Görkəmli alim, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Mansur Mansurovun 90 illik yubileyi, arxeologiya elmi sahəsindəki fəaliyyətinin isə 65 illiyi qeyd olunur.
Mansur müəllim 15 may 1936-cı ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda (indiki Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu - Y.M.) kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Həmin ildən etibarən Azərbaycan ərazisində qədim daş dövrünə dair aparılan tədqiqatlarda iştirak etmiş, sonralar bir sıra elmi ekspedisiyalara rəhbərlik etmişdir.
1968–1970-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad şöbəsinin Arxeologiya İnstitutunun paleolit sektorunda təcrübə keçmişdir. Bu müddətdə Kubanda İlski, Vladimir şəhərində Sunqir, Gürcüstanda Kudaro paleolit abidələrinin qazıntılarında iştirak etmişdir.
1978-ci ildə tarix elmləri doktoru V.P. Lyubinin rəhbərliyi ilə Tbilisi Dövlət Universitetində “Qərbi Azərbaycanın Alt Paleoliti” mövzusunda dissertasiyasını uğurla müdafiə etmişdir.
Mansur Mansurovun əsas tədqiqatları açıq tipli düşərgələrin öyrənilməsinə yönəlsə də, 20 ildən artıq müddətdə mağara tipli düşərgələrin tədqiqində iştirak etmiş və bir sıra elmi ekspedisiyalara rəhbərlik etmişdir. 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə Qarabağda aparılan arxeoloji tədqiqatlar zamanı Azıx və Tağlar mağaraları qeydə alınmışdır. M. M. Hüseynovun rəhbərliyi altında 1960–1982-ci illərdə Azıx mağarasında arxeoloji qazıntılar həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, M. Mansurov 1961–1975-ci illərdə və 1979-cu ildə, ümumilikdə 15 il bu tədqiqatlarda iştirak etmişdir. O, həmçinin 1973–1975-ci illərdə aparılan qazıntılara dair hesabatın həmmüəllifi olmuşdur.
Azıx mağarası ilə yanaşı, M. Mansurov 1964–1967-ci illərdə M. Hüseynovun rəhbərliyi altında Tağlar mağarasında aparılan tədqiqatlarda da iştirak etmişdir. Qeyd etmək lazımdır ki, 1968–1975-ci illərdə tədqiqat işləri yalnız Azıx mağarasında davam etdirilmişdir.
1987-ci ildə M. Mansurov tərəfindən Azərbaycanın Kəlbəcər rayonunda Zar paleolit düşərgəsi qeydə alınmış və öyrənilmişdir. Aparılmış tədqiqatlar nəticəsində dörd mədəni təbəqə müəyyən edilmişdir. Zar paleolit düşərgəsində qeydə alınan bu təbəqələrdən II təbəqə Üst Paleolitin ilkin mərhələsinə, III və IV təbəqələr isə Mustye dövrünün ikinci yarısının sonlarına aid edilir.
Yuxarıda qeyd edildiyi kimi, M. Mansurovun əsas tədqiqat istiqaməti açıq tipli düşərgələrin öyrənilməsi ilə bağlı olmuşdur. Onun 60 ildən artıq müddətdə bu istiqamətdə apardığı tədqiqatlar nəticəsində aşkar edilən abidələr daş dövrünün hər üç mərhələsini əhatə edir. Alt Paleolit dövrünə dair abidələr Kür çayının həm sağ, həm də sol sahilində, Ceyrançöl ərazisində qeydə alınaraq öyrənilmişdir.
1961–1970-ci illərdə M. Mansurovun rəhbərliyi ilə Kür çayının sağ sahili boyunca, Kiçik Qafqazın şimal–şərq ətəklərinin aşağı dağlıq qurşağında aparılan tədqiqatlar nəticəsində Qədirdərə, Qayalı (Kəkildağ), Şişqüzey, Acıdərə, Aslanbəyli, Kəmərli, son illərdə Yuaxarı Salahlı düşərgələri qeydə alınmışdır.
Kiçik Qafqazın şimal–şərq ətəyi ilə Kür çayının sağ sahilinin dağlıq qurşağı arasındakı orta dağlıq zonada mövcud olmuş Aşel düşərgələrində ikiüzlü işlənmiş alətlər (çopper, kobud vurma aləti, çapacaq) az sayda, iti uclu alətlər isə nadir hallarda rast gəlinir. Əvəzində dişli–gəzli alətlər bütün çeşidləri ilə geniş təmsil olunmuşdur. Burada xammal kimi müxtəlif cinsli və rəngarəng süxurlardan (çaxmaq, raqovnik, yaşma, bazalt, slanes) istifadə edilmişdir. Bu fakt həmin bölgədə uzunmüddətli yaşayışın mövcudluğunu və insanların geniş ərazilərdə rast gəldikləri müxtəlif süxur nümunələrini buraya gətirməsini göstərir.
Bunun əksinə olaraq, Ceyrançöl qrup düşərgələrində yalnız bu mədəni zolağa məxsus yerli xammaldan — bozumtul və qara vulkan mənşəli andezit daşından istifadə olunmuşdur.
1988–1990-cı illərdə M. Mansurov tərəfindən Böyük Qafqazın cənub yamacında, Kürün sol sahilində, Ceyrançöl ərazisində Qaradüz, Qarabığ və Sarıburun düşərgələri, 2009-cu ildə isə Saqqızlı paleolit düşərgəsi aşkar edilərək öyrənilmişdir.
Kürün sol sahilində, Ağ göl ətrafındakı tirə və maili düzənliklərdə qeydə alınmış Aşel abidələrində dəhrə və çopper tipli iri ağır alətlər, qaşovlar geniş yayılmışdır. Ceyrançöl abidələrinin alətləri texniki-tipoloji xüsusiyyətlərinə görə Axalsixa və Pəri gölü ətrafında qeydə alınmış alətlərə bənzəyir. Texniki ənənə və tipoloji-morfoloji xüsusiyyətlərinə görə isə Yaxın Şərq abidələrinin daş işləmə xüsusiyyətlərinə bənzər olan Kiçik Qafqazın şimal–qərb ətəklərindəki abidələrin işlənməsindən fərqlənir.
Ağ göl ətrafı paleolit abidələri müəyyən ərazini əhatə etdiyindən və ən başlıcası spesifik alət kateqoriyalarına malik olduğundan, həmçinin ətrafdakı digər abidələrdən texniki parametrlərinə görə kəskin fərqləndiyindən, Ağ göl Aşel abidələri M. Mansurov tərəfindən “Ceyrançöl paleolit mədəniyyəti” kimi adlandırılmışdır. Bu, Azərbaycan ərazisində M. M. Hüseynov tərəfindən elmi dövriyyəyə daxil edilmiş Alt Paleolit dövrünə dair “Quruçay mədəniyyəti”ndən sonra, həmin dövrə aid ikinci lokal mədəniyyətdir.
1960-cı illərdən başlayaraq M. Mansurovun Kür çayının sağ sahili boyunca, Qazax, Ağstafa və Tovuz rayonları ərazisində apardığı kəşfiyyat işləri zamanı Qədirdərə, Qayalı, Şişquzey (hər üçü Son Aşel–Mustye mədəniyyətinə aid olunur), Çaxmaqlı, Çınqıltəpə, Marallı, Köçəsgər, Kəmərli, Yuxarı Salahlı, Dondar Quşçu düşərgələri qeydə alınaraq öyrənilmişdir.
1987–1989-cu illərdə Böyük Qafqazın cənub qolunda, Kür çayının sol sahilində, Ağ gölün şimalında (Çandar gölü), Qatar dağlarının cənub ətəyində Qarabığ Mustye məskəni, 2010-cu ildə isə Ağ göldən (Çandar) cənub-şərqdə Daşlıbel tapıntı yeri qeydə alınmış və həmin dövrə dair alətlər toplanmışdır.
Erkən Mustye dövründə Levallua üsulu sistem şəklini almış və dişli, həmçinin Levallua tipli alətlər hazırlanmışdır. Levallua texniki üsulu ilə düzəldilmiş alətlər daha zərif və nazik, uzunsov lövhəvari qəlpələrdən ibarət olmuşdur. Birinci forma daha qədim olduğu halda, ikinci forma Aşel dövrünün sonlarında meydana gəlmişdir.
İnkişaf etmiş Mustye mərhələsində uzunsov iti uclu lövhələrə və massiv qəlpələrə rast gəlinir, lakin onların müvafiq nüvələri demək olar ki, mövcud deyil. Bununla belə, Levallua əlamətli disk şəkilli, üçbucaq formalı, iki və bir vurma səthli nüvələrin orta və son işləmədə qalmış nümunələri vardır. Bu dövrdə nüvələrin ölçüləri kiçilir, vurma səthləri incə fasetlərlə işlənir. Nukleuslardan alınan hazırlıq materiallarının vurma səthləri nazikləşir, ensizləşir.
Beləliklə, bir neçə texniki üsulun tətbiqi və müxtəlif nüvə formalarının eyni düşərgə materialı tərkibində rast gəlinməsi müşahidə olunur.
Qaya yatağı, Yataqyeri, Sarı Qaznaq, Bığlı çökək kimi Üst Paleolit abidəsi aşkar və tədqiq edilmişdir
Təəssüf ki, müstəqilliyimizin ilk illərində yaşanmış sosial-iqtisadi və hərbi problemlər elmi tədqiqatlara ciddi təsir göstərmiş, arxeoloji araşdırmalarda böyük durğunluq müşahidə olunmuşdur. Yalnız 2000-ci illərdən başlayaraq müəyyən canlanma yaranmışdır. Bu dövr Mansur müəllimin çöl tədqiqatlarına da təsir göstərmişdir. Bununla belə, həmin illərdə onun bir sıra məqalələri işıq üzü görmüşdür. O cümlədən o, “Azərbaycan Arxeologiyası” toplusunun I cildinin müəlliflərindən biri olur.
2001-ci ildə M. M. Mansurov və İ. N. Əliyevin iştirakı ilə Abşeron yarımadasında, Yeni Suraxanı qəsəbəsinin cənub-şərq kənarında, Müsəlləh yeri adlanan ərazidə arxeoloji tədqiqatlar aparılmışdır. Buradan Üst Paleolitə dair nümunələr toplanmışdır.
Uzun fasilədən sonra əsaslı tədqiqatlar 2009-cu ildən başlanmışdır. Yuxarıda qeyd olunduğu kimi Alt Paleolit dövrünə aid olunan Saqqızlı, Orta Paleolit dövrünə aid olunan Yuxarı Salahlı düşərgələri, eləcə də, dəstəsi indiki Ermənistanla sərhəd xətti yaxınlığında İncəsu dərəsinin sol tərəfində, Bığlı çökək adlanan ərazidə Üst Paleolit dövrünə aid tapıntılar qeydə alınmışdır. Qazılmış şurfdan, eləcə də yer səthindən ümumilikdə 50 artefakt əldə olunmuşdur. Belə nümunələr Üst Paleolit dövrünün öyrənilməsində xüsusilə əhəmiyyətlidir.
2009–2010-cu illərdə M. M. Mansurovun rəhbərliyi ilə aparılan arxeoloji kəşfiyyat işləri zamanı Qazax rayonu ərazisində Yuxarı Salahlı, Tovuz rayonunun Dondar Quşçu kəndinin cənub-qərbində, Tovuz çayının sahilində yeni Mustye tapıntı yerləri qeydə alınmışdır.
2011-ci ildə M. M. Mansurovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyası – Cənubi Qafqaz dəstəsi – İsmayıllı rayonunda apardığı çöl tədqiqatları zamanı Tircan kəndi ərazisinin şimal-şərqində, dəniz səviyyəsindən 800–1100 m yüksəklikdə yerləşən aşağı dağlıq qurşaqda qeydə alınan Mustye tapıntı yerindən çaxmaq daşından hazırlanmış qəlpə, uc qaşov, nüvə və lövhə əldə olunmuşdur.
2011–2012-ci illərdə M.M. Mansurovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyasının Cənubi Qafqaz dəstəsi Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında çöl tədqiqatları aparmışdır. Nəticədə, qeyd olunan ərazilərdə Alt Xəzər çöküntülərindən çay daşından hazırlanmış alətlər əldə olunmuşdur.
2012–2017-ci illərdə M. M. Mansurovun rəhbərliyi ilə Paleolit arxeoloji ekspedisiyasının Qax, Balakən və Zaqatala dəstəsinin apardığı tədqiqatlar çərçivəsində Xorqaya, Taprakül (Qax rayonu), Cimcimax (Zaqatala rayonu), Yastıdaş və Mahamalar (Balakən rayonu) mağaraları və sığınacaqları qeydə alınmış, Xorqaya mağarasında və Cimcimax sığınacağında geniş arxeoloji qazıntılar aparılmışdır.
Dəniz səviyyəsindən 1400 m yüksəklikdə yerləşən Xorqaya mağarasında 2012–2013 və 2015–2016-cı illərdə aparılan tədqiqatlar zamanı yeddi təbəqə müəyyən olunmuşdur. Əldə olunmuş materiallar Erkən və Orta Aşel dövrünə aid edilir. Xorqaya mağarasının VII təbəqəsində burğu tipli alət, mişar dişli alət, qismən işlənmiş çapacaq, çopper–qiqantolit və makro-çopper aşkar olunmuşdur. M. M. Mansurov VI–VII təbəqələrdən əldə olunmuş alətlərin hazırlanma üsulu və formalarına görə Azıx mağarasının VIII–X təbəqələrindəki artefaktlarla morfoloji və ikinci işlənmə xüsusiyyətlərinə görə oxşar olduğunu qeyd etmişdir. Xammal kimi çaxmaqlaşmış əhəngdaşı, felzit daşı və təbii çay daşından istifadə olunmuşdur ki, bu hal Saqqızlı və Qara Deyin düşərgələrində də müşahidə edilmişdir. VI təbəqədə isə əsasən argilit və çay daşından istifadə olunmuşdur.
2013-cü ildə Xorqayadan şimal-şərqdə yerləşən Taprakül qayaaltı sığınacağında şurf qazılmış və üç təbəqə qeydə alınmışdır. III təbəqədə qalınlığı 30 sm-ə çatan ocaq yeri, onun ətrafında isə nüvə qalığı və ucu çıxıntılı alət aşkar olunmuşdur.
2013-cü ildə Zaqatala rayonunun Cimcimax kəndindən cənub-qərbdə, Dindiçayın sağ sahilində, dəniz səviyyəsindən 900 m yüksəklikdə yerləşən Cimcimax qayaaltı sığınacağında tədqiqatlara başlanmışdır. Sığınacağın hündürlüyü 12–13 m, uzunluğu 18 m, eni isə 5 m təşkil edir. Burada qoyulmuş şurfda beş təbəqə qeydə alınmışdır. Tapıntı yerindən Orta Aşel dövrünə aid klassik kompleksə — nüvə, çopper, qaşov, qəlpə, bıçaq və uclu qaşov kimi daş məmulatları aşkar olunmuşdur.
2016-cı ildə Cimcimax kəndindən şimal-şərqdə yerləşən Yastıdaş qayalığında tədqiqatlara başlanmış və üç təbəqə qeydə alınmışdır. Tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.
2016–2019 və 2022–2023-cü illərdə Damcılı mağarasında Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən tədqiqatlar aparılmışdır. M. M. Mansurov 2016–2019-cu illərdə iştirak etməklə yanaşı, 2019-cu ildə tədqiqatlara Azərbaycan tərəfindən həmrəhbərlik etmişdir.
M. M. Mansurov 2024-cü ildə Y. V. Məmmədovun rəhbərliyi ilə “Qazax paleolit arxeoloji ekspedisiyası”nın Qazax–Ağstafa rayonları ərazisində apardığı arxeoloji kəşfiyyat işlərində də iştirak etmiş, öz dəyərli töhfələri ilə bu tədqiqatlara yön vermişdir.
M. M. Mansurovun 65 illik elmi fəaliyyəti dövründə 100-dən artıq elmi məqaləsi nəşr olunmuş, həmçinin “Azərbaycan arxeologiyası” çoxcildliyinin birinci cildinin müəlliflərindən biri olmuşdur. Bununla yanaşı, 2020-ci ildə qərb bölgəsində apardığı tədqiqatların əsas yekunu olan “Qərbi Azərbaycanın Alt Paleoliti” adlı monoqrafiyası işıq üzü görmüşdür. Damcılı mağarasında aparılan tədqiqatların nəticələrinə həsr olunmuş və 2025-ci ildə İngiltərədə nəşr edilmiş “Damcılı mağarası. Cənubi Qafqazda son pleystosendən holosen dövrünədək bəşəriyyətin tarixinin tədqiqi” adlı monoqrafiyanın bir fəslinin həmmüəllifidir.
Qeyd etmək lazımdır ki, 2026-cı il aprelin 13–14-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu” və “Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun birgə təşkilatçılığı ilə görkəmli alim, paleolitşünas, Dos. Dr. Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə–Qazax bölgəsinin arxeoloji və etnoqrafik tədqiqinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan və Almaniyadan olan alimlərin iştirakı ilə keçirilən konfransda 70-dən artıq məruzə dinlənilib.
Böyük alimə sağlam uzun ömür və elmi fəaliyyətində uğur arzu edirik.
Yaqub Məmmədov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıсı elmi işçi, tarix üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.