Üzündə güllərin xoş rəngi vardı,
Səsində musiqi ahəngi vardı.
Hər şey, - yer də, göy də səni anardı,
Ürəyim od tutub, sənsiz yanardı.
İnsantək insandın, - nurlu ziyalı,
Gözəltək gözəldin, - abır-həyalı.
Xoş idi məramın, - saf və səyalı,
Məsum diləklərin Haqqa dayalı.
Sən bir gözəllik mücəssəməsi,
Analıq, əzəllik mücəssəməsi.
Sən öz xeyirxah əməllərinlə
Heyrətə salardın hər an hər kəsi.
Ürəyim çırpınar qəmdə-qəhərdə,
Baxar o gözlərin nurlu səhərdə.
Hələ neçə illər yaşayacaqsan
Həzin və duyğulu xatirələrdə.
Əziz xatirənə qoşulacaqdır
Saysız, kövrək, canlı xatirələr də!
Əziz, unudulmaz Aida xanım!
***
Hamının sevimlisi Aida xanıma
Kövrək bir çiçəkdin yaşıl çəməndə,
Günəş öz ruhunu arardı səndə.
Elə zərifdin ki, elə gözəldin,
Qısqanardı səni gül də, çəmən də.
Bitməyən bir ömrün qış mövsümündə
Xəyalın hər dəfə yaxın gələndə
Gələr qulağıma o həzin səsin,
Şəffaf dağ çayının xoş zümzüməsi.
Qəhrimdən qaynayar, gözümdən çağlar,
Öz sənsizliyinlə qəlbimi dağlar.
Bir susuz, bir cadar səhraya dönər
Hər an sənə möhtac yaralı köksüm.
Sən susuz səhrayçın bircə damla su.
Nurumu söndürər, köksüm yandırar
Bitməmiş bir ömrün bitmiş romansı.
Bəşarət BƏŞİROVA, AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.