Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2025 09:32
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı Vyanada keçirilən konfransda iştirak edib

Neft və Qaz İnstitutunun əməkdaşı Vyanada keçirilən konfransda iştirak edib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov  Avstriyanın Vyana şəhərində keçirilən Avropa Yer Elmləri İttifaqının Baş Assambleyası – EGU25 konfransında iştirak etmiş və Azərbaycan üzrə aparılan son tədqiqat nəticələrini beynəlxalq elmi ictimaiyyətə təqdim etmişdir (Bahruz Ahadov, Eric Fielding, and Fakhraddin Kadirov. Far-Field Seismic Triggering Effects on Faults and Mud Volcanoes in Azerbaijan: Insights from InSAR and GNSS Results. https://doi.org/10.5194/egusphere-egu25-2969).

Təqdim olunan tədqiqat, uzaq məsafədən dinamik tətiklənmə adlanan “geoloji fenomenin” Qafqaz regionunda – xüsusilə Azərbaycanın aktiv fay zonaları və palçıq vulkanları ərazisində müşahidə edildiyini ilk dəfə elmi əsaslarla sübut edir. Bu nəticələr, 2023-cü ildə Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin Azərbaycandakı geodinamik prosesləri aktivləşdirdiyi InSAR (İnterferometrik Sintetik Apertura Radar), GNSS (Global Navigation Satellite System) və optik məsafədən zondlama texnologiyaları vasitəsilə əldə olunmuşdur.

Tədqiqatın nəticələri, güclü zəlzələlərin uzaq məsafədəki ərazilərdə deformasiya və geoloji aktivliyi tətikləyə biləcəyini göstərmişdir. Bu, həm regional seysmik təhlükələrin yenidən qiymətləndirilməsi, həm də geodinamik modellərin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Təqdimat EGU25 konfransında iştirak edən beynəlxalq alimlər tərəfindən böyük maraqla qarşılanmış və təqdim olunan nəticələr bu ilin ən diqqətçəkici elmi işlərindən biri kimi qeyd olunmuşdur.

Konfrans çərçivəsində Bəhruz Əhədov Amerika Birləşmiş Ştatları, İtaliya, Almaniya və İsrail kimi ölkələrdən olan alimlərlə görüşərək elmi müzakirələr aparmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: