Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Sadıq bəy Ağabəyzadə - XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda konfrans keçiriləcək
29.01.2026 14:35
  • A-
  • A
  • A+

“Sadıq bəy Ağabəyzadə - XX əsr Şərqşünaslıq elminin görkəmli nümayəndəsi kimi” mövzusunda konfrans keçiriləcək

16-17 mart 2026-cı il tarixlərində Bakı şəhərində Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, beynəlxalq səviyyədə nüfuzlu şərqşünas alim Sadıq bəy Ağabəyzadənin 160 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

I Dünya müharibəsinin iştirakçısı, general-mayor, Azərbaycan Cümhuriyyəti dövrü tanınmış dövlət xadimi Sadıq bəy Ağabəyzadə (1865-1944) eyni zamanda görkəmli şərqşünas alim - ərəb, fars, türk dilləri üzrə mütəxəssis, Polşa şərqşünaslıq elmində xüsusi yeri olan Lvov elmi məktəbinin yaradıcılarından biri kimi şöhrət tapmışdır. Ömrünün son onilliklərini mühacirətdə yaşamış və elmi fəaliyyət göstərmiş Sadıq bəy Ağabəyzadənin keçdiyi uzun və mürəkkəb həyat yolunun öyrənilməsi, həmçinin zəngin yazılı irsinin toplanması və araşdırılması sahəsində istər xaricdə, istərsə Azərbaycan Respublikasında bir sıra işlər görülmüşdür. 160 illik yubileyi qarşısında onun Polşanın müxtəlif elmi müəssisələrində - Polşa Elmlər Akademiyası, Krakov və Vroslav universitetinin arxiv fondlarında saxlanılan sənədlərinin surətlərinin Azərbaycana gətirilməsi və AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində Azərbaycan arxivlərində saxlanılan digər sənədlərlə bərabər vahid “Sadıq bəy Ağabəyzadə Fondu”nda yerləşdirilməsi həyata keçirilmişdir və bu proses hələ də davam edir.

Sadıq bəy Ağabəyzadənin 160 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın iki mərhələdə keçirilməsi nəzərdə tutulub. Sadıq bəy Ağabəyzadənin əsas elmi irsi saxlanılan Polşa Elmlər Akademiyası Arxivinin, Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi və Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə 29 may 2025-ci il tarixində Krakov şəhərində Azərbaycan alimlərinin iştirakı ilə “Sadıq bəy (1865-1944). İki xalqın xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın Azərbaycanda keçiriləcək ikinci mərhələsinin 2026-cı ilin əvvəllərində təşkili məqbul sayılıb.

Konfransın təşkilatçıları:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;

AMEA RH aparatı Elmi İrs Mərkəzi;

Polşa Elmlər Akademiyası;

Krakov Yagellon Universitetinin Şərqşünaslıq fakültəsi;

Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzi.

Konfransın məqsədi:

Sadıq bəy Ağabəyzadənin Azərbaycanın hərbi, dövlət xadimi və şərqşünas alim kimi zəngin irsinin araşdırılması və tanıdılması;

Şərqşünaslıq elminin yaxın tarixi və müasir dövrdə qarşısında duran problemlərin müzakirəsi.

Konfransın dili: Azərbaycan, türk, ingilis, rus

Konfransın mövzu istiqamətləri:

I.      Sadıq Bəy Ağabəyzadənin həyat və yaradıcılığı.

- Sadıq bəy Ağabəyzadənin hərbi xidmət dövrü fəaliyyət sahələri;

- Sadıq bəy Ağabəyzadə ADR dövrü Azərbaycanda polis sisteminin qurucusu kimi;

- Sadıq bəy Ağabəyzadənin yazılı irsi Azərbaycan siyasi mühacirətinin öyrənilməsində mənbə kimi;

- Sadıq bəy Ağabəyzadə şərqşünas alim – türk, ərəb, fars dillərində dərsliklərin, lüğətlərin və digər elmi araşdırmaların müəllifi kimi;

II.        Şərqşünaslıq elmi yaxın tarixdə və müasir dövrün çağırışları qarşısında.

- Şərqşünaslıq elminin yaranmasını şərtləndirən amillər;                

- Türkologiya; İranşünaslıq; Ərəbşünaslıq;

- Hərbi şərqşünaslıq, onun Cənubi Qafqaz Yaxın Şərq tarixinin öyrənilməsində rolu;

- Şərqşünaslıq elmi, onun Mənbəşünaslıq və Mətnşünaslıq sahələri;

- Azərbaycan şərqşünaslığı: yaranması, istiqamətləri və inkişaf mərhələləri;

- Polşa şərqşünaslıq məktəbi və onun görkəmli simaları;

- I Türkoloji qurultay. Bakı 1926. Şərqşünaslıq elmi yanaşmasında;

- Müasir dövrdə Şərq anlayışı, Şərqşünaslıq elminin tədqiqat dairəsi və predmeti;

- Şərq və Qərb anlayışları postmodernizm dövründə;

- Orientalizm Oksidentalizm: siyasi təfəkkürdə, mədəniyyətdə incəsənətdə;

- Dinlər arası qarşıdurma və dialoq: toqquşan mövqelər və qarşılıqlı addımlar;

Hərb və sülh: qloballaşmanın alternativ yolları.

Təşkilat Komitəsinin ünvanı:

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;

AMEA Rəyasət Heyəti aparatı Elmi irs şöbəsi.

Konfransda iştirak formaları :

a) şəxsən;

b) tam zamanlı onlayn çıxış (və ya onlayn yayım üçün təşkilatçıya çıxışın videoyazısının təqdim edilməsi);

c) müzakirələrdə dinləyici;

d) yazışma - məruzənin tədbirin proqramına daxil edilməsi və nəşrin konfrans materialları toplusunda yerləşdirilməsi;

Konfrans tezislərinin təqdim edilməsi üçün tələblər:

Nəzərdə tutulan məruzələrin tezisləri (300-400 söz, şrift: Times New Roman, 12). Tezislərdə mövzunun və müəllifin adı, elmi dərəcəsi, yaşadığı ölkə, çalışdığı elmi müəssisə və elektron ünvanı göstərilməlidir.

Önəmli tarixlər və məlumatlar:

Tezislərin göndərilməsi üçün son tarix: 15.02.2026

Konfransın nəticələrinə əsasən konfrans materialları toplusu nəşr olunacaq. Konfransda iştirak ödənişsizdir!

Konfransda xarici iştirakçıların xərcləri (səfər və yaşayış) qonaqların öz hesabınadır.

Tezislər Konfransın Təşkilat Komitəsinin Katibliyinin e-poçt ünvanına göndərilməlidir: konfransagabeyzade160@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: