Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, TİKA, Türk Mədəniyyəti və İrsi Fondu və Nizami Gəncəvi Vəqfi ilə birgə əməkdaşlıq çərçivəsində Erzurum Atatürk Universitetinin ev sahibliyi ilə “Ortak Türk fəlsəfi düşüncəsinin dahisi: Nizami Gəncəvi” adlı beynəlxalq elmi simpozium təşkil olunub.
Simpozium çərçivəsində Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi və təşəbbüsü ilə Atatürk Universitetinin professoru Nimet Yıldırımın orijinaldan türk dilinə tərcümə etdiyi “Sirlər xəzinəsi” və “İsgəndərnamə” poemalarının təqdimatı da həyata keçirilmişdir.
Azərbaycan və Türkiyədən tanınmış alimlərin, nizamişünasların, yazıçıların və ictimaiyyətin görkəmli nümayəndələrinin iştirakı ilə keçirilən simpoziumda türk-İslam düşüncəsinin formalaşmasında mühüm rola malik olan Nizami Gəncəvinin zəngin ədəbi və fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və onun ümumbəşəri mesajları elmi müstəvidə müzakirə olunmuşdur.
Simpoziumda AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov “Nizami Gəncəvi və Gəncə” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Ə.Muxtarov çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə və günümzə gəlib çatan qədim təzkirələrə istinad etməklə dahi mütəfəkkirin doğma Gəncəsinə bağlılığnı özündə əks etdirən nümunələrləri slayd formatında iştirakçılara təqdim edərək qeyd etmişdir ki, dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin yaşadığı dövrdən, əsərlərini qələmə aldığı zamandan bizi 800 ildən artıq zaman ayırsa da, onun əsərlərində milli mənsubiyyəti ilə bağlı toxunduğu mətləblər bu gün də günəş kimi parlaq, səma kimi aydındır. Ölməz “Xəmsə”sində milli mənsubiyyəti ilə yanaşı, toxunduğu, izah etdiyi hər bir mətləbə hansı dövrdə kimin müdaxilə etməsindən aslı olmayaraq, bütün misraları onun milliyyətini, məkanını, dünyagörüşünü təhrif etməyə imkan verməmiş və verməyəcəkdir. Çünki “Nizami yaradıcılığının daimi mövzularından olan Gəncə, hər şeydən əvvəl Nizami Gəncəvi vətəni kimi nəsillərin xatirələrində əbədiləşmişdir. Tarixi qaynaqlar və bədii əsərlərdə Gəncə şairin adı ilə yanaşı xatırlanaraq onu məntiqi baxımdan tamamlayır.
Hətta şairin ardıcılı olan görkəmli söz ustaları, dürüst tədqiqatçıları Gəncəni şairin vətəni, Nizami yurdu kimi xatırlayır, çox vaxt adını çəkmədən onu “Gəncə ustadı”, “Gəncə xəzinadarı”, “Gəncəli dahi” deyə yad etmişlər.
Ə.Muxtarov eyni zamanda Nizami Gəncəvinin irsinə dövlət qayğısından, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, möhtərəm cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdikləri tarixi xidmətləri, Nizami Gəncəvi məqbərəsini ziyarətlərini özündə əks etdirən foto-sənədlərlə konfrans iştirakçılarının nəzərinə çatdırmışdır ki, tarixin bütün dövrlərində Azərbaycan xalqının sadə vətəndaşından görkəmli dövlət, ictimai və elm xadimlərinə qədər hər biri hər zaman dünya mütəfəkkirinin, irsinin, məqbərəsinin keşiyində olmuşlar.
Simpoziumda Ərzurum Atatürk Universitetinin rektoru, professor Dr. Ahmet Hacımüftüoğlu, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin müşaviri Dr. Füzuli Məcidli, Universitetin professor Nimet Yıldırım çıxış edərək Azərbaycan ilə Türkiyə arasında elmi və mədəni əməkdaşlığın əhəmiyyətini, həmçinin Nizami Gəncəvinin fikir xəzinəsinin türk dünyası fəlsəfəsində tutduğu yeri, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə dahi Azərbaycan şairi “Nizami Gəncəvinin “Xəmsə”sinin türkcəyə qazandırılması layihəsi”nin iki qardaş ölkə arasında elmi və mədəni körpü yaratdığını vurğulayıblar.
Simpozium Nizami Gəncəvi Vəqfinin həmtəsisçisi Arzu Təbrizli və Atatürk Universitetinin əməkdaşı Şeyda Arısoyun moderatorluğu ilə öz işini davam etdirmişdir. Bakı Dövlət Universitetindən Əsmətxanım Məmmədova “Nizami Gəncəvi yaradıcılığı üzərinə filoloji tədqiqatlar”, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Fərrux Rütəmov “Nizami Gəncəvinin əxlaq dərsləri”, Atatürk Universitetindən Coşkun Erdoğan “Nizami Gəncəvi və Şeyx Nizami Vəqfi üzərinə araşdırmalar”, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Fərid Hüseyn “Nizami Gəncəvi yaradıcılığında ölüm fəlsəfəsi”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Təhminə Bədəlova “Nizami Gəncəvinin əsərlərində Türkistanın sərhədləri”, Tarixçi alim Əkbər Nəcəf “Şeir hüququ: Nizami Gəncəvinin şeiri məşrulaşdırma cəhdi”, İlahiyyatçı Ağa Hacıbəyli “Nizami Gəncəvi yaradıcılığında həqiqi məhəbbət: Leyladan Mövlaya gedən sevda”, Atatürk Universitetindən Rəcai Kızıltunç isə “Nizaminin dünya mədəniyyət irsinə qoyduğu miras” və Şeyda Arısoy “Türkiyədə Nizami bibliyografiyası” adlı geniş məruzələrlə çıxış ediblər.
Azərbaycan və Türkiyədən çoxsaylı alimlərin iştirakı ilə keçirilən simpozium iki ölkənin
mədəni və elmi həmrəyliyinin ən parlaq nümunələrindən biri kimi qiymətləndirilib. İştirakçılar qeyd ediblər ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin fikir irsi təkcə tarixi bir dəyər daşımır, həm də müasir düşüncə dünyasına istiqamət verəcək bəşəri bir mahiyyətə malikdir.
Simpozium çərçivəsində Azərbaycan və Türkiyəli alimlər tədqiqat apardıqları istiqamətlər üzrə müəllifi olduqları kitabları, ölkələrimizin tarixini, ədəbiyyatını, mədəniyyətini özündə əks etdirən tarixi kitabları universitetə, bir-birlərinə hədiyyə etmiş və Ərzurum şəhərinin tarixi məkanlarını ziyarət etmişlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.