Martın 16-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” mövzusunda ədəbi-musiqili tədbir keçirildi.
Mərasimdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov Novruz bayramı münasibətilə iştirakçıları təbrik etdi. O, bu bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırlatdı. Akademik R.Hüseynov bayramın tarixi kökləri, özünəməxsusluğu, əsas atributları, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışdı. Bildirdi ki, xalqımız ta qədimdən yazın gəlişinə 4 həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edib, tonqal yandırıb.
Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən R.Hüseynov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə etdi.
Qeyd etdi ki, Novruz bayramı YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irs üzrə reprezentativ siyahısına salınmışdır.
Diqqətə çatdırıldı ki, bu bayram uşaqlar arasında xüsusilə sevinclə qarşılanır. Günəş, buta, səməni, tonqal və bayramın digər atributlarını uşaqlar sevə-sevə ifa edir, əylənirlər.
Sonra Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi kollecinin tələbələri, Xan Şuşinski adına Ağdam muğam musiqi məktəbi, Asəf Zeynallı adına musiqi məktəbi və “Aytam” uşaq mədəni maarifləndirmə ictimai birliyinin şagirdləri milli rəqslərimizdən nümunələr, musiqi nömrələri ifa edib, şeirlər səsləndiriblər.
Sonda iştirakçılara muzeyin fəaliyyətini əks etdirən “Söz məbədi” kitabı hədiyyə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.