Almaniyanın Helmholtz Zentrum Münhen və Münhen Texniki Universitetinin (TUM) tədqiqatçıları ürək-damar xəstəliklərinin erkən diaqnostikası üçün qeyri-invaziv metod hazırlayıblar. Yeni üsul damarlarla bağlı problemləri simptomlar ortaya çıxmamışdan əvvəl müəyyən etməyə imkan verir.
“Fast-RSOM” adlanan bu texnologiya iynə, kateter və ya digər müdaxilələr olmadan ən xırda qan damarlarını vizuallaşdırır və onların fəaliyyətini qiymətləndirir.
Tədqiqatın nəticələri nüfuzlu “Light: Science & Applications” jurnalında dərc olunub.
Metod dərinin mikroskopik damarlarında baş verən incə dəyişiklikləri, xüsusilə də damarların yığılma və genişlənmə qabiliyyətini müəyyən edən endotel funksiyasının pozulmasını qeydə alır. Bu cür pozuntular gələcək ürək-damar xəstəliklərinin ilk əlamətləri hesab olunur. “Fast-RSOM” simptomlar yaranmazdan əvvəl kapilyarların vəziyyətini qiymətləndirməyə şərait yaradır.
Təcrübələr göstərib ki, bu texnologiya siqaret çəkmə, piylənmə, yüksək qan təzyiqi və digər risk faktorları ilə əlaqəli damar sisteminin zəifləməsini aşkar edə bilir.
Kompakt ölçüləri və invaziv prosedurların olmaması sayəsində bu metod gələcəkdə adi klinikalarda müntəzəm müayinələr üçün tətbiq oluna bilər.