Novruzun ilk günlərində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərovanın elmi ictimaiyyətə təqdim etdiyi üçcildlik “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti” (I və II cild) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük hürufi şairi İmadəddin Nəsiminin poetik dilinə həsr olunmuş ilk fundamental və genişmiqyaslı müəllif lüğətidir. Sözügedən tədqiqat əsəri klassik leksikoqrafik modelin hüdudlarını aşaraq, Nəsimi poeziyasının leksik-semantik sistemini ensiklopedik və çoxqatlı şərh prinsipi əsasında elmi dövriyyəyə daxil edir. Əsərin konseptual yeniliyi ondan ibarətdir ki, hər bir lüğət maddəsi yalnız fərdi bir vahid kimi deyil, birbaşa mətn daxilindəki kontekstual mənanın interpretasiyasına xidmət edən semantik açar funksiyasını yerinə yetirir.
Hazırda I və II cildləri nəşr olunmuş bu lüğət müfəssəl leksikoqrafik tipologiyaya aid olmaqla, şairin anadilli irsini tam şəkildə ehtiva edir. Ümumilikdə, 5113 baş sözün daxil edildiyi lüğətdə Nəsimi dövrünün ümumişlək leksikası ilə yanaşı, din, fəlsəfə, musiqi, botanika, tibb və nücum kimi müxtəlif elm sahələrinə dair terminoloji qatlar, habelə onomastik vahidlər geniş ensiklopedik şərhlərlə əks olunmuşdur. Əsərdə leksik vahidlərlə bərabər, Qurani-Kərimdən 343, hədislərdən isə 19 iqtibasın verilməsi, həmçinin sərbəst söz birləşmələri, izafətlər, 335 frazeoloji ifadə, 19 atalar sözü və müxtəlif paremioloji vahidlərin xüsusi işarələrlə sistemləşdirilməsi tədqiqatın elmi dəyərini daha da artırır. Lüğətin ən səciyyəvi xüsusiyyəti isə sözlərin ilkin denotativ mənası ilə yanaşı, onlara yüklənmiş təsəvvüfi və hürufi anlamların elmi-ardıcıl təqdimatını təmin etməsidir ki, bu da orta əsrlər poetik mətnlərinin mahiyyətinin dərki baxımından müstəsna əhəmiyyət kəsb edir.
Mənşə baxımından Nəsiminin dilində ərəb mənşəli sözlər çoxluq təşkil edir ki, bunlar da əsasən şairin dini görüşlərindən qaynaqlanan Quran terminləri və iqtibaslarıdır. Həmin ifadələr şairin bədii təxəyyülü və hürufi təvili süzgəcindən keçərək fərdi yaradıcılıq üslubunda yeni poetik məna qazanmışdır. Müqayisə imkanı yaratmaq məqsədilə lüğət məqalələrinə həmin hədis və ayələrin orijinal mətni ilə yanaşı tam tərcüməsi də daxil edilmişdir ki, bu da əsərin elmi dəyərini əhəmiyyətli dərəcədə artırır.
Lüğətin hazırlanmasında əsas mənbə kimi Həmid Araslının tərtib etdiyi “İmadəddin Nəsiminin seçilmiş əsərləri”nin 2004-cü ildə çap olunmuş ikicildlik nəşrindən istifadə edilmişdir. Nəsimi şeirlərindəki Quran ayələri ilə müqayisə zamanı müşahidə olunan leksik-orfoqrafik fərqliliklər Qurani-Kərimin elmi transkripsiya prinsipləri əsasında dəqiqləşdirilmiş, Quranın orijinal orfoqrafiyası əsasında vahid şəkildə verilmiş, hər bir dəyişiklik barədə isə müvafiq izahat əlavə edilmişdir.
Xüsusi diqqətə layiq olan digər məqam orta əsr Azərbaycan türkcəsindəki birinci və ikinci şəxsin təkində yönlük hal formalarına – “mana”, “bana”, “sana” əvəzliklərinə münasibətdir. Müasir nəşrlərdə bu formalar “mənə”, “bənə”, “sənə” şəklinə salınmışdır. Lakin lüğətdə tarixi dil materialının xüsusiyyətlərini qorumaq məqsədilə həmin əvəzliklər ilkin tarixi variantlarında saxlanılmışdır.
Müqayisəli təhlil aparmaq üçün bir sıra əlavə mənbələrdən də istifadə edilmişdir: Cahangir Qəhrəmanovun rəhbərliyi ilə 1973-cü ildə əski əlifba ilə nəşr olunmuş üçcildlik “İmadəddin Nəsimi”, 1970-ci ildə işıq üzü görmüş “Nəsimi divanının leksikası”, Təbriz arxivində saxlanılan “Divani-türki” əlyazması və Qəzənfər Paşayevin “İraq divanı”nın transliterasiyası və s. Müqayisələr zamanı aşkar edilən əlyazma fərqlilikləri lüğətdə müvafiq beytlərin yanaşı təqdim olunması yolu ilə oxucunun diqqətinə çatdırılmışdır. İzahların verilməsində isə “Azərbaycan dilinin izahlı lüğəti”nin 2006-cı ildə çap olunmuş dörd cildlik nəşrindən və 1985-ci ildə nəşr edilmiş “Ərəb və fars sözləri lüğəti”ndən geniş şəkildə yararlanılmışdır.
Sonda qeyd etməyi özümüzə borc bilirik ki, bu ikicildlicildlik leksikoqrafik əsər Nəsimi irsinin tədqiqinə yeni imkanlar açacaq, ədəbiyyatsevərlərə və dilçi alimlərə dəyərli bir mənbə olacaqdır. Müəllifin uzun illər ərzində apardığı əzmkar elmi işin məhsulu olan bu lüğət, həm elmi yeniliyi, həm də əhatəliliyi baxımından həm nəsimişünaslıqda, həm də Azərbaycan leksikoqrafiyasında mühüm hadisədir.
Teyyub QULİYEV, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.