Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunan növbəti buraxılışı yayımlanıb
13.05.2026 10:14
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunan növbəti buraxılışı yayımlanıb

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında Mədəniyyət kanalında “Vətənim” verilişinin görkəmli dramaturq Cəfər Cabbarlıya həsr olunan növbəti buraxılışı yayımlanıb.

Budəfəki verilişdə XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri, görkəmli dramaturq, Əməkdar incəsənət xadimi Cəfər Cabbarlının ömür yoluna nəzər salınıb.

Akademik Rafael Hüseynov bildirib ki, Cəfər Cabbarlı ucqar bir kənddə - Bakıdan 110 kilometr aralı Xızıda dünyaya gəlmişdi. Yoxsulluq, gündəlik dolanışığı güc-bəla ilə təmin etmək bu ailədən ötrü nəsillikcə sürən aqibət idi. Cəfər çörəyi ağacdan çıxan - odunçuluqla baş girləyən ailədəki 7 uşaqdan biri idi. Cəfərin mənsub olduğu nəsildə bu uşağacan yazı-pozusu ilə tanınan, xüsusi istedadı ilə seçilənlər olmayıb.

Onun sözlərinə görə, 1905-ci ilin payızında Cəfər Bakıda, yeni açılan və müdiri Süleyman Sani Axundov olan 7-ci rus-tatar məktəbinə qəbul edilən 50 şagirddən biri olub. O, 15-16 yaşlarından püxtə qələm sahibləri cərgəsinə qatılanlardan sayılıb, yazdığı pyeslər, hekayələr, şeirlər onun adını eşidib, üzünü görməyənlərdə belə təəssürat oyadıb.

Diqqətə çatdırılıb ki, 1907-ci il aprelin 8-də "Tazə həyat" qəzetində bir məktub dərc edilib. "Cəfər Cabbarlı" imzası Azərbaycan insanına ilk dəfə orada təqdim olunub. Bu, Cəfər Cabbarlının bir neçə məktəb yoldaşı ilə birgə imzaladığı təşəkkür məktubu idi.

"7-ci rus-tatar məktəbini bitirəndən sonra Cəfər 1908-ci ildən Bakıdakı 3 saylı ali ibtidai məktəbə daxil olur. Bu məktəbdə keçirdiyi 5 il onun mükəmməl təməl biliklər almasından savayı, həm də yaxşı müəllimlər görməsinə yol açır. Daha əvvəllər də Mirzə Qədir İsmayılzadədən dərs almışdısa və bəlkə də ürəyində şeir eşqi elə o zamanlardan yaranmışdısa, burada ona dərs deyənlərin arasında Abdulla Şaiq kimi kamil müəllimliyindən əlavə, həm də şair olan bir şəxsiyyət vardı. Buradakı müəllimlərindən digəri sonralar Bakıda yaranacaq Darülmüəlliminə rəhbərlik edəcək Pənah Qasımov idi", - deyə akademik Rafael Hüseynov əlavə edib.

Verilişdə görkəmli dramaturqun Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə münasibətlərindən, 1934-cü il dekabr ayının 30-u ilk telefon danışıqlarından, eləcə də Nuru Paşa ilə tanışlığından bəhs olunub.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: