AMEA-nın Gənclər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Kəndə gəl” yay düşərgəsi çərçivəsində iştirakçıların Şəkinin zəngin tarixi-mədəni irsi və elmi potensialı ilə tanışlığının təmin edilməsi məqsədilə ekskursiya təşkil olunub.
AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin təşkilatçılığı və AMEA Şəki Regional Elmi Mərkəzinin dəstəyi ilə keçirilən ekskursiya zamanı düşərgə iştirakçıları Şəkinin mühüm tarixi və elmi məkanlarını ziyarət ediblər.
Ekskursiya çərçivəsində ilk olaraq görkəmli Azərbaycan yazıçısı və maarifçi Mirzə Fətəli Axundzadənin ev-muzeyi ziyarət olunub. İştirakçılara M.F.Axundzadənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixindəki rolu, eləcə də Şəkinin mədəni mühitində tutduğu mövqe barədə məlumat verilib.
Daha sonra iştirakçılar Şəki Xan Sarayı ilə tanış olublar. Burada Şəki xanlığının tarixi, sarayın memarlıq xüsusiyyətləri, milli memarlıq və dekorativ sənət nümunələri, xüsusilə də şəbəkə sənəti haqqında məlumat verilib. Tarixi abidənin Şəkinin mədəni irsinin qorunması və şəhərin turizm potensialının inkişafındakı əhəmiyyəti diqqətə çatdırılıb.
Ekskursiyanın növbəti ünvanı AMEA Şəki Regional Elmi Mərkəzi olub. Mərkəzin fəaliyyəti, burada aparılan elmi-tədqiqat işləri və regionun sosial-iqtisadi, təbii və mədəni xüsusiyyətlərinin öyrənilməsi istiqamətində həyata keçirilən araşdırmalar barədə iştirakçılara məlumat verilib. Gənc alim və tədqiqatçılar Mərkəzin elmi fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Ekskursiya iştirakçılar üçün Şəkinin tarixi-mədəni irsinin, memarlıq ənənələrinin və regional elmi potensialının kompleks şəkildə tanıdılması baxımından əhəmiyyətli olub. Ziyarətlər zamanı gənclər tarixi irslə müasir elmi fəaliyyət arasındakı əlaqələr barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Kəndə gəl” yay düşərgəsi çərçivəsində elmi-təlim proqramları ilə yanaşı, iştirakçıların Azərbaycanın regionlarının tarixi, mədəniyyəti, təbii sərvətləri və turizm imkanları ilə tanışlığına yönəlmiş müxtəlif tədbirlər də keçirilir.