Martın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əli Poladın nəfis şəkildə yeni çapdan çıxmış “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri ilə yanaşı, İrandan gəlmiş qonaqlar daiştirak ediblər.
Gecənin aparıcısı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Təbriz sevgisindən və Əli Poladın doğulduğu yurda, torpağa sonsuz məhəbbətindən söz açıb.
Müəllifin bir-birindən dəyərli kitabları haqqında söz açan akademik bildirib ki, Əli Poladın Mirzə Əli Möcüzə, Ömər Xəyyama, həyat mənbəyi olan suya və digər mövzulara həsr etdiyi kitabların hər biri onun böyük və gərgin zəhmətinin bəhrəsidir.
Diqqətə çatdırılıb ki, 862 səhifəlik “Mədəniyyətlərin beşiyi: Təbriz” kitabı 7 fəsildən ibarətdir. Kitab beş dildə çap olunub.
Sonra Əli Poladın həyat yolundan bəhs edən videomaterial nümayiş etdirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Azərbaycanın böyük ziyalısı Əli Poladın Səfəvilərin paytaxtı olmuş, Şəhriyarın şəhəri, qədim Təbrizi keçmişi, zəngin tarixi, insanları, həsrəti ilə Bakıya gətirdiyini söyləyib.
Tədbirdə çıxış edən digər natiqlər Əli Poladın mənəvi dünyasından, gördüyü işlərdən söz açıblar. Onun Vətənə, torpağa bağlılığını, insanlara və insanlığa münasibətini yüksək dəyərləndiriblər.
Tədbir çərçivəsində, həmçinin Təbrizə həsr edilmiş sənədli filmin və diskin təqdimatı keçirilib.
Gecədə İrandan gəlmiş musiqi qruplarının ifasında Təbrizə həsr edilmiş mahnılar səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.