Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişi AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun 100 illiyinə həsr edilib
17.02.2026 14:15
  • A-
  • A
  • A+

“Vətənim” verilişi AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun 100 illiyinə həsr edilib

Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti  buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən veriliş bu dəfə görkəmli şərqşünas alim, AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilib.

Akademik Rafael Hüseynov Azərbaycanda şərqşünaslıq elminin hər zaman yüksək səviyyədə inkişaf etdiyini, bu sahədə alimlərimizin böyük nailiyyətlər əldə etdiyini söyləyib. O, AMEA-nın müxbir üzvü Böyükağa Hüseynovun həyat və elmi fəaliyyətindən söz açaraq, 1964-cü ildə alimin müəllifi olduğu kitabda ilk dəfə Azərbaycan şərqşünaslıq elmi və təhsilinin keçdiyi yolun geniş təsvir edildiyini bildirib.

Diqqətə çatdırılıb ki, Böyükağa Hüseynov 7 mart 1926-cı ildə Bakıda anadan olub. Kiçik yaşlarında atasını itirib, əmisinin himayəsində yaşayıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub və İran filologiyası şöbəsini seçib. Sonra Moskva Şərqşünaslıq İnstitutunun İran şöbəsində təhsilini davam etdirib. O, 1949-cu ildə təhsilini İran üzrə referent-tərcüməçi ixtisası ilə başa vurduqdan sonra, bir neçə il hərbi sahədə çalışıb. Daha sonra Bakıya qayıdan Böyükağa Hüseynov Elmlər Akademiyasının Dilçilik İnstitutunda işə qəbul edilib.

"Sonralar bir yerdə çalışacağımız, yalnız bir institutda deyil, hətta eyni "İran filologiyası" şöbəsində işləyəcəyimiz Böyükağa Hüseynovu əslində mən qiyabi olaraq uşaqlıq illərindən tanımışam", - deyən akademik Rafael Hüseynov alimin 1961-ci ildə çapdan çıxmış  "Rəvayətli ifadələr" kitabından bəhs edib.

Akademik Rafael Hüseynov qeyd edib ki, Böyükağa Hüseynov 13 il siyasi vəzifələrdə, partiya işində çalışıb. Ancaq alimin ürəyi elmlə olub və ədəbiyyat onu özünə doğru çəkib. 14-15 yaşlarından, hələ ədəbiyyat və elm yolunu tutmasından xeyli əvvəl şeirlər yazmağa başlayıb. Bütün ömrü boyu şeir yazsa da, Böyükağa Hüseynov əsla şairlik iddiasında olmayıb. Bütün yazdıqlarını 1966-cı ilin avqustunda imkan daxilində toplamağa başlayıb və yığa bildiklərini ayrıca bir toplu kimi cildlətdirib.

"1960-1961-ci illər Böyükağa Hüseynovun siyasi karyerasında əlamətdar dövr olub. Əvvəlcə Moskvada, Kremldə ona vəzifə verilməsi, ardınca isə Asiya Xalqları İnstitutuna məsul işə gətirilməsi, gələn kimi baş elmi işçi təyin edilməsi azərbaycanlıların Moskvada yüksək vəzifələrdə barmaqla sayılacaq qədər az olduğu bir zamanda, əlbəttə ki, fərəhləndirici uğur idi. Böyükağa Hüseynov elə Moskvada olduğu dövrdə - 1962-ci ildə "Mütərəqqi fars poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə edib. O, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini, 1980-ci ildə isə professor elmi adını alıb. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Böyükağa Hüseynov Azərbaycanda şərqşünaslıq ixtisası üzrə Elmlər Akademiyamızın müxbir üzvü seçilmiş ilk alim idi", - deyə akademik Rafael Hüseynov bildirib.

Vurğulanıb ki, Böyükağa Hüseynov respublikaya qayıdınca Elmlər Akademiyasına yönəldilib, Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor müavini təyin edilib. İnstitutda işə başlayanda ona həm də İran filologiyası şöbəsinin müdiri vəzifəsi verilib. Alim 1962-ci ildən 1981-ci ilə qədər Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda direktor müavini vəzifəsini yerinə yetirib. Sonra rəhbərlik dəyişib və akademik Həmid Araslının yerinə akademik Ziya Bünyadov gətirilib. İllərcə institutun ağırlığını çiyinlərində daşımış Böyükağa Hüseynov da vəzifəsindən gedəsi olub.

Böyükağa Hüseynovun həm də rəssam olduğunu söyləyən akademik Rafael Hüseynov onun fırçasından, rəngli qələmlərindən çıxmış portretlərin ən peşəkar rəssamların əsərlərindən geri qalmadığını bildirib. O, Böyükağa Hüseynovun fars poeziyasından tərcümələr etdiyini də diqqətə çatdırıb.

Akademik Rafael Hüseynov bildirib ki, Böyükağa Hüseynov dilimizi çox sevib. Dilə onun nəvazişli, öz övladlarına bəslədiyi məhəbbət kimi incə münasibət göstərib. O, farsdilli ədəbiyyatın uzun tarixini yaxşı bilib, fars dilinin gözəlliyindən, musiqililiyindən zövq alıb.

"Böyükağa Hüseynov duyğulu insan idi və yəqin, elə bu səbəbdən də onun şeirlərinin böyük hissəsi lirik qoşqulardan ibarətdir. Amma eyni zamanda, o, həm də zərif yumor hissli, hazırcavab, iti sözlü insan idi. Alimin "Kirpi"nin səhifələrində yer almış "Folklor və daxili xəstəliklər", "Məsələn, mən", "Qonşular", "Prinsipsiz demaqoq" kimi yumoristik hekayələrinin hər biri kəsərli ictimai məzmunundan əlavə müasir satira dilimizin diqqətəlayiq örnəkləri kimi əhəmiyyətlidir. Böyükağa Faiqin nəsr dili nə qədər rəvan, nə qədər cazibədardırsa, onun satirik şeirlərinin sağlam əruzlu və duz-istiot qatışıq istehzalı, rişxəndli, eyhamlı dili bir o qədər çəkicidir", - deyə akademik Rafael Hüseynov əlavə edib.

O, Böyükağa Hüseynovun şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən söz açıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: