AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri geologiya-mineralogiya elmlər doktoru, professor Adil Əliyevin birgə həmmüəllifliyi ilə “Эволюция Представлений О Связи Грязевого Вулканизма с Сейсмичностью В Азербайджане” (Azərbaycanın seysmikliyi ilə palçıq vulkanizmi arasındakı əlaqələrə dair baxışların təkamülü) mövzusunda məqaləsi “Вышка” qəzetində dərc olunub.
Məqalədə Azərbaycan ərazisində palçıq vulkanları ilə seysmik hadisələr arasında əlaqənin tədqiqinin elmi baxımdan inkişaf mərhələləri nəzərdən keçirilir.
Qeyd edək ki, XIX əsrin ortalarından başlayaraq bu əlaqənin mümkünlüyü haqqında fikirlər irəli sürülmüş və sonrakı dövrlərdə faktlarla təsdiqlənmişdir. Müəlliflər çoxsaylı konkret misallarla göstərirlər ki, əksər palçıq vulkanı püskürmələri bölgədə baş verən zəlzələlərlə eyni vaxtda və ya az fərqlə qeydə alınmışdır. Palçıq vulkanlarının püskürməsi çox zaman yaxınlıqdakı zəlzələlərlə tətiklənmiş, xüsusilə onlar eyni tektonik qırılma zonasında yerləşdikdə daha aydın müşahidə olunmuşdur. Aparılan araşdırmalar göstərir ki, zəlzələlər palçıq vulkanlarının aktivləşməsində əgər vulkan aktivlik üçün kifayət qədər daxili enerji toplayırsa “tətik mexanizmi” kimi çıxış edir. Buna Lökbatan, Şıxzərli və Quşçu kimi aktiv vulkanların yaxınlıqdakı güclü zəlzələlərdən sonra püskürməsi nümunə kimi göstərilib. Həmçinin qeyd edilib ki, son 200 ildə 93 vulkanda 441 püskürmə qeydə alınmışdır. Aparılan geokimyəvi tədqiqatlar helium, bor və digər elementlərin konsentrasiyasındakı dəyişikliklərin zəlzələlərin xəbərçisi ola biləcəyini göstərmişdir.
Məqalədə o da qeyd edilib ki, palçıq vulkanlarının seysmikliklə əlaqəsi istiqamətində aparılan tədqiqatlar müasir metodların (zəlzələlərin əsasında gərginliyin qiymətləndirilməsi, İnSar, GPS) tətbiqi ilə davam etdirilir. Müasir seysmoloji avadanlıqların və yeni texnologiyaların tətbiqi nəticəsində əldə olunan məlumatlar palçıq vulkanlarının geodinamik proseslərdə mühüm rol oynadığını və seysmik hadisələrin tədqiqində əhəmiyyətli göstəricilər ola biləcəyini sübut edir. 2003-cü ildən etibarən Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən palçıq vulkanlarının püskürmə vaxtı, davametmə müddəti, fazalarının sayı, ocağın dərinliyi və püskürmənin enerjisi təyin edilir. 2022-ci ildə dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanlarının dinamikasının öyrənilməsi məqsədilə müvafiq monitorinq qrupu yaradılmışdır.
Məqalə ilə maraqlanlar buradan tanış ola bilərlər:
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.