Yanvarın 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Akademiyanın və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çıxışından irəli gələn vəzifələr geniş müzakirə olunub.
Mərasimdə QHT rəsmiləri, tanınmış alim və ziyalılar, elm və təhsil müəssisələrinin əməkdaşları, tələbələr, təşkilat və vətəndaş cəmiyyətinin nümayəndələri, KİV mənsubları iştirak ediblər.
Əvvəlcə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədr müavini Elnur Bağırlı tədbirin keçirilməsinə verdiyi dəstəyə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
Elnur Bağırlı qeyd edib ki, ictimai müzakirənin keçirilməsində əsas məqsəd vətəndaş cəmiyyəti institutları ilə elmi ictimaiyyət arasında əməkdaşlığı gücləndirmək, Azərbaycan dilinin saflığının qorunması istiqamətində mövcud çağırışları və həll mexanizmlərini müzakirə etməkdir. Sədr müavininin sözlərinə görə, bu ictimai platforma gələcək təşəbbüslər üçün konseptual yanaşmaların formalaşmasına və ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaradacaq.
O, Prezident İlham Əliyevin Azərbaycan dilinə xüsusi diqqət göstərdiyini vurğulayaraq bildirib ki, dövlət başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında və yerli televiziya kanallarına verdiyi müsahibəsində ana dilinin qorunmasını milli təhlükəsizlik, milli kimlik və dövlətçilik məsələsi kimi dəyərləndirib. Ölkə Prezidenti Azərbaycan dilini yalnız ünsiyyət vasitəsi kimi deyil, əsrlərin tarixi yaddaşını, milli-mənəvi dəyərləri və mədəni irsi özündə birləşdirən strateji milli sərvət kimi qiymətləndirib. Dövlət başçısının yanaşmasına əsasən, dilin zəifləməsi milli kimliyin aşınmasına və cəmiyyətin mənəvi dayaqlarının sarsılmasına gətirib çıxara bilər.
Elnur Bağırlı vurğulayıb ki, Azərbaycan xalqı tarix boyu müxtəlif siyasi və mədəni təzyiqlərə məruz qalsa da, milli varlığını və birliyini məhz ana dili sayəsində qoruyub saxlayıb. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının eyni dil ətrafında birləşməsi Azərbaycan dilinin qlobal miqyasda da mühüm birləşdirici faktor olduğunu göstərir.
Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, 2026-cı ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin aidiyyəti dövlət qurumları ilə birgə təşkil edəcəyi qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunmasının əsas prioritet mövzulardan biri olacağını deyən Elnur Bağırlı bildirib ki, həmin sənəd Agentliyə QHT-lərin maliyyələşdirilməsi üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində, eləcə də qrant müsabiqələrinin birgə təşkili prosesində aktiv iştirak səlahiyyəti verir.
Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bugünkü ictimai müzakirənin QHT ilə birgə keçirilən ilk tədbir kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Keçmiş SSRİ-yə daxil olan xalqların dilləri içərisində Azərbaycan dilinin ədəbi dil normaları baxımından öz varlığını daha çox qoruyub saxladığını söyləyən AMEA prezidenti vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin o zaman apardığı Azərbaycançılıq siyasəti, Azərbaycan dilinə yanaşması, onun işləkliyi yönündə həyata keçirdiyi kompleks tədbirlər dilimizin inkişaf etdirilməsinə, qorunub saxlanılmasına öz böyük təsirini göstərmişdir. O, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin beynəlxalq miqyasda təbliği istiqamətində mühüm addımların atıldığını, Ümummilli Liderin milli dil siyasətinin uğurla davam etdirildiyini bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, dövlətçilik tarixində Azərbaycançılıq ideologiyası ardıcıl, davamlı və dayanıqlı mövqeyə malikdir. Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycançılıq siyasətinin əsas sütunlarından biri məhz Azərbaycan dili siyasətidir. Dövlət başçısının müstəqil dövlətçilik və Ana Vətən konsepsiyasının mühüm tərkib hissələrindən biri də Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətin bütün sahələrində mövqeyinin möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrdir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2026-cı ilin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın beynəlxalq mövqeyi, qlobal proseslərdə yeri və həyata keçirilən islahatlar haqqında danışarkən Azərbaycan dili məsələsinə ayrıca toxunması dilimizin dövlət siyasətində tutduğu mühüm mövqeyi aydın şəkildə nümayiş etdirir. Ölkə başçısı əvvəlki çıxışlarında da Azərbaycan dilinin saflığının qorunmasına xüsusi həssaslıqla yanaşmış, bu sahədə görülməli olan işləri ictimaiyyətin diqqətinə çatdırmışdır: “Bu baxımdan Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər, qərar və tapşırıqlar ölkənin ümumi inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, dil siyasətinin əsas və prioritet istiqamətlərindən biridir”.
Akademik İsa Həbibbəyli həmin müsahibədə Prezident İlham Əliyevə ünvanlanan “Sizdən ötrü torpaq nədir?” sualına verilən cavabın da mühüm məna daşıdığını qeyd edib və dövlət başçısının bu mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ölkə rəhbəri bu suala cavab verərkən dərin mənalı, obrazlı şəkildə zədəli torpaq anlayışını irəli sürüb. Azərbaycanı zədəli torpaq yarasından, bəlasından xilas edən qüdrətli Prezident cəmiyyəti dilimizin zədə almaması uğrunda mübarizəyə dəvət edib. Prezident İlham Əliyev çıxışında “hər an öz torpağımızı müdafiə etmək üçün güclü və hazır olmalıyıq, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək” fikrini ifadə edərək, bunun üçün ölkədə gücün, siyasi iradənin, xalq birliyinin və güclü Azərbaycan dövlətinin mövcud olduğunu xüsusi vurğulayıb.
“Azərbaycan dili siyasəti ana torpaq, ana Vətən siyasətinin ana qollarından biridir. Bu səbəbdən də Prezident İlham Əliyevin ana dilinin qorunması uğrundakı mübarizəsi ana Vətən uğrunda mübarizənin əsas istiqamətlərindəndir”, - deyə bildirən akademik İsa Həbibbəyli ölkə başçısının müsahibəsində Azərbaycan dilinin tarixi, müasir durumu və gələcək perspektivləri ilə bağlı mühüm məqamlara toxunduğunu, dilimizin saflığının qorunmasını milli təhlükəsizlik məsələsi kimi dəyərləndirdiyini vurğulayıb.
O, cənab Prezidentin AMEA-nın 80 illik yubiley tədbirindəki parlaq nitqində, eləcə də yerli televiziya kanallarına verdiyi dərin məzmunlu müsahibəsində Azərbaycan dilinin özünəməxsusluğu, zənginliyi, qüdrəti, dünya dilləri içərisindəki yeri və mövqeyinə yenidən aydın, siyasi-elmi baxış gətirdiyini vurğulayıb. Qeyd edib ki, ölkə başçısının təqdimatı ilə Azərbaycan dili 50 milyonluq böyük bir xalqın dilidir və bu dili qorumaq 50 milyonluq xalqın dilini, taleyini, milli-mənəvi varlığını qorumaq deməkdir.
Prezidentin dil məsələsinə olan həssas yanaşmasının sadəcə mədəni maraqdan irəli gəlmədiyini, əksinə, milli təhlükəsizlik və dövlətçilik davamlılığı ilə birbaşa bağlı olduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısı çıxışlarında dilimizə süni olaraq gətirilən alınma sözlərə ehtiyac olmadığını və dilimizi yad təsirlərdən qorumağı xüsusi vurğulayıb: “Dövlət rəhbərimiz, haqlı olaraq, ziyalılarımızı, şair və yazıçılarımızı bu məsələdə fəal olmağa çağırıb, bu işdə cəmiyyəti ümumxalq mübarizəsi kimi böyük fədakarlıq göstərməyə səsləyib. Hazırda qarşımızda duran başlıca vəzifələr dilimizin daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarının müəyyənləşdirilməsindən ibarətdir”.
Akademik İsa Həbibbəyli Dilçilik İnstitutunun birbaşa dil məsələləri ilə məşğul olduğunu, eyni zamanda, Humanitar və İctimai Elmləri təmsil edən digər müəssisələrdə də bu istiqamətdə fəaliyyətin davam etdirildiyini söyləyib.
O, AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çağırışlarına həsr olunmuş müşavirənin keçirildiyini bildirib. Eləcə də Rəyasət Heyətinin dünənki iclasında ölkə başçısının müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələrinə dair geniş müzakirələrin aparıldığını, müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb. AMEA rəhbəri ana dilinin qorunub saxlanılması, mövqeyinin möhkəmləndirilməsi və daxili imkanlar hesabına zənginləşdirilməsi yollarının elmi cəhətdən müəyyənləşdirilməsinin alimlərin müqəddəs vəzifəsi olduğunu söyləyib. O, Azərbaycan dilinin saflığının qorunması istiqamətində AMEA-da həyata keçirilmiş işləri nəzərə çatdıraraq, Dilçilik İnstitutunda daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsinin yaradılacağını söyləyib. Bundan əlavə, Orfoqrafiya və Orfoepiya lüğətlərinin hazırlandığını, ilk dəfə olaraq dil korpusu üzərində sistemli işin aparıldığını, terminoloji lüğətlərin rəqəmsallaşdırıldığını, müasir dövrdə geniş istifadə üçün onlayn lüğətlərin yaradıldığını, ədəbi dil normalarının nəzəriyyə və qrammatika ilə yanaşı, tətbiq imkanlarının hazırlandığını bildirib. Akademik İsa Həbibbəyli, həmçinin ali təhsil müəssisələrinin Filologiya fakültələrində “Nitq mədəniyyəti” fənninin yenidən tədris edilməsinin zəruriliyini vurğulayıb.
Çıxışının sonunda akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda keçirilən ictimai müzakirə alim məsuliyyəti ilə vətəndaş cəmiyyəti missiyasının birgə həyata keçirilməsi, eyni zamanda bu istiqamətdə birgə fəaliyyət üçün prioritet hədəflərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Akademik qeyd olunan sahədə əməkdaşlığa dair təşəbbüsün əsasının bu gün məhz AMEA-da qoyulduğunu və bu fəaliyyətin gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcəyini vurğulayıb.
Daha sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri professor Fuad Məmmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri ruhi, yəni əqli və mənəvi mədəniyyətimizin inkişafıdır. O, bu prosesdə ən vacib məsələlərdən birinin dil problemi olduğunu vurğulayaraq qeyd edib ki, dil hər bir millətin mədəniyyətinin əsas sütunu və milli mədəni kimliyinin başlıca daşıyıcısıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən əsas amillərdən biri məhz ana dilidir.
Azərbaycan dilinin inkişaf etdirilməsinin beynəlxalq miqyasda xalqımıza qarşı hörmət və məhəbbətin artmasına töhfə verəcəyini deyən professor Fuad Məmmədov dilin cəlbedici və güclü təsirə malik amil olaraq dünya miqyasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Azərbaycan dili çox zəngin və ahəngdardır. Biz Cənab Prezidentin dilimizin qorunması və inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələri həyata keçirərək dilimizin inkişafına töhfə verməli, səylərimizi birləşdirərək milli mədəniyyətimizi daha da yüksəltməliyik”, - deyə Agentliyin Müşahidə Şurasının sədri əlavə edib.
Professor Fuad Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimiz və dilimizin tərəqqisi ilə bağlı dəyərli fikirləri, tövsiyələri bu gün çox aktualdır. Ümummilli Lider demişdir ki, “yüksək ruhi, əqli və mənəvi mədəniyyətə malik olmayan bir xalqın gələcəyi yoxdur. Xalq yalnız ziyalıları, elmi potensialı və mədəniyyəti ilə tanınır”. Bu baxımdan dövlət qurumları, elmi müəssisələr, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri birgə fəaliyyət göstərməli, dövlət siyasətinin həyata keçirilməsinə dəstək verməli, ölkəmizin hərtərəfli və mütərəqqi inkişafını təmin etməlidir.
O, milli mədəniyyətimiz və kimliyimizin qorunub saxlanması üçün Azərbaycan dilinin hərtərəfli inkişafının son dərəcə vacib olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycan xalqının həyat keyfiyyətinin, rəqabət qabiliyyətinin yüksəldilməsi və dövlətimizin güclənməsinə xidmət edən əqli, yəni intellektual və mədəni inkişafın müasir dövrün tələbi olduğunu bildirib.
Agentliyin Müşahidə Şurasının sədri qeyd edib ki, insan kapitalı böyük qüvvədir və onun nüvəsini yüksək mədəniyyətə malik Azərbaycan vətəndaşları təşkil edir ki, bu da biliyi, bacarığı, mənəviyyatı və yaradıcı fəaliyyəti yüksək səviyyədə olan insanların yetişdirilməsini tələb edir. Professor Fuad Məmmədov Azərbaycan dilinin hərtərəfli inkişafını bu prosesin əsas şərti kimi qiymətləndirərək əlavə edib ki, dil strateji, tükənməyən və yenidən hasil olunan resurs kimi xalqın davamlı, təhlükəsiz və mütərəqqi inkişafını təmin edir.
O, çıxışının sonunda bildirib ki, ölkəmizin ən qüdrətli dövlətlər sırasına daxil olması üçün intellektual əməyin, mədəniyyətin inkişafının dünya standartları səviyyəsində qorunması, eləcə də idarəetmə mədəniyyətinin yüksək səviyyəyə çatdırılması vacibdir.
Daha sonra “Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu: vətəndaşlıq borcu, strateji məsuliyyət”, “Dil - milli əmanət kimi”, “Mediada dil, üslub qüsurları: QHT adlarına yenidən baxış”, “Efir məkanında dilin saflığı” və “Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsləri” mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.