AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ulu Öndәr Heydәr Әliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, hörmət və ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə AMEA nın elmi müəssisə və təşkilatlarını təmsil edən həmkarlar təşkilatlarının sədrləri, Mülki Müdafiə qərargahının rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək ehtiramlarını ifadə ediblər.
AMEA-nın Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov giriş nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin tarixi, siyasi, eyni zamanda elmi müstəvidə dərindən təhlil edilməsini zəruri edən amillərdən söz açıb. Qeyd edib ki, Heydər Əliyevin dövlətcilik fəlsəfəsi, strateji düşüncə tərzi və milli maraqlara əsaslanan qərarları müstəqillik tariximizdə elmi araşdırmalar üçün mühüm baza rolunu oynayır. Bu irsin sistemli tədqiqi gələcək nəsillərə milli inkişafın fundamental əsaslarını və müstəqillik fəlsəfəsini daha aydın anlamağa imkan verir. S. Həsənov bildirib ki, bu gün AMEA-da Ulu Öndərin həyat və fəaliyyətinə dair tədqiqatlar yeni mərhələyə daxil olub. Onun siyasi kursunun elmi əsaslarının öyrənilməsində elmi məktəblər formalaşıb. AMEA rəhbərliyinin bu istiqamətə xüsusi diqqəti ilə həm də yeniləşən kadr potensialı elmi uğurlara imza atıblar.
Sənan Həsənov həmkarlarımızın ölkəmizdə yüksək səviyyəli tədbirlərdə təmsil olunmasını yüksək qiymətləndirərək Heydər Əliyev şəxsiyyətinin miqyası və missiyasına dair alimlərimizin elmi tədqiqatlarının əhəmiyyətli mənbə olmasına diqqət çəkib. Fundamental, kollektiv monoqrafiyaların gənc nəslə verdiyi töhfələrdən danışıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının son vaxtlar qarşıya qoyduğu fəaliyyət proqramının da dahi siyasi xadimin dövlətcilik irsinə sədaqətlə xidmətdə bariz nümunə olduğunu bildirib.
Tədbirdə çıxış edən AMEA-nın Rəyasət Heyəti aparatının Mülki Müdafiə şöbəsinin müdiri Nizami Vəliyev, Heydər Əliyev irsinin gənc tədqiqatçısı, ictimai fəal Sənan Hüseynov, tarixçi alim Faiq Babayev, ehtiyatda olan polkovnik Aqil Seyidov və başqaları Ulu Öndər Heydər Əliyevin xalqımıza, dövlətçiliyimizə və elmimizə bəxş etdiyi əvəzsiz töhfələr barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Heydər Əliyev fenomeni yalnız siyasi deyil, həm də elmi və mənəvi dəyərlər sisteminin mühüm sütununa çevrilib. Onun dövlətçilik fəaliyyəti Azərbaycan tarixində misilsiz iz qoyub, davamlı inkişafın möhkəm təməllərini formalaşdırıb, Prezident İlham Əliyevin timsalında siyasi varisliyin uğurlu nümunəsini yaradıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bəyan ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.