Mədəniyyət kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən veriliş bu dəfə XII əsr Azərbaycan şairi Tacəddin Əmir Əhmədə həsr edilib.
Akademik Rafael Hüseynov qeyd edib ki, Azərbaycanda XI-XII əsrlərdə yaşamış sənət adamlarının hər biri təkcə böyük söz ustası deyil, məktəb yaratmış görkəmli şəxsiyyətlərdir. Həmin çağlardan 7-8 əsr sonra qarşımıza çıxan indiyədək öyrənilməmiş əlyazmalar bunu sübut edir. XI əsrin sonu, XII əsrdə yaşamış böyük söz ustalarından biri də Tacəddin Əmir Əhməddir. Şair haqqında haqqında ötəri biliklərimiz var.
"XII əsr ədəbiyyatımızdan söz açdıqda şair Tacəddin Əmir Əhmədin yaradıcılığını qeyd etmək mütləqdir", - deyən akademik Rafael Hüseynov Şərqdə təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi Sənai Qəznəvinin Tacəddin Əmir Əhmədi ustad kimi qəbul etdiyini, öz nəzirəsində şairin şeirindən bəhrələndiyini bildirib. Qeyd edib ki, həmin əsrdə Tacəddin Əmir Əhməd böyük ustad, məktəb sayılıb.
XII əsrin Gəncə ədəbi mühiti haqqında təsəvvürümüzün aydın olmadığını söyləyən Rafael Hüseynov həmin əsrin görkəmli söz ustadı olmuş Tacəddin Əmir Əhmədin izi ilə irəliləməyin vacibliyini vurğulayıb. Bildirib ki, Tacəddin Əmir Əhməd haqqında ortada qaynaqlar çox azdır. Şair XI əsrin axırlarında dünyaya gəlib, təqribən 1130-cu illərdə vəfat edib. Tacəddin Əmir Əhmədin ömür yolu haqqında məlumat alacağımız qaynaq XII əsrdə yaşamış, "Zərgər" təxəllüsü ilə tanınan Cövhəri Təbrizinin əsəridir. Onun "Məhsəti və Əmir Əhməd" dastanının əldə olan nüsxələri XV-XVI yüzillərin məhsuludur. Həmin nüsxələr İranda, Böyük Britaniyada və Azərbaycanda muzeylərdə saxlanılır. Onlardan ən mükəmməli Böyük Britaniyada saxlanılandır, həmin nüsxənin özəlliyi isə orada miniatürlərin də yer almasıdır.
Diqqətə çatdırılıb ki, Azərbaycandakı bu nüsxəni ilk dəfə araşdıran yazıçı Məmməd Səid Ordubadi olub. Bu böyük nasir İrəvanlı zəncinin kitabxanasında olan "Məhsəti və Əmir Əhməd" dastanının əlyazma nüsxəsini araşdırır, "Qılınc və qələm" əsərində dastanın müəyyən hissələri istifadə edir. "Məhsəti və Əmir Əhməd" dastanının əlyazmasını vərəqlədikcə orada Tacəddin Əmir Əhmədin adına rast gəlinir.
“Vətənim” verilişini buradan izləyə bilərsiniz.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.