1991 -ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan xalqı uzun illərdən sonra dövlət müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik firavanlıq, sabitlik və güc yox, əksinə, dərin siyasi böhran, vətəndaş qarşıdurması, idarəetmə iflici və xarici təhdidlər dalğası ilə müşayiət olunurdu. 1991-1993-cü illər Azərbaycan tarixində "müstəqillik illəri" olmaqdan çox "dövlətin yox olmaq təhlükəsinə yaxın dövr" kimi səciyyələndirilə bilər.
1993-cü ilin iyununda ölkədə real olaraq vətəndaş müharibəsi riski yaranmışdı. Gəncə hadisələri, müxtəlif bölgələrdə silahlı dəstələrin hökmranlığı, dövlət idarəçiliyinin tam süqutu və xaosun hökm sürdüyü bir mühitdə xalqın ümidləri tükənmək üzrə idi. Məhz belə bir dönəmdə Azərbaycan xalqı tarixi şəxsiyyətə - Heydər Əliyevə üz tutdu. 1993-cü ilin iyun ayında xalqın israrlı tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bu tarixi an sonrakı illərdə Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı. O dövrdə yalnız fiziki yox, mənəvi dağınıqlıq da dərin idi. Cəmiyyət parçalanmış, dövlətin gələcəyinə inam sarsılmışdı. Heydər Əliyev təkcə idarəetməni bərpa etmədi, həm də xalqa inam, əminlik və gələcək üçün yol göstərdi. Bu, Azərbaycan xalqının taleyində xilaskarlıq missiyasının təcəssümü idi. Onun "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır" ifadəsi təkcə ritorika yox, siyasi-dövlət fəlsəfəsi idi.
Heydər Əliyev dövlətçiliyin təməl prinsiplərini möhkəmləndirdi, qətiyyəti, siyasi təcrübəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, dövlət idarəçiliyində sistemli islahatlara başlandı və ən əsası, müstəqillik qorunmalı və inkişaf etdirilməli bir dəyərə çevrildi.
Daxili sabitlik təmin olundu, silahlı qiyamların və separatçı meyillərin qarşısı alındı, hüquqi sistemin bərpası ilə mərkəzi hakimiyyət bərqərar edildi.
Ordu quruculuğuna başlanıldı, real və peşəkar ordu sistemi yaradıldı. 44 günlük Zəfərin təməli də məhz o dövrdə qoyuldu.
Ölkəmizin beynəlxalq nüfuz bərpa olundu, xarici siyasətdə balanslı, praqmatik və prinsipial kurs seçildi. Azərbaycan qlobal diplomatiyada etibarlı tərəfdaşa çevrildi.
Milli ideologiya formalaşdı, müstəqillik formal deyil, mənəvi dəyər kimi cəmiyyətə aşılandı. Xalq dövlətə sahib çıxmağın məsuliyyətini dərk etdi.
Milli Qurtuluş ideyası Azərbaycanın gələcək inkişafının, modern dövlət quruculuğunun və beynəlxalq nüfuzunun sütunu oldu. Məhz bu gündən sonra Azərbaycan siyasi sistem olaraq formalaşmağa, hüquqi dövlət strukturları qurmağa, iqtisadiyyatda liberallaşmaya, beynəlxalq aləmdə isə etibarlı tərəfdaş obrazı qazanmağa başladı.
Əgər o tarixdə siyasi idarəsizlik davam etsə, ölkə daxilindəki silahlı qarşıdurmalar və parçalanmalar davamlı xarakter alsaydı, Azərbaycan bu gün tamamilə fərqli bir coğrafi və siyasi reallıqla üz-üzə qala bilərdi. Belə olan halda, 1918-ci ildə qazanılmış müstəqillik necə ki, 23 ay davam etmişdi, 1991-ci ilin müstəqilliyi də oxşar taleyi yaşaya bilərdi.
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixində ikinci doğuluşun və dirçəlişin günüdür. Əgər 18 oktyabr müstəqilliyin başlanğıcı idisə, 15 iyun onun sabitliyinin və əbədiliyinin təminatıdır.
Azərbaycanın bu gün regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilməsi, Zəfər savaşı ilə öz ərazi bütövlüyünü bərpa etməsi və beynəlxalq arenada milli maraqlarını qətiyyətlə müdafiə etməsi 15 İyun - Milli Qurtuluş Gününün mirasıdır. Bu gün olmasaydı, bu inkişaf da olmazdı. Bu gün biz müstəqilliyimizin yalnız bir dövlət atributu deyil, tarixi şüurun və milli iradənin nəticəsi olduğunu görürük. 15 iyun xalqın dövlətinə sahib çıxması, liderinə inamı və tarixə öz möhürünü vurması günüdür.
Heydər Əliyevin qayıdışı bir dövlətin yenidən qurulması, bir millətin toparlanması və gələcəyə doğru inamla irəliləməsinin başlanğıcı idi. Bu gün güclü, sabit, beynəlxalq nüfuza malik, işğaldan azad olunmuş torpaqlarda üçrəngli bayrağını dalğalandıran Azərbaycan varsa, bu, o böyük qayıdışın nəticəsidir.
Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar və idarəetmə konsepsiyası nəticəsində Azərbaycan qısa müddətdə sosial-siyasi xaosdan çıxaraq dayanıqlı inkişaf mərhələsinə daxil oldu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə enerji resursları üzərində iqtisadi dirçəlişin əsası qoyuldu. Bu müqavilə yalnız iqtisadi artımı deyil, həm də Azərbaycanın geosiyasi mövqeyinin güclənməsini təmin etdi.
Qurtuluş Günü eyni zamanda cəmiyyətin siyasi şüurunun oyanmasına, milli birlik ideyasının möhkəmlənməsinə və dövlətçilik ənənələrinin bərpasına səbəb oldu. Dövlət-vətəndaş münasibətləri sağlam əsaslarla quruldu. Milli ideologiyanın əsasında Heydər Əliyev siyasi kursu formalaşdı: güclü dövlət, sabitlik, davamlı inkişaf və milli maraqların müdafiəsi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan yol, sadəcə sabitlik və idarəetmədə dönüş yaratmadı - Azərbaycanı regionda söz sahibi edən, müstəqilliyini möhkəmləndirən və gələcəyini təmin edən strateji inkişaf mərhələsinin əsasını qoydu.
Dövlət idarəetməsində ardıcıl və sistemli islahatlar həyata keçirildi. Azərbaycanın dövlətçilik təməlləri möhkəmləndirildi, hüquqi-normativ baza formalaşdırıldı və beynəlxalq müstəvidə etibarlı tərəfdaş imici yaradıldı. Ən əsası, Azərbaycan xalqı öz dövlətinə güvənməyə başladı.
Həmin dövrdə həyata keçirilən enerji strategiyası - xüsusilə "Əsrin müqaviləsi" - ölkənin iqtisadi dirçəlişinə təkan verdi. Xarici sərmayələr cəlb olundu, neft-qaz sektorunda sabitlik və artım təmin edildi. Bu isə büdcə gəlirlərinin artmasına, sosial proqramların icrasına və infrastruktur layihələrinin reallaşmasına yol açdı.
Regionların sosial-iqtisadi inkişafı təmin edildi, təhsil, səhiyyə və mədəniyyət sahələrinə dövlət qayğısı artırıldı, işsizliyin azaldılması və əhalinin sosial müdafiəsi üçün ciddi addımlar atıldı, sahibkarlığın inkişafı və özəl sektorun stimullaşdırılması üçün hüquqi baza yaradıldı. Bu nəticələr qurtuluşdan sonra formalaşan strateji idarəetmə modelinin uğurlarını real şəkildə ortaya qoydu.
Heydər Əliyevin qoyduğu təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yol davam etdirilərək yeni zirvələrə yüksəldi. Azərbaycanın son illərdə qazandığı uğurlar - beynəlxalq layihələrdə fəal iştirakı, Cənubi Qafqazda lider mövqeyi, nəqliyyat və enerji dəhlizlərində mərkəzi rol alması qurtuluşdan başlanan inkişaf fəlsəfəsinin davamıdır.
Milli Qurtuluş Günü yalnız siyasi hadisə deyil, həm də milli ideoloji konsepsiyadır. Bu gün azərbaycançılıq, dövlətçilik, liderlik və vətəndaş məsuliyyəti dəyərlərinin təməl daşı kimi cəmiyyətə aşılanır. Heydər Əliyev təkcə siyasi lider yox, həm də mədəniyyətin, elmin və mənəviyyatın qoruyucusu idi. O, hər bir vətəndaşı dövlətin dayağı kimi görürdü.
Qurtuluş Günü ilə başlayan sabitlik dövrü iqtisadi islahatların əsasını qoydu. 1995-ci ildə ilk demokratik Konstitusiya qəbul olundu. Dövlət strukturlarında modernləşmə prosesi başladı, regionların inkişafı üzrə ilk konsepsiya hazırlandı.
Qurtuluşdan sonra ölkədə təhsilin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin yüksəlişi istiqamətində həyata keçirilən layihələr milli kimliyin daha da möhkəmlənməsinə səbəb oldu. "Bir millət, iki dövlət" ideyası, multikulturalizm siyasəti, dövlət-din münasibətlərində balanslı model və regionların inkişafı siyasəti kimi təşəbbüslər milli birlik və həmrəyliyin təməl daşlarına çevrildi.
Bu gün Azərbaycanda fəaliyyət göstərən güclü dövlət institutları, beynəlxalq nüfuz, iqtisadi inkişaf, mədəni irsə göstərilən diqqət - bütün bunlar 15 iyun Qurtuluşunun bəhrələridir.
Bu yolun ən parlaq nəticələrindən biri isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədir. Azərbaycan Ordusu yalnız torpaqlarımızı azad etmədi, həm də dövlətimizin gücünü, liderliyin sarsılmaz iradəsini və xalqla iqtidar arasında möhkəm bağları nümayiş etdirdi. Qələbə yalnız hərbi deyil, həm də milli ruhun, strateji düşüncənin və tarixi liderliyin təntənəsidir.
Qurtuluşdan başlanan yol bu gün "Böyük Qayıdış" proqramı, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə davam edir. İşğaldan azad olunmuş ərazilərdə müasir şəhərlər, kəndlər salınır, "ağıllı" infrastruktur və "yaşıl enerji" konsepsiyaları tətbiq olunur. Bu proses yalnız yenidənqurma deyil, milli qürurun, tarixi ədalətin və strateji iradənin bərpasıdır.
15 iyunda atılan hər addım bu günün sabitliyi, iqtisadi dirçəlişi, siyasi nüfuzu və milli qüruru üçün zəmin yaradıb.
Azərbaycan dövləti bu gün dünya miqyasında sayılıb-seçilən, öz sözünü deyən, suveren siyasət yürüdən bir ölkədirsə, bu, məhz Qurtuluş yolunun parlaq nəticəsidir.
Hüseyn HÜSEYNOV, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru, dosent
Şəhla TAHİRQIZI, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent
“Respublika” qəzeti