Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.04.2016 13:11
  • A-
  • A
  • A+

Yerin altındakı mənfi təzyiq dalğaları Macarıstan alimləri ilə birgə öyrənilir

Yerin altındakı mənfi təzyiq dalğaları Macarıstan alimləri ilə birgə öyrənilir

Azərbaycan və Macarıstan alimləri yerin altındakı ekstremal geofiziki proseslərin, o cümlədən zəlzələ, vulkan püskürmələri, qeyzer və digər təbiət hadisələrinin baş verməsində mənfi təzyiq dalğalarının rolunu öyrənməyə çalışırlar. Bu cür dalğalar milyon illər ərzində baş verən geoloji proseslərin fonunda ani oyanmaların səbəbkarı kimi müşahidə edilir.

AMEA Geologiya və Geofizika İnstitutu (GGİ), Bakı Ali Neft Məktəbi və Macarıstan Elmlər Akademiyası Enerji Tədqiqatları Mərkəzinin (ETM) əməkdaşları tərəfindən aparılan işlər “Geoloji mühitdə mənfi təzyiq dalğalarının aşkarlanması, qeyd olunması və izlənilməsi üsullarının və texniki sisteminin işlənilməsi” adlı proqram çərçivəsində həyata keçirilir.

İkiillik proqram Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EIF) maliyyə dəstəyi ilə icra olunur.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, GGİ-nin Geodinamika və seysmologiya şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov bildirir ki, mənfi təzyiq dalğaları az öyrənilmiş məsələlərdən biridir. Onların yaranmasına təkan verən amillər müxtəlif növ geodinamik proseslərin nəticəsində baş verən tektonik yerdəyişmələr, qırılmalar, flüid dinamikası və süxurların yerdəyişməsi ola bilər.

Mənfi təzyiq dalğası yarandığı nöqtədən kifayət qədər uzaqda yerləşən ocaqda yeraltı mühitin “həyəcanlanması”na səbəb ola bilir. Bu, qısamüddətli olsa da, dərinlikdəki maye sisteminin əhəmiyyətli dərəcədə qızması, buxarın əmələ gəlməsi və qaz çıxışına səbəb olur. Neft quyularının qazılması və istismarı zamanı bu cür təzyiq təzahürlərinin miqyasını müşahidə etmək mümkündür. Elmə məlumdur ki, açıq fontan şəklində neft-qaz çıxışı, quyuların çökməsi, qazma borularının burulması, qrifonəmələgəlmə kimi ağır fəsadlar, əsasən, mənfi təzyiq dalğasının gəlib keçməsinin nəticəsidir.

GGİ-də Macarıstan ETM-in aparıcı elmi işçisi, professor İmre Atila Karoli ilə görüş keçirilib. Görüşdə elmi tədqiqat proqramının imkanları və hədəfləri müzakirə olunub.

Xarici qonaq əvvəlcə həmkarlarına təmsil etdiyi elmi qurum haqqında geniş məlumat verib. Bu il martın 6-da ölkəmizdə Prezident İlham Əliyevlə Macarıstanın baş naziri Viktor Orbanın təkbətək görüşünü xatırladan qonaq bu görüşün iki ölkə alimləri arasında əməkdaşlığa müsbət təsir edəcəyinə əminliyini söyləyib. Sonra o, “Geoloji mühitdə mənfi təzyiq dalğaları altında maye sistemi” adlı məruzə ilə çıxış edib. Alim bu istiqamətdə aparmış olduğu tədqiqatlardan və uğurlu nəticələrdən danışıb.

Görüşdə qeyd olunub ki, tədqiqatların nəticəsində geoloji mühitin idarə edilməsi üzrə yeni yanaşmaların hazırlanması nəzərdə tutulur. Hazırda alimlərin qarşısında duran məsələlər mənfi təzyiq effekti əsasında enerjiyə qənaət edən texnologiyalar işləyib hazırlamaq, dalğaların geofiziki proseslərdəki rolunu kompleks qiymətləndirmək və s.-dir. Araşdırmalar fiziki və riyazi modelləşdirmə, laboratoriya tədqiqatları, həmçinin ərazidə ölçü işləri ilə həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: