Azərbaycan Respublikasının müasir tarixi dövlətçilik ənənələrinin bərpası, institusional quruculuq və siyasi sistemin formalaşması ilə səciyyələnən mürəkkəb və dinamik proseslərlə zəngindir. XX əsrin sonu bölgədə və dünyada baş verən geosiyasi dəyişikliklərin fonunda Azərbaycan müstəqilliyini yenidən bərpa etmiş, lakin bu müstəqilliyi möhkəmləndirmək üçün sistemli siyasi kursa və vahid milli inkişaf strategiyasına ehtiyac yaranmışdır. 1992-ci ildə təsis edilən Yeni Azərbaycan Partiyası (YAP) məhz belə bir tarixi mərhələdə meydana çıxaraq müstəqil dövlət quruculuğunun nəzəri-siyasi əsaslarının formalaşmasında və həyata keçirilməsində mühüm rol oynayan siyasi instituta çevrilmişdir.
Yeni Azərbaycan Partiyasının yaranma səbəblərindən biri 1990-cı illərin əvvəllərində siyasi sistemin institusional böhranı və 1991–1992-ci illər Azərbaycan üçün dövlətçilik baxımından taleyüklü dövrünün olmasıdır. Bu dövrdə siyasi hakimiyyət tez-tez dəyişir, idarəetmə mexanizmləri fəaliyyət qabiliyyətini itirir, dövlət strukturları arasında koordinasiya zəifləyir, cəmiyyət daxilində parçalanma dərinləşirdi. Eyni zamanda, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin suverenliyi ciddi təhdid altında idi. Sosial-iqtisadi geriləmə, qaçqın və məcburi köçkün axını, iqtisadi resursların tükənməsi idarəetmədə səmərəli siyasi qüvvənin formalaşdırılmasını zəruri edirdi.
Məhz belə kritik şəraitdə 1992-ci ildə 91 ziyalının müraciəti əsasında Yeni Azərbaycan Partiyasının yaradılması milli dövlətçilik baxımından strateji əhəmiyyət kəsb edən hadisə oldu. Təsis konfransı Naxçıvan şəhərində keçirilmiş və Heydər Əliyev partiyanın sədri seçilmişdir. YAP-ın yaranması ölkənin siyasi sistemində yeni keyfiyyət mərhələsinin başlanğıcı idi. Partiyanın proqram sənədlərində: dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi; siyasi sabitliyin bərpası; demokratik və hüquqi dövlət quruculuğu; iqtisadi islahatlar və modern inkişaf modeli; milli həmrəyliyin təmin edilməsi; ordu quruculuğunun gücləndirilməsi kimi strateji hədəflər müəyyən olunmuşdur. Bu hədəflər dövlətin ideoloji-siyasi transformasiyasının ilkin mərhələlərini təşkil edirdi.
1993-cü ildə baş vermiş siyasi böhran nəticəsində ölkədə xaosun dərinləşməsi xalqın Heydər Əliyevə müraciətinə səbəb olmuş, bundan sonra dövlət idarəçiliyində yeni mərhələnin əsası qoyulmuşdur. YAP faktiki olaraq sabitlik və dövlətçiliyin əsas siyasi dayağına çevrilmişdir. Hüquqi dövlət prinsiplərinin tətbiqi YAP-ın siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi idi. Yeni siyasi kurs çərçivəsində: 1995-ci il Konstitusiyası qəbul olunmuş, qanunvericilik sistemi modernləşdirilmiş, məhkəmə-hüquq islahatları başlanmış, dövlət institutları strukturlaşdırılmışdır. Bununla yanaşı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji layihələrində aparıcı iştirakını təmin etmiş, neft gəlirlərinin iqtisadi modernləşməyə yönəldilməsi üçün fundamental baza yaradılması YAP-ın dəstəklədiyi iqtisadi inkişaf strategiyası və neft siyasətinin nəticəsidir.
Ordunun möhkəmləndirilməsi, hərbi sənayenin təşkili və müdafiə strategiyasının təkmilləşdirilməsi dövlətin təhlükəsizliyinin əsas istiqamətlərinə çevrilmişdir. Bu siyasətin məntiqi nəticəsi kimi sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün bərpası mümkün olmuşdur.
YAP-ın Azərbaycançılıq ideologiyası; dövlətçilik və milli maraqların üstünlüyü; siyasi modernləşmə və demokratik institutların inkişafı; tolerantlıq və ictimai həmrəylik; sosial ədalət və rifaha yönəlmiş siyasət ideologiyaları partiyanın geniş sosial dəstəklə fəaliyyət göstərməsi ölkənin bütün regionlarında müxtəlif yaş qruplarını və sosial təbəqələri əhatə edən kompleks struktur formalaşdırmışdır. Gənclər, qadınlar və digər ictimai qruplarla məqsədyönlü fəaliyyət siyasi iştirakçılığın genişlənməsinə şərait yaratmışdır.
Partiyanın yubiley mərhələsi YAP-ın dövlətçilik prosesinə verdiyi töhfələrin sistemli şəkildə dəyərləndirilməsini, ölkənin müstəqillik tarixi kontekstində rolunun elmi əsaslarla təhlil edilməsini aktuallaşdırır. Yeni Azərbaycan Partiyasının 1992-ci ildə yaranması müstəqil Azərbaycan dövlətçiliyinin formalaşması prosesində tarixi zərurət kimi meydana çıxmış və ölkənin siyasi sabitliyinin təmin olunmasında mühüm rol oynamışdır. YAP-ın fəaliyyəti nəticəsində müasir idarəetmə sistemi qurulmuş, iqtisadi inkişafın fundamental əsasları formalaşdırılmış, milli təhlükəsizlik və dövlətçilik ideologiyası möhkəmləndirilmişdir. Partiyanın yubileyi onun keçdiyi tarixi yolun elmi şəkildə təhlili, dövlətçilik irsinin qiymətləndirilməsi və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu mərhələ həm də Azərbaycanın siyasi sisteminin modernləşməsi, demokratik institutların təkmilləşdirilməsi və milli inkişaf modelinin davamlılığı üçün yeni imkanlar açır. Ən əsası isə, bu siyasət bu gün dəYAP-ın sədri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çağdaş dövrdə demokratiya şəraitində inkişaf edən milli ideologiyamız regionda və dünyada sülhə, mədəni müxtəlifliyə və qarşılıqlı anlaşmaya töhfə verən örnək bir modelə çevrilmişdir. YAP -ın qurucusu Ulu Öndər Heydər Əliyevin milli ideologiyaya verdiyi elmi-siyasi töhfələr, onun mənəvi və liderlik keyfiyyətləri Azərbaycançılıq ideologiyasının əsas dayaqlarındandır və müasir vətəndaş cəmiyyətinin inkişafına yönəlmişdir.
Vilayət MƏMMƏDOV, AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi k.ü.f.d.., YAP Yasamal rayon təşkilatının üzvü
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.