AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüşüb.
Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələri əhatə edən əlaqələrin gücləndiyini və yeni müstəviyə yüksəldiyini söyləyib. Qeyd edib ki, bu gün ölkələrimizin münasibətləri etibarlı tərəfdaşlığa, yüksək etimada söykənir və ölkələrimiz arasında viza rejiminin ləğvi bunun bariz nümunəsidir. Bu günlərdə Prezident İlham Əliyevin Çinə səfərinin strateji əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən AMEA rəhbəri dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi yüksək səviyyəli görüş, “ŞƏT plyus” formatında görüşdə iştirakı və geniş nitqinin Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına yeni nəfəs verəcəyini vurğulayıb.
Dövlət başçılarımızın açdığı geniş yolda Azərbaycanla Çin arasında elmi əlaqələrin də inkişaf etdiyini deyən akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və digər akademik qurumları ilə sıx əməkdaşlıq etdiyini, “Xəzərdən Çin səddinədək” mövzusunda birgə elmi layihənin icra edildiyini diqqətə çatdırıb. Bundan əlavə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, Akademiyanın Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya və digər institutlarında Çinə dair geniş tədqiqatların aparıldığını söyləyib.
Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini professor Çzin Çje çıxışında səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, ölkələrimiz arasında yüksək əlaqələrin genişlənməsinin elm xadimləri üçün də geniş imkanlar açdığını vurğulayıb. AMEA-da Çinə dair aparılan tədqiqatlardan məmnunluğunu dilə gətirən professor Çzin Çje birgə əməkdaşlığın genişləndirilməsi barədə təkliflərini səsləndirib.
Görüşdə, həmçinin institutun Mərkəzi Asiya və Qafqaz tədqiqatları şöbəsinin müdiri Ph.D. Zhang Ning, elmi əməkdaşlar Ph.D. Jiang Jing, Lyu Çang və Sun Danmen çıxış edərək apardıqları tədqiqatlar barədə ətraflı məlumat veriblər.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.
Çinli alimlər sonda Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.