Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsi, sosial-psixoloji problemləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır
03.12.2025 11:30
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsi, sosial-psixoloji problemləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır

“İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır”.                        

                            Azərbaycan xalqının Ümummilli Lideri

                                                               Heydər Əliyev

Əlillik bu və ya digər səbəblər nəticəsində insan fiziologiyasında pozulmaların yaranması, insanın əmək qabiliyyətini qismən və ya tamamilə itirməsidir. Və bu həssas qrupa daxil olan insanların həm sosial, psixoloji problemləri dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. 

“Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdaiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edildiyi kimi Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Əlillik insanda yaranan maneəyə əsasən onun cəmiyyətdəki digər üzvlərdən fərqlənməsinə gətirib çıxarır. Əlilliklə bağlı tibbi və sosial davranış modelləri müəyyən edilmişdir. İnsanın sağlamlıq vəziyyətinin pozulması nəticəsində yaranan əlillik zamanı tibbi model çərçivəsində həmin pozuntuların terapiya vasitələri ilə minimuma endirilməsi nəzərdə tutulur. Cəmiyyətdə fiziki maneədən yaranan əlillik sosial davranış modelində hər kəsə bərabər imkanları göstərir. Əlillik anlayışı latın sözü olmaqla (invalidus) əmək qabiliyyətini itirmiş mənasını verir.  Əlilliyi yaradan və ya əlilliyə səbəb olan amillər müxtəlidir. Bunlara müharibələr, qəzalar, irsi təsir, təbii fəlakətlər və s. daxildir. Hazırda ölkəmizdə xeyli sayda müharibə əlili var ki, bunlar Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığından keçmiş insanlardır. 

Ulu Öndər Heydər Əliyevin əlillərə diqqət və qayğısı nəticəsində 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzil, 138 əlil fərdi evlə təmin olunmuş, 1090 nəfər əlilə minik avtomobili verilmişdir.

Bu gün Azərbaycanda əlillərin sosial müdafiəsi sosial siyasətin prioritet istiqamətlərindən biridir. Belə ki, dövlət əlillərlə bağlı müxtəli tədbirlər planı həyata keçirir, onların dövlətin bütün qayğısından və imtiyazlarından yararlanmaları üçün bütün mümkün addımları atır.

Prezident İlham Əliyev ötən müddət ərzində əlillərə verilən sosial müavinətlərin miqdarını əhəmiyyətli dərəcədə artırmışdır.

Müxtəlif əsaslara görə bütün əlillər bir neçə qrupa bölünür. Yaşa görə - əlil uşaqlar, yaşlı əlillər. Əlilliyin mənşəyinə görə: uşaqlıqdan əlil olan, müharibə əlili, əməyə görə əlil, ümumi xəstəliyə görə əlil. Əməyə qabilik dərəcəsinə görə: əmək qabiliyyəti olan və olmayan əlillər, I qrup əlillər (əmək qabiliyyəti olmayanlar), II qrup əlillər (müvəqqəti olaraq əmək qabiliyyəti olmayanlar, yaxud məhdud sahələrdə əmək qabiliyyəti olanlar), III qrup əlillər (əməyin mühafizə olunması şəraitində əmək qabiliyyəti olanlar).

Ümumiyyətlə, əlillik dərəcələrinin təyin edilməsi müvafiq nazirliyin Tibb Sosial Ekspert komissiyaları tərəfindən aparılır. Bu dərəcələrin təyin edilməsi zamanı mütləq xəstəliyin diaqnozu dəqiq qoyulmalıdır. Bunun üçün yerlərdə komissiyaların sayı artırılmalı, onlar hər cür müasir avadanlıqlarla təchiz edilməlidir.

“Reabilitasiya” sözü bərpa, itirilmişin yenidən qaytarılması mənasını verir. Ümumiyyətlə əlillərin reabilitasiyası – insanda orqanizmin öz funksiyasının pozulması nəticəsində itirilmiş və ya pozulmuş əmək qabiliyyətinin yenidən bərpa edilməsi və ya kompensasiya edilməsi üçün həyata keçirilən tibbi, idman, sosial-iqtisadi, pedoqoji, psixoloji və s. tədbirlərin məcmusudur. Reabilitasiyanın başlıca məqsədi əlillərin yenidən cəmiyyət həyatına adaptasiyası (sosial adaptasiyası) və sosial statusunun bərpa edilməsidir. Reabilitasiyanın aşağıda sadaladığımız bir neçə növü vardır:

Tibbi reabilitasiya – insan orqanizmində anadangəlmə və ya sonradan baş vermiş xəstəlik və ya zədələr nəticəsində yaranan və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnən funksional pozulmaların tibbi metodlarla bərpası prosesidir. Bu proses tibbi reabilitasiya mərkəzlərində həyata keçirilir.

Peşə-əmək reabilitasiyası – bu əlilin pozlumuş, zəifləmiş və ya itirilmiş əmək qabiliyyətinin yenidən bərpa edilməsi məqsədilə onun yenidən peşə seçiminə, işlə təmin edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusudur. Bu prosesdə bərpa mərkəzləri və məşğulluq xidmətləri başlıca rol oynayır. Dövlət məşğulluq xidməti əmək qabiliyyətli və ya qismən əmək qabiliyyətli əlillərin peşə hazırlığının artırılması, yeni peşə öyrədilməsi və məşğulluq imkanlarının müəyyən edilərək işlə təmin olunmasını həyata keçirir.

Əlillərin sosial xidmətinin təşkili qismində dövlət tərəfindən sosial işçi təyin edilir.

Sosial işçinin vəzifələrinə əlillərə tibbi yardımın təşkili aiddir. Sosial işçi ərazidəki poliklinikanın, yaxud dispanserin tibbi işçiləri ilə birlikdə stasionar, və ya ev şəraitində tibbi-sosial reabilitasiya keçirərkən təşkilati kömək göstərir, sanatoriya-kurort müalicəsinin təşkilində kömək edir, zəruri trenajorların, hərəkətetmə vasitələrinin, bərpaedici aparatların alınmasına imkan yaradır, göstəricilərə görə xəstə uşaqların valideynləri üçün tibbi-genetik konsultasiya təşkil edir.

Sosial reabilitasiya – əlillərin həyat səviyyəsinin yaxşılaşdırılması, onların rifah halının yüksəldilməsi, cəmiyyət həyatında digər üzvlərlə bərabər iştirak etmək üçün onlara lazımi şəraitin yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, sosial reabilitasiya geniş məfhumdur və cəmiyyətin bütün həyatını əhatə edə bilir. Bura əlillər, məhkumlar, uşaqlar, insan alveri qurbanları, zorakılığa məruz qalmış uşaq və gənclər və s daxildir.  Bu proses zamanı sosial, psixoloji və digər sahələrdə yardım edilir.

Hal-hazırda əlillərin sosial reabilitasiyası, reabilitasiya vasitələri ilə təmin olunmaları, ölkə və ölkədən kənarda müalicə almaları təmin edilir. Reabilitasiya xidmətinin göstərilməsi yönümündə “Əliliyin müəyyən olunması meyarlarına dair”, “Tibbi-sosial ekspert komissiyaları haqqında” və “Reabilitasiya müəssisələrinin fəalyyəti haqqında” əsasnamələr üzərində işlər aparılmışdır.

Bu gün dövlətimiz tərəfindən əlil insanların təhlükəsizliyi qorunmaqla yanaşı, qayğı ilə əhatələnir və maddi baxımdan qeyri-asılı yaşam tərzi ilə təmin olunurlar. 44 günlük Vətən müharibəsində yaralanmış 3 min nəfərə yaxın qaziyə müxtəlif əlillik dərəcəsi verilib. 44 günlük Vətən müharibəsindən sonra müharibə ilə əlaqədar əlilliyi olan 448 şəxs 467 ədəd son nəsil müasir protezlə təmin olunub.132 mənzilli binanın açılışında Prezident İlham Əliyev əlillərə olan dövlət qayğısını qeyd edərək orada iştirak edib.

Ölkəmizdə həyata keçirilən sosial siyasət əlillərin də cəmiyyətə inteqrasiyası, sosial müavinətlərin artırılması, fiziki məhdudiyyətli insanların sərbəst yaşamaları üçün şərait yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021-2024-cü illərdə 500 nəfərə yaxın gözdən əlil mənzillə təmin edilib.

Əlillərə qayğı məsələsində ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əməyi də böyükdür. Məhz bu fondun köməkliyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilib. Bu mərkəzdə əlillərin zəruri ehtiyacları ödənilir, dərman vasitələri və s. verilir. 2004-cü ilin mayında açılışı olan Heydər Əliyev Fondu yardıma ehtiyacı olan insanlara yardım etməkdədir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur.

Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Heydər Əliyev Fondu müharibədə yaralanan hərbçilərimizin müasir protezlərlə təminində də fəal rol oynayır. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir. Həmçinin BMT-nin İnkişaf  Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”nə dair keçirilən layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.

Günel MƏLİKLİ,  AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: