Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda konfrans keçiriləcək
20.02.2026 12:15
  • A-
  • A
  • A+

“Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda konfrans keçiriləcək

8 iyun 2026-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş “Xaqani Şirvani 900 – Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2026-cı il tarixində dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Xaqani Şirvani irsinin milli-mədəni yaddaşımızdakı yerini bir daha təsdiq etməklə yanaşı, onun zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xaqani Şirvani XII əsr Azərbaycan və ümumən Şərq ədəbi fikrinin ən qüdrətli nümayəndələrindən biridir. Onun qəsidələri, qəzəlləri və xüsusilə “Töhfətül-İraqeyn” əsəri poetik sənətkarlıqla fəlsəfi-idraki dərinliyin vəhdətini nümayiş etdirən nadir ədəbi nümunələrdir. Xaqani yaradıcılığı yalnız yüksək bədii-estetik keyfiyyətləri ilə deyil, həm də zəngin ictimai-mədəni məzmunu, intellektual tutumu və irfani qatları ilə seçilir.

Şairin poetik irsi mürəkkəb obrazlar sistemi, dərin metaforika, zəngin simvolika və klassik Şərq elmi-fəlsəfi ənənəsi ilə sıx bağlılığı ilə fərqlənir. Onun yaradıcılığı dövrünün ictimai-siyasi mühitini, mənəvi axtarışlarını və mədəni-intellektual panoramasını əks etdirən qiymətli qaynaq olmaqla yanaşı, sonrakı əsrlərdə Şərq ədəbi mühitinə güclü təsir göstərib.

Əsrlər keçsə də, Xaqani poeziyası öz aktuallığını və estetik cazibəsini qoruyub saxlamışdır. Onun söz dünyası yalnız ədəbi irs deyil, həm də yüksək mənəvi dəyərlərin, idrak və kamillik axtarışının poetik ifadəsidir. Bu baxımdan Xaqani irsinin müasir elmi kontekstdə araşdırılması, mətnşünaslıq, ədəbi-nəzəri və fəlsəfi aspektlərdən yenidən dəyərləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Dünya miqyasında mənəvi dəyərlərin sarsıldığı, müharibə və qarşıdurmaların artdığı bir dövrdə klassik irsimizə qayıdış, xüsusilə Xaqani kimi mütəfəkkir şairlərin irsinin öyrənilməsi və təbliği bəşəri dəyərlərin, humanizm və ədalət ideallarının möhkəmləndirilməsi baxımından olduqca vacibdir.

Xaqani Şirvani Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli söz sərvətlərindəndir. Onun zəngin ədəbi-fəlsəfi irsi milli kimliyimizin, mədəni yaddaşımızın və ədəbi təfəkkürümüzün mühüm dayaqlarından biri kimi daim yaşayacaq və yeni nəsillərə yol göstərəcəkdir.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur:

- Mətnşünaslıq;

- Mənbəşünaslıq;

- Tarixşünaslıq;

- Ədəbiyyatşünaslıq;

- Folklorşünaslıq;

- Türkologiya;

- Fəlsəfə və teologiya;

- Mədəniyyətşünaslıq.

Konfransın mövzuları

- Xaqani Şirvaninin ədəbi irsi və müasir tədqiqlər;

- Xaqani yaradıcılığının sənətkarlıq xüsusiyyətləri;

- Xaqani yaradıcılığında milli və ümumbəşəri mənəvi dəyərlər;

- Xaqani əsərlərinin dünya dillərinə tərcüməsi və yayılma coğrafiyası;

- Şirvanşahlar dövrü və Xaqaninin həyatı;

- Azərbaycan xaqanişünaslığı: dünən və bu gün – problemlər və perspektivlər;

- Xaqani irsinin tədrisi və metodoloji yanaşmalar;

- Dünya ədəbiyyatşünaslığında Xaqani yaradıcılığı;

- Xaqani Şirvani əsərlərinin mətnşünaslıq və ədəbi-fəlsəfi problemləri;

- Xaqani yaradıcılığında poetik dil, simvolika və metaforik sistem;

- Ümumşərq Divan ədəbiyyatında Xaqaninin yeri.

Xaqani irsi ilə bağlı digər aktual mövzularda təqdim olunmuş tezislər də təşkilat komitəsi tərəfindən dəyərləndiriləcəkdir.

Tezislərin qəbuluna dair tələblər:

- Tezislər Azərbaycan və ya ingilis dilində yazılmalıdır.

- Tezislərin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: xaqanishirvani900@gmail.com

- Tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və mail ünvanı göstərilməlidir.

- Tezisin həcmi 250-300 söz olmalıdır.

Məruzələrin tam mətni üçün tələblər:

- Azərbaycan, türk, və rus dilində olan məqalələrə ingiliscə də xülasə yazılmalıdır.

- Məqalələrin mətni A4 formatda, 12 ölçülü hərflərlə, yuxarıdan, aşağıdan, soldan 2 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: xaqanishirvani900@gmail.com

- Məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və email ünvanı göstərilməlidir;

- İstinadlar APA sisteminə uyğun olaraq verilməlidir.

- Məqalələrin həcmi 4000 sözdən artıq olmamalıdır.

 Önəmli tarixlər:

Tezislərin qəbulunun son tarixi: 01.04.2026

Qəbul olunan tezislərin elanı: 21.04.2026

Məqalələrin tam mətninin qəbulu: 08.05.2026

Simpoziumun keçiriləcəyi tarix: 08.06.2026

Əlaqə telefonu: (+994 50) 541 78 84

E-mail: xaqanishirvani900@gmail.com

  • Paylaş: