycan ərazisində Leylatəpə arxeoloji mədəniyyətinin yayıldığını sübuta yetirmişdir. Bu dövrdə, yəni e.ə. IV minilliyin birinci yarısında Leylatəpə mədəniyyətinin sıx bağlı olduğu Yaxın Şərq əraziləri, yəni Şimali Mesopotamiya və Şərqi Anadolu erkən dövlətlərin yaranma ərəfəsində idi. Həmin regionlardakı bir sıra istehsal-idarəçilik ənənələrinin bir qismi Leylatəpə mədəniyyəti abidələri timsalında Arazdan şimaldakı Azərbaycan torpaqlarında da yayılmışdır.
Bu mədəniyyətə aid abidələrdən aşkar edilmiş möhürlər, sıravi, kasıb qəbirlərlə yanaşı, xüsusi qaydada çiy kərpiclərlə qurulmuş qəbir kameraları və bu qəbirlərdə metal xəncərlər, qızıldan və gümüşdən düzəldilmiş bəzək əşyaları hələ Xalkolit dövründə cəmiyyətdə iyerarxik münasibələrin rüşeymlərinin yarandığını göstərir.
İlk Tunc dövründə – e.ə. III minillikdə Kür-Araz mədəniyyətinin də yayıldığı Cənubi Azərbaycanın Urmiya hövzəsində, Şərqi Anadolu-Şimali Mesopotamiyada artıq sinifli cəmiyyətlər və erkən şəhər dövlətləri yaranmışdı.
Qarabağ, Gəncə-Qazax bölgələrində, Qəbələ rayonunda Kür-Araz mədəniyyətinin ilk mərhələsinə aid iri ölçülü qəbir kameraları olan, onlarla insanın dəfn edildiyi kurqanlar tədqiq edilmişdir. Bu kurqanlarda eyni tayfanın və ya qəbilənin üzvləri müxtəlif vaxtlarda dəfn edilirdilər. Sonrakı mərhələdə – e.ə. III minilliyin birinci yarısından başlayaraq tək və ya qoşa dəfn adəti yayılmağa başlamışdır. Belə qəbirlərdə bəzən tuncdan hazırlanmış balta, xəncər və s. silahların, qızıldan və gümüşdən bəzək əşyalarının aşkar edilməsi sosial-iqtisadi təbəqələşmənin kifayət qədər dərin olduğunu və bu qəbirlərdə dəfn edilənlərin cəmiyyətin imtiyazlı üzvləri olduğunu göstərir.
Yaxın Şərqlə sıx iqtisadi-mədəni əlaqələr kontekstində inkişafın məntiqi nəticəsi olaraq artıq Orta Tunc dövründə − e.ə. II minilliyin birinci yarısında Naxçıvan və Qarabağ bölgələrində müdafiə istehkamlarına malik yaşayış yerləri meydana çıxmışdır. Belə abidələr sırasında Naxçıvandakı II Kültəpə və Qarabağda, Ağdam rayonu ərazisindəki Üzərliktəpə abidələrini xüsusilə qeyd etmək lazımdır. Bu yaşayış yerləri hələ 3,5 - 4 min il əvvəl dövlətin erkən forması olan şəhər dövlətlərin Azərbaycanda yarandığını ehtimal etməyə əsas verir.
Azərbaycan ərazisində tədqiq edilmiş Orta Tunc dövrünün nəhəng kameralı kurqanları bəhs edilən məsələ ilə əlaqədar diqqəti cəlb edir. Çoxsaylı, zəngin arxeoloji materiallarla müşayət edilən, Şəmkirdə Qaracəmirli, Ağstafada Həsənsu və Oğuzda Kərimli kurqanlarının cəmiyyətin imtiyazlı şəxslərinin şərəfinə qurulduğu şübhə doğurmur. Belə iri ölçülü kameralara malik kurqanların hələ İlk Tunc dövründə yayıldığı artıq yuxarıda qeyd edilmişdir. Lakin həmin kurqanlarda onlarla insanlar dəfn edilirdi. Orta Tunc dövrünün bu tip kurqanları isə bir şəxsin təmtəraqlı dəfn edilməsi üçün nəzərdə tutulurdu. Bu isə öz növbəsində cəmiyyətdə artıq lider, rəhbər şəxslərin – hömdarların meydana çıxdığını göstərir. Bu dövrdə Naxçıvanda yayılmış boyalı qablar mədəniyyəti isə məhz şəhər sənətkarlığının məhsulu idi.
E.ə. II minilliyin ikinci yarısında bu proseslər daha da dərinləşmiş və xüsusilə Naxçıvan ərazisində çoxsaylı şəhər tipli yaşayış yerləri meydana çıxmışdır. Həmin yaşayış məskənləri müşahidə bürcləri ilə müşayiət olunan və müəyyən müdafiə sistemi qanunlarına uyğun olan qala divarlarına malik idilər. Belə erkən şəhər-qalalardan Naxçıvandakı Sədərək qalası, Oğlanqala, Şahtaxtı, Çalxanqala, Qalacıq və s. abidələri göstərmək olar. Hər birinin sahəsi onlarla hektar ərazini əhatə edən bu qalalar əlbəttə, qədim şəhər dövlətləri olmuşlar. Gədəbəy, Daşkəsən rayonlarının dağlıq ərazilərində iri qayalarla inşa edilmi siklop (təpəgöz) tikililər adlanan onlarla qalalar aşkar edilmişdir.
İqtisadiyyatın sürətli inkişafı, istehsal məhsullarının artımı e. ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəllərində xüsusi mülkiyyət sisteminin formalaşması üçün hərtərəfli zəmin yaratmışdır. Azərbaycanın qərb bölgəsində Qazax, Ağstafa, Gədəbəy, Qax və Mingəçevirdən bu dövrə aid pintaderlər – gildən hazırlanmış iri ölçülü möhürlər aşkar edilmişdir. Azərbaycanın qərb bölgəsində, xüsusilə Qazax rayonundakı abidələrdə belə möhürlər daha çoxlu sayda əldə edilmişdir. Bu möhürlərdən Xocalı-Gədəbəy mədəniyyəti cəmiyyətində həm xüsusi mülkiyətin qeydiyyatı, həm də müəyyən dini ritualların icrası zamanı istifadə edilmişdir. İstənilən halda bu möhürlər cəmiyyətin seçilmiş, yüksək təbəqəyə malik imtiyazlı şəxslərinə məxsus idi. Bu tapıntılar Son Tunc-İlk Dəmir dövrü cəmiyyətinin təbəqələrə – siniflərə bölündüyünün əyani sübutlarından biridir.
Bu dövrdə metal istehsalı xüsusilə geniş yayılmışdır. Eyni zamanda dəmirin kəşfi ilə yeni və daha keyfiyyətli bir metal insanların həyatına daxil olmuşdur. Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətlərinə aid abidələrdən aşkar edilmiş tuncdan və dəmirdən hazırlanmış çoxsaylı xəncərlər, təbərzin baltalar, nizə və ox ucluqları, qılınclar və s. silah növləri heç şübhəsiz, artıq geniş əraziləri əhatə etmiş, müəyyən silahlı, güc strukturları olmuş erkən dövlət qurumlarının mövcudluğunu göstərir.
E.ə. IX əsrdə Van gölü ətrafında yaranmış, ermənilərə qədərki, indi Ermənistan adlandırılan ərazini işğal etmiş Urartu dövləti e.ə VIII əsrdən başlayaraq müəyyən qarətçi yürüşlər etsə də bilavasitə qonşu coğrafiyada yerləşən Azərbaycanın Naxçıvan, Qarabağ və Gəncə-Qazax bölgələrini ələ keçirə bilməmişdir. Bu bölgələrdə əhali qalalarda və müdafiə istehkamlarında möhkəmlənmiş və urartululardan müdafiə olunmuşlar. Arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş istehkam-qalalar və çoxsaylı silah nümunələri o dövrdə yadellilərə qarşı vuruşan silahlı qoşunların olduğunu, müdafiənin lazımi səviyyədə təşkil edildiyini deməyə əsas verir.
Eyni zamanda e.ə. VIII əsrə aid Urartu yazılarında Göyçə gölündən şərqdəki ərazilərin Albaniya (Kuxa-Albani) adlandırılması barədə məlumat yer almışdır. Həmin məlumatlara əsasən Albaniya ərazilərinə hücumlar edən urartulular 20 qalanı, 120 şəhəri qarət etmiş, çoxsaylı insanları və mal-qaranı qənimət kimi aparmışlar. Onlar bu yerlərə gələndə çox zəngin, inkişaf edən bir ölkə ilə rastlaşmışdılar. Əlbəttə, burada şəhərlər dedikdə urartulular sadəcə yaşayış məntəqələrini nəzərdə tuturdular. Lakin həmin dövrdə Azərbaycan ərazisində qədim şəhər təsnifatına uyğun olan yaşayış məskənlərinin də sayı az deyildi.
Cənubi Qafqazla bağlı Urartu mənbələrində və onların təhlilində göstərilirdi ki, “Urartu çarı III Sardur şimalda İoniya, Veli-Kuxi (Kolxida?), Kuxa-Albani (Albaniya) kimi əhəmiyyətli dövlətlərə, işklərin (skiflərin) çarlığına hücumlar edir, yəni az qala Qara dəniz və Xəzər dənizinin sahillərinə gedib çatır, öz hakimiyyətini Kür çayının cənub sahillərinə yayırdı” (İ.İ.Meşşaninov).
Göründüyü kimi, e.ə. VIII əsrə aid Urartu mənbələrində Albaniya həm ölkə, həm də dövlət olaraq xatırlanır. Diqqətəlayiq haldır ki, yazılı mənbələrin bu məlumatları arxeoloji qazıntıların nəticələri ilə daha da möhkəmlənir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Xocalı-Gədəbəy və Naxçıvan mədəniyyətləri abidələrində aparılan tədqiqatlar zamanı onlarla qalalar (o cümlədən iri, erkən şəhər tipli), çoxsaylı silahlar aşkar edilmişdir. Bu qalaların bir çoxu Urartu çarlarının qarətçi hücumlarının arealında yerləşirdi.
Eyni zamanda, Qəbələ, Dərbənd, Mingəçevir, Mil düzündə Qaratəpə və s. yaşayış yerlərində Son Tunc-İlk Dəmir dövrü təbəqələrinin davam edərək bilavasitə Antik dövrə bağlanması faktları artıq müəyyən edilmişdir. Bu baxımdan Qəbələdə aparılmış qazıntılar daha maraqlıdır. Burada Antik dövr şəhər qalıqlarından altda İlk Dəmir dövrünə – e.ə I minilliyin birinci yarısına aid mədəni təbəqə aşkar edilmişdir. Çox zaman hər iki dövrün qalıqları qarışıq halda aşkar edilmişdir. Bunlar keramika məmulatı, ərzaq saxlamaq üçün şaquli olaraq torpağa basdırılmış təsərrüfat küpləri, daş toxalar, obsidian alətlərdir. Ən maraqlısı isə bu təbəqədə, IV qazıntı sahəsində Son Tunc-İlk Dəmir dövrünə aid, 200-ə yaxın sistemli sıralanmış, standart ölçülərə yaxın təsərrüfat quyularının aşkar edilməsidir. Qazıntıların genişləndiriləcəyi təqdirdə bu quyuların sayının daha çox olacağı şübhə doğurmur. Bu ənənə fasiləsiz olaraq davam etmişdir və Antik dövrə aid təbəqədə də onlarla belə quyular və ya onlara basdırılmış iri təsərrüfat küpləri aşkar edilmişdir.
Lokal bir sahədə ərzaq saxlanması üçün iri anbar, 200-ə yaxın təsərrüfat quyusu o dövrdə, yalnız iri şəhər məskəninə məxsus ola bilərdi. Aparılan qazıntılar Qəbələ şəhərinin e.ə. V-IV əsrlərdə yox, daha qədim dövrdə, ən azı e.ə. I minilliyin ilk əsrlərində yarandığını göstərir. (Həmin təbəqə üzrə radiokarbon analizlərin aparılması olduqca vacibdir). Antik Albaniyanın kütləvi istehsal sahəsi olan dulusçuluq, metalişləmə sənətkarlıq nümunələrinin prototipləri Xocalı-Gədəbəy mədəniyyətindən məlumdur.
İri təsərrüfat küplərinin sıralanmasından ibarət anbar qalığı Tovuz rayonunda Son Tunc dövrünə – e.ə. XIV-XIII əsrlərə aid (Cal. BC 1410-1200) Xunan yaşayış yerində də aşkar edilmişdir. Belə böyük ərzaq anbarları, əlbəttə, o dövrün yalnız şəhər tipli yaşayış məskənləri üçün səciyyəvi idi.
Beləliklə, yazılı mənbələr və arxeoloji qazıntılar təxminən 3 min il əvvəl – Son Tunc-İlk Dəmir dövründə, Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti arealında, bu mədəniyyətin inkişafı nəticəsində yaranmış, Şimali Azərbaycan ərazisinin böyük hissəsini əhatə edən dövlət qurumunun olduğunu və bu dövlətin məhz Albaniya adlandığını göstərir.
Nəcəf MÜSEYİBLİ, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.e.d., professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.