XIV yüzillik türk xalqlarının, xüsusilə Azərbaycan xalqının ədəbi-bədii fikir tarixində intibah dövrü kimi xarakterizə olunur. Bu dövr ana dilli abidələrin kəmiyyət və keyfiyyət baxımından artımı, ədəbi dilin struktur-semantik səviyyədə sabitləşməsi ilə əlamətdardır. Filoloji tədqiqatlar təsdiq edir ki, XIII-XIV əsrlərdə Şərqi Anadolu coğrafiyası Azərbaycan ədəbi dilinin əsas inkişaf özəyi və formalaşma mərkəzi rolunu oynamışdır. Qazi Bürhanəddin, İmadəddin Nəsimi və Suli Fəqih kimi klassiklərin yaradıcılıq irsi ilə bərabər, bu dövrün dil mənzərəsini tamamlayan ən mühüm simalardan biri də Ərzurumlu Mustafa Zərirdir. Zərir nəinki bədii yaradıcılığı, həm də dövrünün fiqh, hikmət və şəriət elmlərinə dərindən bələd olan bir mütəfəkkir kimi Azərbaycan dilində ilk nəsr və tərcümə əsərlərinin təməlini qoymuşdur.
Mustafa Zəririn yaradıcılığının şah əsəri hesab olunan “Siyərün-Nəbi” abidəsi Məmlük sultanı Əl-Mənsur Əlaəddin Əlinin sifarişi ilə Qahirədə qələmə alınmışdır. Əsər İslam peyğəmbərinin həyatını (siyər janrını) ana dilində həm nəzm, həm də nəsr elementləri ilə təqdim edən kompleks bir abidədir. Dilçilik nöqteyi-nəzərindən bu əsərin əhəmiyyəti onun XIV əsr Azərbaycan dilinin leksik-semantik və fonetik xüsusiyyətlərini arxaik və orijinal formada qoruyub saxlamasındadır; 2-ci cildin əlyazması bu gün Süleymaniyyə kitabxanasında “Fatih 4272” şifrəsi ilə saxlanılır, nəsx xətti ilə qara mürəkkəblə köçürülmüş, başlıqlar isə qırmızı ilə yazılmış, 165 vərəqdən ibarət koddur.
Abidənin elmi dövriyyəyə daxil edilməsi və müasir filoloji tələblərə uyğun tədqiqi sahəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Vahidə Cəfərzadənin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Alim tərəfindən həyata keçirilən transfoneliterasiya prosesi əsərin yuxarıda göstərilən nüsxəsi əsasında aparılmışdır.
Əsərin dilində müasir ədəbi dildən çıxmış, amma dialekt və şivələrdə, habelə digər oğuz dillərində yaşayan bir sıra türk semantik arxaizmlər – bilişlik (tanışlıq, dostluq), əbə (mamaça), qızlıq (qıtlıq, qəhətlik), qırnaq (kəniz, cariyə), saçu (toy zamanı səpilən inci, pul və s.) kimi isimlər, dəgmə, oñat tipli sifətlər, netə, nəsi, nənün kimi sual əvəzlikləri, eləcə də əsənləmək, əsləmək, günüləmək, veribimək kimi feillər geniş şəkildə işlənir və leksik təbəqələnmənin tarixi qatlarını üzə çıxarır. Xüsusilə, türkmənşəli sözlərin imlasında “sağır nun” (ñ) səsinin, həmçinin qədim yazı ənənəsini əks etdirən qrafik variantların işlədilməsi dövrün fonetik sisteminin rekonstruksiyası üçün qiymətli material təqdim edir; məsələn, yürək, yıl, yigit, yıldırım, yılduz kimi formalar, eləcə də yuxaru/yuqaru, ayaqqabı/ayağqabı, oxumaq/oqumaq kimi paralel yazılışlar qədim oguz fonetik modelinin canlı izlərini saxlayır. Fonetik planda “y” samitinin söz əvvəlində qorunması (yürək, yıl, yigit), d>t, b>p, ğ>q tipli əvəzlənmələr, metateza hadisələri (dəprən, topraq və s.) və saitlərin o>a, e>ə kimi tarixi dəyişmə modelləri sistemli şəkildə təsbit olunur ki, bu da “Siyərün-Nəbi”ni həm arxaik leksika, həm də qrammatik-fonetik xüsusiyyətlər baxımından Azərbaycan yazılı ədəbi dilinin formalaşma mərhələsini əks etdirən nadir mənbəyə çevirir.
Əsərdə, həmçinin ümumxalq dili bazasında formalaşmış çoxsaylı frazeologizmlər – “köñlüni ələ almaq”, “canına od düşmək”, “dövlət yüz göstərdi”, “bağırları həsəd odına bişdi” və s. – mətnin ekspressiv-emosional yükünü artırmaqla yanaşı, qədim frazeoloji sistemin bərpasına imkan verir.
Əsərdəki dini terminologiyanın təbəqələnməsi xüsusilə diqqətəlayiqdir: Müqərrəbi-həzrət, Şəfii-ümmət, Mənbəül-həqaiq, Əfzəlül-xəlaiq, Nuri-hidayət, Hökmi-möhkəm, Axirüz-zəman, Xatimər-rüsul kimi ərəb-fars mənşəli mürəkkəb ifadələr peyğəmbərin məqamını, Allahın sifətlərini və esxatoloji təsəvvürləri ifadə edən sabit terminoloji sıra yaradır.
Bu terminlər bir tərəfdən obrazların dilindəki mədhiyyələrdə Qurani sitatlarla səsləşir, digər tərəfdən isə dəlil–bürhan–hüccət, nəbi–rəsul–mürsəl–peyğəmbər kimi ardıcıl sinonimik zəncirlərdə məntiqi-sübutlayıcı dini leksikanın necə işlək olduğunu nümayiş etdirir.
Əsərdə, həmçinin cəllə cəlalühü, səllallahu əleyhi və səlləm, əleyhissəlam, radiyallahu anhu kimi ənənəvi dini formulların ixtisarla (c.c., s.ə.s., ə., r.a. və s.) verilməsi, apostroflu ərəb-fars sözlərinin mənanın düzgün anlaşılması üçün orijinal qrafik formasında saxlanılması müəllifin həm mənbə dillərinə, həm də ana dilinin daxili imkanlarına bələd bir nasir və tərcüməçi kimi dini mətnlərlə xalq dili arasında dil baryerlərini aşmaq məharətini aydın şəkildə təsdiq edir.
“Siyərün-Nəbi” əsərinin yeni nəşri Azərbaycan türkologiyasına mühüm bir töhfədir. Mustafa Zəririn dili, klassik Azərbaycan nəsrinin estetik və linqvistik prinsiplərini özündə birləşdirərək, sonrakı əsrlərin ədəbi dili üçün baza rolunu oynamışdır. Vahidə Cəfərzadənin bu fundamental tədqiqatı isə unudulmuş və ya əlyazma şəklində qalmış milli sərvətlərimizin bərpası və gələcək nəsillərə ötürülməsi baxımından böyük elmi-mədəni aktuallıq kəsb edir.
Xədicə HEYDƏROVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.