Mədəniyyət kanalında “Vətənim” verilişinin əruz vəzninin tarixinə həsr edilən ilk buraxılışı yayımlanıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni olan əruz vəznindən bəsr edilib.
Əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcəmizə və folklorumuza uyğunluq məsələlərinə toxunan akademik Rafael Hüseynov bildirilib ki, şeir insanın su, çörək və hava kimi daima ehtiyac duyduğu bir nemətdir. Dilimizdə oturuşmuş və artıq çoxdan Azərbaycanlaşmış şeir kəliməsinin iki mənası var. Kökü ilə bu, ərəb sözüdür, mənalarından biri tük kimi incə deməkdir, digəri isə şüurla bağlıdır. Şeir də, şüur da əslində eyni kökdən və təməldən yaranıb. Tük kimi incə şeirin zərifliyinə, quruluşuna işarədir, şüurla bağlanması isə məna ilə əlaqədardır:
"Təsadüfi deyil ki, Azərbaycan şeirinin ən əlçatmaz zirvələrindən olan Məhəmməd Füzuli "Elmsiz şeir əsassız divar olur, Əsassız divar qayətdə bietibar olur" yazırdı. Vəznsiz şeir olmur, əski zamanlarda da məxsusi şeir vəzni yaradılmışdır, sonralar Avropanın da özünəməxsus şeir vəzni olmuşdur".
Akademik Rafael Hüseynov qeyd edib ki, əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd olub. Bu vəzn digər vəznlərlə müqayisədə musiqilik baxımından daha üstündür. Əruz ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə deməkdir. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır.
Diqqətə çatdırılıb ki, əruz vəzninin nəzəri əsaslarını isə Xəlil ibn Əhməd sonralar, VIII əsrdə, Hicrətin 150-ci ilində, Miladi tarixlə 767-ci ildə yaradıb. Ərəb dilində yazan azərbaycanlı şairlər hələ erkən orta əsrlərdən əruzun sirlərinə bələd olub, İmayıl ibn Yəsar, Musa ibn Şəhəvat, Əbul Əbbas Əl-Əma kimi şairlər əruz vəznində öz dövrlərində belə diqqət çəkən, təzkirələrə daxil ola biləcək, mətnlərinə musiqilər bəstələnəcək əsərlər qələmə alıblar.
Bildirilib ki, əruz vəzni iki yerə - əsli və qeyri-əsli bəhrlərə ayrılır. Əsli bəhrlər ancaq əsli bəhrlərdən, qeyri-əsli bəhrlər isə düzəltmə bəhrlərdən əmələ gəlir. İşlənməyən 26-bəhr vardır, işlənən bəhrlər isə 19-dur, onlardan əsası 11-bəhrdir. Azərbaycanlılar əruzun 12 bəhrində yazmışlar. XX yüzil Azərbaycan şairlərinin ən böyük xidmətlərindən biri əruzlu şeiri saf Azərbaycan dili ilə uyğunlaşdırmağı bacarmaları olmuşdur. Bu gün əruzun dünyada yaranmış şeir vəznlərinin ən musiqilisinin Azərbaycan poeziyasında böyük gələcəyi var.
Verilişdə akademik Rafael Hüseynov əruzşünaslıq elminin banisi Əkrəm Cəfərin 1968-ci ilin dekabrında qələmə aldığı sözləri səsləndirib. Qeyd edib ki, ilk dəfə Azərbaycanda əruz haqqında sanballı dissertasiyanı Əkrəm Cəfərli yazıb. Bu dissertasiyanın, Əkrəm Cəfərin işıq üzü görən əruz araşdırmalarının dalğası sonrakı illərin Azərbaycan ədəbiyyatşünaslığında aşkar görünən izini qoyub. 1970-80-ci illərdə Azərbaycanda ayrı-ayrı klassiklər haqqında müdafiə edilən dissertasiyaların, nəşr olunan monoqrafiyaların hamısında, əvvəlki dövrlərdəkindən fərqli olaraq, əruza ayrıca bölmə həsr edilməsi, yaradıcılıqların əruz baxımından təhlili ənənəviləşməyə başlayıb.
"Əruz vəzninin nəzəri əsaslarını bilmədən, əruz elminə yiyələnmədən də əruzlu şeir yazmaq mümkünlüyü muğamat elmini bilmədən, muğamatın dərsini almadan da muğam oxumağa bənzəyir. Əruz vəzni şeirdə kompas kimidir. Onu lazımınca bilməyəndən heç vaxt yaxşı mətnşünas da olmaz. Xəlil ibn Əhməd musiqiçi olduğundan tədbiri təməldən tökmüş, əruzun musiqililiyini təmin etmək üçün təfilələr düşünmüşdü. “Təfilə” kökünü “feil” sözündən alan kəlmələrdir. Əruzu çiynində daşıyan təfilələrə orta əsr mənbələrində gah əfail, gah təfail deyilib, yaxud elə sadəcə təfilə. Beş səsdən ibarət təfilələrə “əfail”, yeddi səsdən yarananlara “təfail” söylənib. Yaxud da sadəcə onun da, bunun da əvəzinə elə bir təfilə kəlməsini işlədiblər", - deyə Rafael Hüseynov əlavə edib.
“Vətənim” verilişini buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.